Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Düzəlməyin Gəncə ləhcəsi…

"haha.. Kürdəmir".

İnanıram ki, ordan keçəndə ciddi məşğul deyilsə, heç kəs Kürdəmirə aid zarafat ərməğanını əsirgəməz. Yolumuz PFL-in layihəsi çərçivəsində Gəncəyədir…

Nə olar ki, Kürdəmirə kreativ icra hakimi təyin olunardı, o da yolboyu "Bığ restoranı" və səhralıq mövzularından savayı danışılacaq nələrsə yaradardı.

Zarafatların tutarlısı, uğursuzu ilə birlikdə – rayonun adı hazır marketinq məhsuludur.

Sadəcə, əvvəlcə yolkənarı pozitiv sloqan posterləri yerləşdirməklə kütləvi maraq yaradırsan.
Sosial şəbəkələr və mediadan bu layihənin kütləvi arealını daha da böyüdürsən.
Sonra Yaponiya, İspaniya, Kanada, elə qonşu Türkiyə kimi turizm sahəsində layihələrin hazırlanması, icrasını və hətta istismar planını hazırlayan məşhur şirkətləri dəvət edib, başlayırsan məsələn, "Kürdəmir – bura istidir" adlı turizm zonası yaratmağa.
Dövlət büdcəsi də, kürdəmirlilər də, digər azərbaycanlılar da burdan bəhrələnirmi – əlbəttə!

Antalya da Türkiyənin Kürdəmiri idi, vaxtilə oranı turizm cənnətinə çevirməkçün iş adamlarına dövlət tərəfindən güzəştli şərtlər oranı dünyanın ən məşhur turistik yerlərindən birinə çevirdi. Kürdəmirin yeganə fərqi dəniz sahilində olmamasıdır. Kİ, bu problemi aradan qaldırmaq – süni dəniz yaratmaq müşkül deyil.

*** *** ***

Jurnalistləri "Kəpəz" – "Qəbələ" qarşılaşması üçün daşıyan avtobus Kürdəmirdən bir az o yanda – "Çıraq" restoranında saxlayır.

Səhər yeməyi yeyəcəyik.

22 nəfərin restorana yaxınlaşdığını görən restoranın işçi qüvvəsi, administratoru, elə bil, panikaya düşür. Hələ qonaqların məttəl baxışları… "Niyə bu qədər adam gəldi ki?" sualı ilə silahlanmış nəzərlərin nəzarətində içəri daxil oluruq.

Ciddi deyirəm, əməlli-başlı panika. Bilmirsən birdən-birə bu qədər "müştərinin" gəlməyinə hövlnak olub, çaş-baş hala düşürlər, ya qonaqların çoxluğunda xidmətin necə təşkil olunacağından narahatlanırlar… Görünən odur ki, 2-3 masanı birləşdirib, 22-25 nəfərlik yer düzəltməkçün 4-5 nəfər sanki "novostroyka" layihəsi cızırmış kimi, masaları gah o yana, gah bu yana dartır. Nəhayət, 3 masanı birləşdirib, ətrafına 22 stul düzmək kimi məşəqqətli işin öhdəsindən gəlirlər. Baxırsan ki, dəbdəbli tikilib, geniş restorandı. Ancaq xidmət sıfır.

Bu reallıq bizə Kürdəmirin, hətta bütün Azərbaycanın hələ turizm, xidmət sektoru anlayışından lap uzaqda durduğunu əyani göstərir.
Lazımından artıq bişirilmiş, his dadı verən pomidor-yumurtanı da nuş eləyib, "Kürdəmir – bura istidir" xəyali layihəsini də qeyri-müəyyən müddətə təxirə salıb, yenidən yola düzəlirik. Hələ adi yeməyi bişirib, masaya normal təqdim eləyə bilməyən ölkənin turizm layihəsi ilə nə işi…

*** *** ***

Bizi daha iki saatlıq yoldan sonra bizi "Düzəldəjiyih" devizi ilə adlandırdığımız səfərin kuliminasiyası gözləyirdi.

14:10 – Gəncə Şəhər stadionundayıq. Hiss olunur ki, burda fırtınasonrası sükunət var. "Kəpəz"dəki maliyyə maxinasiyaları, ardınca ortaya çıxan xoşagəlməz faktlar, baş məşqçi dəyişikliyi hadisələrindən sonra qayğılı iqlim ətrafı əhatlələyib.

14:30 – Ömər Paşayev oyunun start fitini səsləndirir.
Həmin dəqiqənin 26-cı saniyəsi – hesab açılır.

Qəbələdəki oyunda qalib gələn "Kəpəz"dən (2:0) əsər-əlamət yoxkən, əvəzində o məğlubiyyətin əvəzini çıxmaqçün alışıb-yanan "qırmızı-qaralar" 1, 2, 3, 4… "Qəbələ" "Kəpəz"in vayına oturmaq üzrədir.

Penalti.

1:4-dür hesab. Gəncə komandası hücumlarını artırır. Hiss olunur ki, Yunis Hüseynov müdafiə anlayışını əvvəllər də yaxın buraxmırdı, buraxmır, buraxmayacaq da… Bir neçə epizodda rəqibin cərimə meydançasına nüfuz eləməyi bacaran nataraz "Kəpəz" hücumlarının ikisində "Qəbələ"nin fərdi ustalığı yüksək olan oyunçuları belə bir situasiyanın yaranmasına səbəb oldular: "Qəbələ"nin 6-da qalan 1 "Kəpəz" (1:6).

"Düzələjəh" – deyəndə xatırladığımız Yunis Hüseynovun işsiz dövrü bitib və o, "Kəpəz"i düzəltməkçün "sükan arxasına" keçib. Sükan neyləsin, maşının əməlli-başlı "razvalı", təkərlərində şiş var. Artıq arxa buferinə də rəng vurulasıdır…

Yeni sükançının maşında dəyişdirəsi detalların çox olduğunu etiraf etdiyi oyunsonrası mətbuat konfransında bu sitat sərlövhədir: "Mütləq düzələjəh".

Bəs azarkeşlər nə düşünür?

Oyunun 22-ci dəqiqəsində "Xəmsə" pankart açdı: "SS Düzəldəjiy". SS burda azarkeşlərin mövzuya öz naxışıdır. Açmasını özləri belə verir: "Sevə-sevə düzəldəjiy".
İmprovizasiyanıza açıq mövzudur. Sizin bu qüdrətdə olduğunuzu Azərbaycanın futbol tarixi bilir, anlayır, Gəncə azarkeşləri. Silkələyən, sevən gücünüzə qüvvət!
Biz – jurnalist heyəti PFL-in layihəsi üzrə növbəti səfər macərasını başa vurub geri dönürük.

Kürdəmirdən keçəndə "düzəldəjih" söhbətindən uzaq, öz sabitliyində qovrulan bir mühiti geridə qoya-qoya: ayə, düzələjəy ee, bə biz haryedirik?!..

Fikirlərini bizimlə bölüş!