Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Əcnəbilər seyrə balonla çıxır, biz hələ avtomobil minməyiriz

AÇ 2016-nın seçmə mərhələsinin F qrupunda mübarizə aparan Şimali İrlandiya yığması ötən gecə doğma azarkeşləri önündə Yunanıstanı 3:1 hesabı ilə məğlub etməyi bacarıb. Maykl O’Nilin yetirmələri bu qələbədən sonra Fransada keçiriləcək yarışın final mərhələsinə birbaşa vəsiqəni təmin edib.

Şimallılar tarixi zəfəri Rumıniya, Macarıstan, Finlandiya, Farer adaları, Yunanıstan millilərinin yer aldığı qrupda 9 oyundan sonra 20 xal toplamaqla qazanıb. Bu faktı gördükdən sonra irlandlara paxıllıq edib, öz millimizin topladığı xallara baxıb, köks ötürməmək əldə deyil.

İki il bundan öncə Şimali İrlandiya yığması millimizə bata bilməmişdi axı. DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda mübarizə aparan Maykl O’Nilin komandası ilə Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan millisinin duelində üstün tərəf biz olmuşduq. Belfastda baş tutan qarşılaşmada Rauf Əliyevin qolu ilə seçməmiz önə keçsə də, qalibiyyəti son dəqiqədə əldən vermişdik. Bakıda keçirilən oyunda isə rəqibi məyus yola salımışdıq. Rüfət Dadaşovun və Mahir Şükürovun vurduğu qollar millimizə 3 xalı qazandırmışdı.

Maraqlıdı, Maykl O’Nil qeyri-adi nə etdi ki, onun yığması 2 ildən sonra Avropa Çempionatının final mərhələsinə vəsiqə qazana bildi? Görəsən, Leonel Messi Argentina, Kriştianu Ronaldo da Portuqaliyanı atıb, Şimali İrlandiya millisinəmi qoşuldu? Bunun qeyri-mümkün olduğunu nəzərə alsaq, deməli, burada başqa sirr var. İş burasındadı ki, şimallıların indiki heyətində elə də ciddi bir dəyişiklik yoxdu. Bakıya kimlər gəlmişdisə, kimlər məğlub olmuşdusa, kimlər suyu süzülmüş şəkildə paytaxtımızdan getmişdisə, Fransaya da onlar yollanacaq!

Belə ki, ötən gecə Yunanıstan qarşısında irəli sürən 11 futbolçudan 7-si Bakıda Azərbaycan yığmasına qarşı da çıxış etmişdi. Bunlar Qaret Makoli, Conatan Evans, Steven Davis, Kristofer Brunt, Kreyq Katker, Oliver Norvood, Jamie Vardı. Paytaxtımızda millimizdən 2 qol buraxan heyətdən digər 3 oyunçu – Roy Karrol, Led Hodson və Şane Ferqusson isə yunanlarda oyunda ehtiyat oyunçular skamyasında əyləşmişdi. Millimizə qarşı çıxış etmiş Martin Peterson isə artıq Maykl O’Nilin maraq dairəsinə düşə bilmir.

Yəqin ki, mövcud durumdan AFFA rəhbərliyinin, Robert Prosineçkinin məğlubedilməz seriyasına tamaşa edən baş katib Elxan Məmmədovun da xəbəri var. Çox güman ki, Şimali İrlandiya ilə eyni qrupda mübarizə aparan Farer adalarının da millimizdən çox – 6 xal topladığından da məlumatlıdırlar. Adam bilmir xəcalət çəksin, yoxsa oktyabrın 10-da İtaliya ilə oyunda 1 xala ümid etsin. A kişi, əcnəbilər seyrə balonla çıxır, biz hələ avtomobil minməyiriz…

P.S. Bakıda Şimali İrlandiyanı məğlub edən millimizin üzvlərinə neftin baha, devalvasiyanın olmayan, AFFA-dakıların yağ-bal içində üzdüyü bir vaxtda 100 min dollar mükafat verilmişdi. Görəsən, Maykl O’Nilin komandasının Fransaya vəsiqə qazanmasına görə nə qədər mükafat ayrılıb? Yəqin ki, millimizin Xorvatiya ilə etdiyi heç-heçəyə görə aldığı 50 min dollarlıq mükafatdan çox olmaz.

Fikirlərini bizimlə bölüş!