Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Əhmədovun qazandırdığı bonus

İstənilən çempionatda iddialılar var. Rəqabət nə qədər güclü olsa da, çempionluğa oynayan, davamlı olaraq avrokuboklara vəsiqə uğrunda mücadilə edənlər zamanla böyüyə çevrilir. Məntiqlə, çempionatın tarixi həmin birincliyin böyüklərinin sambalını, belə desək, xarizmasını müəyyənləşdirir. Bir var İngiltərə premyer-liqasının iddialısı MY, bir də var Xorvatiya çempionatının daimi favoriti "Dinamo".

"Qırmızı şeytanlar" əfsanəvi çalışdırıcı ser Aleksin dönəmində belə kəskin rəqabət fonunda sözünü lazımınca deməyi hər dəfə bacarmırdı. Bəzən mövsümboyu buraxılan ən xırda xətalar da son nəticədə çempionluğun əldən çıxmasıyla sonuclanırdı. "Mankunianlar" yalnız mükəmmələ yaxın hazırlaşdığı, transferlərlə bağlı yanılmadığı "futbol illəri"ndə hədəfinə çatırsa, Yuqoslaviyanın çöküşündən sonra Xorvatiyada hegemonluq edən "Dinamo" nəsil-dəyişmə proseslərini də hiss etdirmədən meydan sulayır. Zaqreblilər üçün daxili birincilikdə "qızıl"a qovuşmamaq fiasko anlamındadı…

Böyük futbol ildən-ilə dəyişir. Bu gün qitəmiqyaslı turnirlərdə "Dinamo" kimi komandaların ciddi uğura imza atacağına ən nikbin azarkeş də inanmaz. Rəqabətsiz çempionatda finişə hamıdan tez çatmaqda çətinlik çəkməyən zaqreblilərin ÇL-in qrupunda qazandığı hər xal uğur sayılır. "Dinamo"nun strategiyası qəlibləşib. Milliyə oyunçu vermək, istedadlı yetirmələri səviyyəli çempionatlarda oynayan klublara satmaq və satılan istedadların yoxluğunu hiss etdirmədən yenidən çempionluğa can atmaq. Strategiyasına sadiq qalan Zaqreb təmsilçisini Çempionlar Liqasının qrupunda aldığı böyükhesablı darmadağınlara görə qınayan da yoxdu. Yuxarıda qeyd etdiyim kimi, "Dinamo" ÇL-ə "tutar qatıq, tutmaz ayran" prinsipiylə gəlir.

Sabiq Yuqoslaviya çempionatında rəqabət sayəsində formalaşan, tanınan klub indi ara-sıra "mən də varam" mesajı verən "Hayduk", "Riyeka" kimi komandalarla bir qazanda bişmək məcburiyyətindədi. Bu yaxınlarda Xorvatiya mətbuatından olan jurnalistlərdən biri araşdırma aparıb və sübut edib ki, medallar uğrunda mübarizə aparan digər kollektivlər zəiflədiyi mövsümlərdə "Dinamo" avrokuboklarda biabırçı çıxışla diqqət çəkir, xaricə oyunçu idxal etməklə bağlı problemlər yaşayır.

Bizim "Dinamo"muz yoxdu. Ən qocaman klubumuz "Neftçi" müəyyən dönəmə sığan partlayışın ardından kölgəyə çəkilib. "Qarabağ" isə yaxşı sponsorla Qurban Qurbanovun uğurlu əməkdaşlığından yoğrulan 21-ci əsr "abidəsidi". Hə, yaranış tarixi ötən əsrin ortalarına təsadüf edir. Ancaq çiçəklənmə, böyümə dövrü məhz hazırkı sponsorun və özünü məşqçi qismində isbatla-mış Qurbanovun adı ilə bağlıdı. Bu camiədə mərhələli inkişaf sezildiyindən, son iki mövsümdə Avroliqanın qrupunda oynamaları qanunauyğunluqdu. Məncə, azərbaycanlıların futbol təfəkkürünü yeniləməyi bacaran "Qarabağ"ın varlığı başqalarının da steriotipləri yırtmasına şərait yaradır.

Ötən yay "Qəbələ"nin də inanılmazı reallaşdıraraq AL-in qrupuna qatılması da ağdamlıların psixoloji səddi darmadağın etməsiylə birbaşa əlaqəliydi. Yanlış anlamayın, Roman Qriqorçukun və "Qəbələ" camiəsinin uğuruna kölgə salmaq istəmirəm. Sadəcə, təfəkkürün təkamülünə təkan verən faktı açıqlayıram…

Premyer-liqa ötənilkindən, iki il öncəkindən zəif görünür. Favoritlərdən biri – "Xəzər Lənkəran" çöküb, "İnter" ortabab səviyyəsinə düşüb. Adi futbol düşüncəsiylə rəqabətin zəifləməsi yaxşı nəsə vəd etmir. Amma bu faktı əldə bayrağa çevirmək, bir qədər irəliyə boylanıb avrokuboklarda uğur qazanılmayacağından danışmaq da olmaz. "Can verənlər"in yeri boş qalmayıb. Həqiqət budu ki, "Kəpəz" və "Zirə" sərgilədiyi futbolla qorxulu boşluğu böyük ölçüdə doldurur. AZAL-ın gəncəliləri ağır yenilgiyə uğradaraq "Qəbələ"ni təsadüfən yenmədiyini sübuta yetirməsi isə yeni ümid qığılcımıdı. "Təyyarəçilər"in yoxdan var yaradan baş məşqçisi Tər-lan Əhmədov belə nəticələrlə heç bir iddiası olmayan, lazımlı komandada işlədiyini göstərir. Doğrudan da hazırkı vəziyyətdə AZAL qarşısına hədəf qoymadığı halda, ən xoş sözlərə layiqdi. Potensial autsayder qismində dəyərləndirilən şüvəlanlıların medallara göz dikənlərə "dişini göstərməsi" yayda həm "Qarabağ"a, həm də başqa Avropa "səyyahlar"ına əlavə bonus qazandırır.

Fikirlərini bizimlə bölüş!