Samir Məsimov Sloveniyada “ilk qaranquş”umuz olacaq. 21 yaşlı futbolçu bu ölkənin “Domjale” komandasının şərəfini qoruyacaq. Qarşılıqlı razılaşma əsasında “Neftçi”ylə yollarını ayıran cinah yarımmüdafiəçisinin futbolçu kimi bişməsində Azərbaycanın rolu olmayıb. Moskva “Lokomotiv”inin yetirməsi olan Mənsimovla “Neftçi” 2014-cü ildə 5 illik müqavilə imzalamışdı. Ancaq böyük perspektivlər vəd edən yarımmüdafiəçinin Azərbaycan karyerası uğursuz alındı. Lakin Samirin ulduzunun söndüyünü söyləmək doğru olmaz. Cəmi 21 yaşı olan oyunçunun kayerası irəlidədi.
“Neftçi”nin futbolçunun “Domjale”yə keçidinə görə sloveniyalılardan kompensasiya tələb etməməsi də komandadakı hazırkı durumundan xəbər verir. Lakin yaşının az olması Məsimova əla şans qazandırır. Mərkəzi Avropada oynamaq faktiki olaraq, qitənin aparıcı ölkələrinin diqqət mərkəzində dayanmaq deməkdi. Özü də “Domjale” Sloveniyada “qapazaltılar” sırasında dayanmır. Komanda 22 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Bu isə o deməkdi ki, klub növbəti mövsüm Avropa Liqasında iştirak etmək üçün əla şansa malikdi.
Məsimovun özünü göstərmək üçün əla vaxtda transfer olunduğunu da söyləməliyik. “Neftçi”nin heyətində (lap elə Bakıda olsa da) təlim-məşq toplanışında iştirak etmiş yarımmüdafiəçi Sloveniya çempionatında yaranan fasilə zamanı transfer olunub ki, bu da əksər komanda yoldaşlarından daha yaxşı formada olmasından xəbər verir. Onunla rəqabət aparacaq oyunçular indi-indi formaya düşmək üçün tər axıdırsa, Samir hazır vəziyyətdədi.
Sloveniyada qış fasiəsinə bir də fevralın 27-də son vurulacaq. Həmin gün Məsimovun komandası “Krka”nın qonağı olacaq ki, bu da istedadlı futbolçu üçün əla məqamdı. Çünki rəqib hazırda 8-9-cu pillələri bölüşür və 10 komandalı çempionatda elitadakı yerini qorumaq uğrunda mübarizə aparır. Məşqçi heyəti də məhz zəif rəqiblə oyunda yeni transferinin meydançaya çıxması üçün şans yarada bilər.
Yuxarıda qeyd etdiyimiz məqam da olduqca önəmlidi. Azərbaycandan ölkə xaricinə yollanmaq nə qədər çətindisə, Mərkəzə Avropadan bir o qədər asandı. Həm yerli, həm də əcnəbi skautların gözləri daim gənc futbolçulardadı. Belədə, Məsimovun “Domjale” karyerası qısa alına bilər. Yetər ki, özünü yaxşı tərəfdən göstərə bilsin. Bu baş verərsə, əlbəttə ki, yarımmüdafiəçimizin soyadını yaxın gələcəkdə daha elitar çempionatda eşitmək şansımız artır. Ən əsası isə millimizlə bağlıdı ki, yığmaya sanballı legionerimiz çağırıla bilər.
Bu barədə son qeydimiz digər azərbaycanlı futbolçularla bağlıdı. Yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərə bilsə, yaxın vaxtlarda daha bir neçə futbolçumuzun Sloveniyada peyda olmaq perspektivləri yaranacaq. O, Sloveniya çempionatında çıxış edəcək ilk həmyerlimizdi. Belədə, üzərinə də ikiqat məsuliyyət düşür. Faktiki olaraq, Məsimov Sloveniyada Azərbaycan futbolunun “elçisi”di. Onun “Böyük elçi” ola biləcəyini isə zaman göstərəcək.




Fikirlərini bizimlə bölüş!