Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Dünya futbolunda “rekord vuran” klubumuzun “nekroloq”u

AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasını davam etdiririk.

Azərbaycan futbolunun ən böyük problemlərindən biri, daha doğrusu, birincisi regionlarda futbolun yox səviyyədə olmasıdı. Bu hər nə qədər təəssüf doğuran məqam olsa da, futbol ənənəsi olan rayonlarda bu idman növünün olmaması ikiqat təəssüf doğurur. Bu cür rayonlardan biri də Neftçaladı. Bu rayonu təmsil edən komandalar heç vaxt yüksək nailiyyəti ilə diqqət çəkməyib. Lakin Neftçalanı təmsil edən komandalar daim ölkə çempionatlarında çıxışlarıyla seçiliblər.

3 il birinci, 3 il güclülər dəstəsi macərası və…

Neftçala əvvəllər Salyan rayonuna daxil olduğundan, burda yetişən futbolçular məhz rayon təmsilçisi “Ximik”də çıxış edirdilər. Bu komanda 1971-ci ildə ölkə çempionu olanda, heyətində neftçalalı futbolçular da top qovurdu. Neftçala Salyandan ayrılıb, ayrı rayon statusu aldıqdan sonra buranı təmsil edən “Kimyaçı” komandası da Azərbaycan çempionatlarında çıxış edib.

1992-ci ildə isə rayonda “Pambıqçı” komandası yaradıldı. Komanda yerli pambıq zavodu tərəfindən maliyyələşdirildiyindən, çempionata bu ad altında qatılırdı. “Pambıqçı”nın yaradıcısı yerli “Məhsul” idman cəmiyyətinin rəhbəri Muradxan Ağayev idi. O, həm komandanın rəhbəri, həm də baş məşqçisi idi. Üç il birinci divizionda çıxış etdikdən sonra güclülər dəstəsinə vəsiqə qazanan komanda, burda da cəmi 3 mövsüm çıxış edə bildi. Pambıq zavodunda yaranmış ciddi maliyyə böhranı komandadan yan keçmir. “Pambıqçı” 1997-ci ildə fəaliyyətini dayandırmalı olur. Komandada ən çox oyun keçirmiş Mehman İbrahimovun sözlərinə görə, “Pambıqçı”da çıxış edən oyunçuların çoxu yerli, neftçalalı futbolçular olub:

“Pambıqçı” komandası 1992-ci ildə Muradxan müəllimin təşəbbüsü ilə yaradılıb. O, həmin vaxtda “Məhsul” Könüllü İdman Cəmiyyətinin sədri idi. Muradxan müəllim həm də, komandanın baş məşqçisi idi. O, hazırda da rayonda qalır, ancaq başqa sahədə çalışır. 1987-ci ildən rayonu “Kimyaçı” komandası təmsil edirdi. “Pambıqçı” məhz bu komandanın bazasında yaradılmışdı. O vaxt rayonda pambıq zavodu fəaliyyət göstərirdi. Komanda bu zavod tərəfindən maliyyələşdirilirdi. Heyətimiz yerli, neftçalalı futbolçulardan ibarət idi. Komanda təxminən 5 il çıxış etdi. Sonradan isə pambıq zavodunda vəziyyət pisləşdi və komanda fəaliyyətini dayandırdı”.

“ANŞAD Pertol”la qayıdan böyük futbol

“Pambıqçı”nın dağılmasıyla Neftçala uzun müddət futbolsuz qaldı. 2004-cü ildə isə rayonda fəaliyyət göstərən “ANŞAD Petrol” neft şirkətinin təşəbbüsü ilə Neftçala yenidən böyük futbola qayıtdı. Yeni komandanı yaratmaq isə vaxtilə “Pambıqçı”nın əsas üzvlərindən olan Mehman İbrahimova həvalə edildi:

“Pambıqçı”nın dağılmasındam sonra Neftçalada bir müddət komanda olmadı. 2004-cü ildə isə rayonda fəaliyyət göstərən neft idarəsi komanda yaratmaq qərarına gəldi. Bu şirkətin baş direktoru Məhəmməd Mustafayevin futbola marağı var idi. Məni də tanıyırdı. Buna görə, məni yeni komanda formalaşdırmaq üçün dəvət etdilər. Təxminən 6 il “ANŞAD Petrol”da məşqçi kimi çalışdım. Burda həm məşqçi, həm də futbolçu kimi çıxış edirdim. Amma komanda “Neftçala” adlanandan sonra məni kənarlaşdırdılar”.

“Neftçala”yla gələn çempionluq

“ANŞAD Petrol” birinci divizionda güclülərdən hesab edilmirdi. Komanda daha çox divizionun ortabablarından sayılırdı. “ANŞAD Petrol” MMC-nin fəaliyyətini dayandırmasından sonra komanda “Neftçala” adlanmağa başladı. 2012-ci ildən birinci divizionun liderlərindən birinə çevrilən komanda, ilk çempionluğunu 2014/15 mövsümündə qazandı. Bunda isə mövsümün əvvəlində komandaya baş məşqçi təyin olunuş Kamal Quliyevin böyük rolu var idi. Millimizin sabiq futbolçusu rəhbərlik tərəfindən onlara hər cür şəraitin yaradıldığını deyir:

“Neftçala”dan təklif gələndə “Neftçi”də çalışırdım. Bu komandadan gələn təklifi müsbət dəyərləndirdim. Özümü məşqçi kimi sübut etmək istəyirdim. Düzdü, burda aldığım maaş “Neftçi”dəkindən 7-8 dəfə aşağı idi. Lakin özümü baş məşqçi kimi sınamaq istədiyimdən, təklifi müsbət dəyərləndirdim.

“Neftçala” rəhbərliyi bizə hər cür şərait yaratmışdı. Bizdə olan şərait birinci divizion səviyyəsini üstələyirdi. Ən əsası, komandanın formalaşdırılması üçün vacib olan təlim-məşq toplanışları təşkil edildi. Komanda yaradıldığı tarixdən çempion olmamışdı. Rəhbərlik komandanın çempion olmasını istədiyindən, bizə hər cür şəraiti yaratmışdı.

Lakin birinci diviziondakı limitə görə bizə 23 yaşdan aşağı oyunçular lazım idi. Çətinliklə də olsa, yaxşı heyət formalaşdıra bildik. Mən bu komandanı qəbul edəndə futbolçular çox kortəbii, savadsız futbol oynayırdılar. Çox sadə şeyləri bilmirdilər. Onlardan hansı sistemlə oynadıqlarını soruşanda belə, cavab verə bilmirdilər. Ancaq sonradan onlar bizim tətbiq etdiyimiz 4-3-3 sxemini tam mənimsədilər”.

İkiqat çempionluq (zərbə)

Kamal Quliyev rəhbərliyin qarşısına qoyduğu məqsədə çatdı. Onun komandası 2014/15-ci il mövsümündə tarixi ərzində ilk çempionluğunu qazandı. Lakin neftçalalılar bu uğura çox sevinə bilmədilər. Belə ki, AFFA tərəfindən lisenziya verilmədiyindən, komandanın Premyer Liqada iştirak etmək arzusu gözündə qaldı. Maraqlıdı ki, komanda növbəti mövsümdə də qarşıya qoyulan məqsədə çatdı. Lakin bu dəfə də “Neftçala” futbolçularının əziyyəti hədər getdi. Quliyevin sözlərinə görə, rəhbərlik ilk çempionluqdan sonra növbəti mövsümdə problemin həll ediləcəyini vəd etsə də, sonda heç nə dəyişməyib:

“İlk mövsümümüzdə sona 5 tur qalmış çempionluğu qeyd etdik. Amma Premyer Liqaya vəsiqə qazana bilmədik. Komandanın aşağı yaş qruplarına və başqa problemlərə görə bizə lisenziya verilmədi. Rəhbərlik isə bu problemlərin həlliylə bağlı adam ayırdıqlarını, növbəti mövsümdə bu cür halla üzləşməyəcəyimizi dedi. Mənim qarşıma belə bir şərt qoyuldu ki, “ancaq çempion olsaq, Premyer Liqada çıxış edəcəyik, ikinci olsaq yox”. Bundan sonra futbolçuları yığıb söhbət etdim və onları komandada saxlamağı bacardım. Onlara gücümüzü bir daha sübut etməli olduğumuzu dedim. Beləliklə, növbəti mövsümə hazırlaşmağa başladıq. Futbolçular yenə çox böyük həvəslə, Premyer Liqa arzusu ilə oyunlara çıxır, qələbələr qazanırdılar.

İkinci ildə də çempion olmağı bacardıq. Lakin çox təəssüf ki, Premyer Liqaya vəsiqə futbolçuların gözündə qaldı. Bu, oyunçulara çox pis təsir etmişdi. Hətta futbolçular buna etiraz olaraq mükafatlandırma mərasiminə çıxmaq istəmirdilər. Ancaq onlarla danışdıq, bundan sonra bu fikirdən daşındılar.

Onları başa düşürəm. Bilirsiz, insanın ən çox əziyyətinə heyfi gəlir. Mən o komandanı formalaşdırmaq üçün gecəmi gündüzümə qatmışdım. Hamısı azərbaycanlı uşaqlar idi. İnandırım sizi, bircə il Premyer Liqada çıxış etsəydik, onların arasından Azərbaycan futboluna 6-7 futbolçu qazandıra bilərdik. Yeni adlar, yeni simalar qazana bilərdik. Həqiqətən də, belə istedadlar var idi. Artıq birinci dəstə onların səviyyəsi deyildi”.

“Komandanın 11-12 futbolçusuna “elçi düşmüşdülər”

“Neftçala” ən yaxşı şərait yaradılmış klublardan biri idi. Hətta bir çox Premyer Liqa təmsilçisi xaricə təlim-məşq toplanışına yollana bilmədiyi halda, birinci divizion komandası bir neçə dəfə Türkiyəyə toplanışa yollanmışdı. Bu təlim-məşq toplanışlarının komandaya çox xeyir verdiyini bildirən Quliyev, hətta yerli klublardan bəzilərinin komandanın futbolçularına “elçi düşdüyünü” deyir:

“Komanda iki il ardıcıl ölkə xaricinə təlim-məşq toplanışına yollandı. Burda keçirdiyimiz oyunlarda yalnız “Qloriya”ya uduzduq. Həmin oyunda da 2:1 hesabıyla öndə olsaq da, sonradan əsas heyətə düşməkdə çətinlik çəkən oyunçulara şans verdim. Məhz bundan sonra məğlub olduq.

İlk mövsümdə həm yay, həm də qış təlim-məşq toplanışını Türkiyədə keçdik. Sonrakı mövsümdə isə hazırlığımızı ölkə daxilində etdik. Türkiyədə təlim-məşq toplanışında olduğumuz zaman bizim oyunçularımıza, komandamıza maraq böyük idi. Bizim oyunçularımızdan bəziləri Türkiyənin ikinci liqa klublarının diqqət mərkəzində idi. Komandanın 11-12 futbolçusuna “elçi düşmüşdülər”. Aqşin Muxtaroğlunu, Məhəmməd Alıyevi istəyirdilər. Bu cür kollektiv yaratmışdıq”.

İki il ardıcıl birinci divizionu çempion başa vuran “Neftçala”da elə də məşhur oyunçular çıxış etmirdi. Kamal Quliyev komandanın əsas gücünün birlikdə, qarşılıqlı hörmətdə olduğunu deyir:

“Neftçala”nın gücü birlikdə idi. Mən futbolçularımla məşqçi kimi yox, qardaş kimi olmuşam. Onların dərdinə şərik olur, sevinclərinə sevinirdim. Ölkədə olan maliyyə çətinliyinə görə, bütün komandalarda olduğu kimi, “Neftçala”da da vəziyyət əvvəlkinə nisbətən pisləşmişdi. Maaşlar yarıbayarı azalmışdı. Ancaq buna baxmayaraq, oyunçular yenə böyük əzmlə mübarizə apardılar və ardıcıl ikinci il çempion olmağı bacardılar. Komandada qarşılıqlı münasibət böyük rol oynayır. Biz də məhz qarşılıqlı hörmət, birlik sayəsində uğurlar qazanırdıq.

Mənim dövrümdə büdcə əvvəlkiylə müqayisədə bir qədər də azalmışdı. Buna baxmayaraq, komanda öz işinin öhdəsindən bacarıqla gəldi. “Neftçala” ölkə futbolunda iz qoymağı bacardı”.

Azarkeşlərin sevmədiyi “Neftçala”

Azərbaycan futbolu həmişə azarkeş sarıdan problem yaşayıb. Ancaq bu problem daha çox paytaxtla bağlıdı. Region klubları isə adətən, “12-ci oyunçu” cəhətdən problem yaşamır. Lakin maraqlıdı ki, “Neftçala” bir neçə il birinci divizionun liderlərindən olsa da, yerli azarkeşlərin könlünü fəth edə bilmədi. Belə ki, “Neftçala”nın cəmi 2 min tamaşaçı tutumuna malik Nəriman Nərimanov adına şəhər stadionundakı oyunları adətən, boş oturacaqlar önündə keçirilirdi. Kamal Quliyev bu problemlə bağlı hətta icra hakimiyyətində də söhbət açdığını deyir:

“Maraqlıdı ki, çempion komandanın oyununda azarkeş tapa bilmirdik. Bir neçə dəfə icra hakimiyyətinin qəbulunda oldum. Komandanın uğurları barədə danışdım. Neftçalanı layiqincə təmsil etdiyimizi, lakin azarkeş sarıdan korlu çəkdiyimizi dəfələrlə vurğuladım. Amma heç bir irəliləyiş əldə edə bilmədim”.

“600-700 min manat büdcəmiz var idi”

“Neftçala” birinci divizionun ən imkanlı klublarından idi. Elə komandanın bir neçə dəfə ölkə xaricinə təlim-məşq toplanışına yollanması da bundan xəbər verirdi. Kamal Quliyev maddi imkanın yaxşı olmasına baxmayaraq, Premyer Liqada iştirak üçün rəhbərlikdən əlavə tələblər etmədiyini deyir:

“İkinci ildə də çempion olduqdan sonra futbolçular zarafatla “müəllim, bəlkə, ikinci ili çempion olmasaydıq, Premyer Liqaya vəsiqə qazanardıq” deyirdilər. Təəssüf ki, rəhbərlik Premyer Liqada oynamamaq qərarı verdi. Maliyyə vəziyyətimiz elə də pis deyildi. Təxminən 600-700 min manat büdcəmiz var idi. Bu, heç də az deyildi. Bu məbləğ 1 milyona çatdırılsaydı, Premyer Liqada çıxış edə bilərdik. Həmin bu 1 milyon sabahın 2-3 milyonu ola bilərdi. Mövsümün gedişində rəhbərliklə danışıb, “istəsəz, hər xəttə bir legioner cəlb edə bilərsiz” dedim. Lakin bunu şərt kimi qoymamışdım. Rəhbərliyə “bunu da istəmirsizsə, bu komandanın özü də mənə kifayətdi” demişdim. Bu heyəti saxlamaqla, iki-üç yerli təcrübəli futbolçu da dəvət edilsəydi, ən azı Premyer Liqada asan rəqib olmayacaqdıq. Bunu da rəhbərliyə demişdim.

Bizim komanda futbol oynayırdı! Birinci divizionda hamı qorxaq futbol sərgiləyirdi. 4-3-3 taktiki sxemiylə, hücum futbolu oynayırdıq. Rəqiblər bizimlə oyunlarda 60 dəqiqə tab gətirirdilər. Təəssüf edirəm ki, biz həmin oyunçuları qazana bilmədik”.

“Neftçala” 2015/16 mövsümündən sonra Naxçıvanda təşkil edilən Heydər Əliyev adına turniri də qalib başa vurdu. Lakin bu, komandanın son uğuru oldu. Belə ki, rəhbərlik çempion komandanı buraxmaq qərarına gəldi. Maraqlıdı ki, klub rəhbərliyi əvvəlcə ancaq yerli futbolçularla çıxış etməklə bağlı qərar versə də, sonradan bu fikrindən də daşındı. Mövsümün sonunda artıq komandadan ayrılmış Kamal Quliyevin sözlərinə görə, yeni komanda formalaşdırmaqla bağlı hətta onun köməkçisinə və yerli məşqçilərdən bir neçəsinə də müraciət edilibmiş:

“Sonradan komandanın ancaq yerli oyunçularla birinci divizionda çıxış etməsi ideyası ortaya çıxmışdı. Hətta mənim köməkçimə, yerli məşqçilərdən bəzilərinə komandanın “sükanı arxasına” keçmək təklif edilmişdi. Neftçalada əvvəllər yaxşı futbolçular olub. Hazırda isə orda elə də güclü futbolçu yoxdu. Lakin sonradan rəhbərlik fikrini dəyişdi və ümumiyyətlə, komanda saxlamamaq qərarına gəldilər”.

“Şərait yaradılsa, yaxşı oyunçular yetişdirmək olar”

Hazırda Neftçala rayonu yenidən böyük futbola həsrətdi. Rayonda futbolu isə burda fəaliyyət göstərən aşağı yaş qrupları yaşadır. Vaxtilə “Pambıqçı”da top qovmuş, “ANŞAD Petrol”un baş məşqçisi olmuş Mehman İbrahimov hazırda Neftçalada fəaliyyət göstərən UGİM-in aşağı yaş qruplarına məşq keçir. İbrahimovun sözlərinə görə, neftçalalı uşaqlarda futbola böyük maraq olsa da, burda komandanın olmaması onların inkişafına böyük maneə törədir:

“Təxminən 3 ildi Uşaq Gənclər İdman Məktəbində uşaq futboluyla məşğul oluram. Hazırda məktəbdə 2003, 2004, 2005, 2006, 2007-ci il təvəllüdlü uşaqlar çıxış edir. Ancaq bizim ən böyük problemimiz həmin uşaqların 15-16 yaşına çatdıqdan sonra heç bir komandada çıxış edə bilməməsidi. Bu da, rayonda komanda olmamasıyla bağlıdı. Əvvəllər “Neftçala” olanda uşaqlar bilirdilər ki, məşq edib bu komandaya düşə biləcəklər. Lakin indi belə komanda olmadığından, onların da gələcəyi müəmmalı qalır.

Nefçalanın potensialı var. Burda uşaqlar arasında futbola maraq böyükdü. Lakin 15-16 yaşlı uşaqlar burda komanda olmadığından, itib-batır. Bu yaşlarda uşaqlar gedib böyüklərdən ibarət komandada oynaya bilməz axı. Ancaq burda böyüklərdən ibarət komanda olsa, həmin uşaqlar əvəzedici heyətdə çıxış edə bilərlər.

Təsəvvür edin, cənub bölgəsində olan 15 rayonda bir komanda belə yoxdu. Mən AFFA rəhbərliyinə müraciət edirəm, heç olmasa, bu regionda bir komanda yaradılsın. Fərqi yoxdu, hansı rayonda yaradılır, Cəlilabad olsun, Masallı olsun, Lənkəran olsun, əsas odu, bir komanda olsun və burda futbolun sirlərinə yiyələnən uşaqlar gələcəkdə həmin komandada oynaya, özlərini göstərə bilsinlər. Şərait yaradılsa, yaxşı oyunçular yetişdirmək olar”.

“Onlar sıradan çıxandan sonra kiməsə yalvaracağıq ki…”

Neftçala futbolunda yeganə problem böyüklərdən ibarət komandanın olmaması deyil. Burda futbolu yaşadan aşağı yaş qruplarında geyim, topla təmin olunmada da problemlər mövcuddu. İbrahimovun sözlərinə görə, əvvəllər AFFA-dan bu cür yardımlar alsalar da, artıq iki ildi bu yardımdan da məhrum qalıblar:

“Cəmi 200 manata çalışırıq. Mənə həmişə deyirlər ki, “sən stadionda yatırsan?” Burda AFFA-nın saldığı kiçik, süni örtüklü meydança var. Orda məşq edirik. Bizdən başqa, mərkəzi stadionda da məşq edən qruplar var. Orda 2002-2003 təvəllüdlü uşaqlar məşq edirlər.

Forma və topla bağlı müəyyən problemlərimiz var. AFFA həmişə top, forma ilə təmin edirdi. Lakin son vaxtlar bu cəhətdən problemlər var. Təxminən iki ildi forma, top göndərilmir. Hələ ki, köhnə forma və toplardan istifadə edirik. Onlar sıradan çıxandan sonra kiməsə yalvaracağıq ki, forma, top versinlər”.

Neftçalada 85 mindən artıq əhali yaşayır. Burda Neftçala şəhərindən başqa, bir neçə qəsəbə də var. Rayonda əhalinin sayının heç də az olmadığını, bir neçə qəsəbənin olduğunu nəzərə alsaq, burda futbolun kütləviliyinə nail olmaqla, ən azı ölkə səviyyəsində futbolçu yetişdirməyin mümkün olduğu qənaətinə gəlmək olar. Bunun üçün isə ən azı uşaq futboluna normal şərait yaradılmalıdı.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bir dəfə “Neftçala”nın uğuru haqqında danışarkən belə demişdi: “Bilirsiz ki, dünya futbolunda belə bir şey olmayıb ki, hər hansı bir klub 2 il ard-arda divizion çempionu olsun. Bu komanda həqiqətən 2 il çempion olmaqla dünya futbolunda rekord vurdu”. Bəli, “Neftçala”ya qalan nə özünə, nə də Azərbaycan futboluna faydası dəyməyən “rekord”u oldu…

Reşad ERGÜN

Fikirlərini bizimlə bölüş!