Kaxaber Sxadadze getsin?
Ötən turdan sonra “Sabah”ın təqviminin “Qarabağ”la müqayisədə daha rahat olduğunu və aradakı xal fərqini nəzərə alaraq “bayquşlar”ın tarixində ilk dəfə ölkə çempionatının qızıl medallarını qazanacağını düşündüyümü qeyd etmişdim. Ağdamlıların bu tur “Kəpəz”ə məğlubiyyətindən sonra xal fərqi daha da artdı və məncə, “Sabah”ı artıq çempionluq münasibətilə təbrik etmək olar.
İndi isə autsayderlərin şanslarını dəyərləndirək.
Çoxlarının 1-ci Liqada gördüyü “Karvan Yevlax” son turda “Zirə” matçda əla oyun göstərdi.
Yevlaxlılar bu tempi saxlasa, bir az da bəxt üzlərinə gülsə, sonuncu pillədən qurtula bilərlər. Amma bunun üçün ən azı liqada qalmaq uğrunda mübarizə aparan birbaşa rəqibləri “Kəpəz” və “Qəbələ”ni evdə, “İmişli”ni səfərdə məğlub etməlidilər.
“Şamaxı” və “Neftçi” ilə ev, “Qarabağ”, “Sabah” və “Turan Tovuz”la səfər qarşılaşmalarında da maksimum xal toplamağa çalışmalıdırlar.
Son dövrlər “qara zolağ”a düşən “Qəbələ”nin təqvimi yevlaxlılarla müqayisədə daha asandı.
Kaxaber Sxadadzenin komandası səfərdə “Kəpəz”, “Sumqayıt”, “Zirə”, “Karvan Yevlax”, evdə “İmişli”, “Araz Naxçıvan”, “Qarabağ” və “Şamaxı” ilə qarşılaşacaq.
Mediada Kaxaber Sxadadze ilə yolların ayrılacağına dair xəbərlər dolaşır. Məncə, gürcü mütəxəssisə ən azı mövsümün sonunacan şans vermək lazımdı.
Qəbələlilərin əksər güclü rəqiblərlə artıq görüşdüyünü və komandanın uğursuz nəticələrə baxmayaraq yaxşı oyun göstərdiyini nəzərə alsaq, çempionatın sonu ən azı 10-cu yeri tutmalıdırlar.
Azər Bağırovun “komadan ayıltdığı” “Kəpəz”in də qrafiki çox yaxşıdı. Gəncəlilər müvafiq olaraq “Qəbələ”, “Karvan Yevlax”, “İmişli”, “Şamaxı”, “Sumqayıt”, “Sabah”, “Araz Naxçıvan” və “Neftçi” ilə üz-üzə gələcək. “Kəpəz” son oyunlardakı formasını qoruya bilsə, yekunda hətta 7-ci yerə yüksələ bilər.
Nəhayət, mövsümə xoş sürprizlə start verən “İmişli” tədricən layiq olduğu yerə gəlir. İmişliləri “Turan Tovuz”, “Sumqayıt”, “Zirə” və “Karvan Yevlax” ilə evdə, “Qəbələ”, “Kəpəz”, “Araz Naxçıvan”, “Qarabağ”la səfırdə ağır oyunlar gözləyir.
“İmişli”nin heyətini quran Riad Rəfiyevin prezidenti olduğu “Sumqayıt”la oyunda Kaşkilyanın komandası böyük ehtimalla aktivinə 3 xal yazacaq. Amma bu, sonda Premyer Liqada yeri qorumaq üçün kifayət etməyə bilər.
Odur ki, milli fasilədən sonra bizi istər çempionatda, istərsə də kubokda çox maraqlı mübarizə gözləyir.
Bütün komandalarımıza uğurlar!
Anar ŞABANOĞLU
26 tur
Kəpəz – Qəbələ
Qarabağ – Karvan Y.
İmişli – Turan T.
27 tur
Qəbələ – İmişli
Karvan Y. – Kəpəz
28 tur
Karvan Y. – Şamaxı
Kəpəz – İmişli
Sumqayıt – Qəbələ
29 tur
Şamaxı – Kəpəz
İmişli – Sumqayıt
Qəbələ – Araz N.
Sabah – Karvan Y.
30 tur
Kəpəz – Sumqayıt
Araz N. – İmişli
Zirə – Qəbələ
Karvan Y. – Neftçi
31 tur
Sabah – Kəpəz
Turan T. – Karvan Y.
Qəbələ – Qarabağ
İmişli – Zirə
32 tur
Araz N. – Kəpəz
Qarabağ – İmişli
Karvan Y. – Qəbələ
33 tur
Kəpəz – Neftçi
Qəbələ – Şamaxı
İmişli – Karvan Y.




Fikirlərini bizimlə bölüş!