Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Fəaliyyətsiz RFF nəyin hesabatını verəcək?

Regional Futbol Federasiyasının (RFF) prezidenti İsgəndər Cavadov yaxşı futbolçu olub. Əfsanə olmayıb, sadəcə, yaxşı futbolçu olub. Bilmirəm, buna görədi, yoxsa onun hansısa sahədə dahiliyi sübut olunub ki, indi onun rəhbəri olduğu qurum AFFA-nın Hesabat-Seçki Konfransında böyük orduyla təmsil olunacaq. Konfrasda 8 səsvermə hüququ olan şəxs iştirak edəcək.

Müqayisə edək: Azərbaycan Premyer Liqası və 1-ci divizionda ümumilikdə 24 kollektiv mübarizə aparır. Üstəlik PFL orqan olaraq da bu sıralamaya daxil edilməlidi. Elədi, 25. 25 hüquqi şəxsə 10 yer ayrıldığı halda, 10 zona üzrə bölünən RFF-yə (özünü də əlavə etsək, olur 11) 8 yer verilir. Peşəkar Futbol Liqasına hüquqi şəxslərin sayı üzrə 0,4 yer (orta hesabla hər 5 hüquqi şəxsə 2 yer), RFF-yə hüquqi şəxslərin sayı üzrə 0,72 yer. Fantastika! Regional Futbol Federasiyasına futbol həyatını müəyyənləşdirən rıçaq sayılan PFL-dən 3 dəfə artıq yer verilir?!

Hansı meyarlarla? Qurumun adı daha ağır ola bilər. Gəlin adlara diqqət yetirək: Bakı Futbol Federasiyası, Şimal Futbol Federasiyası, Cənub Futbol Federasiyası, Mərkəz Futbol Federasiyası, Qarabağ Futbol Federasiyası, Gəncə Futbol Federasiyası, Şimal-Qərb Futbol Federasiyası, Qərb Futbol Federasiyası, Naxçıvan Futbol Federasiyası.

Hər birinin ştat cədvəli də təbii ki, ağzına kimi doludu. Ancaq həmin federasiyaların fəaliyyəti barədə müfəssəl məlumat yoxdu. Niyə yoxdu? İş olanda informasiya dərhal olur. Məsələn, Cənub Futbol Federasiyasının rəhbəri Sakin Məmmədzadəylə müsahibə zamanı “öyrəndik” ki, uşaq liqalarında mübarizə aparan Cənub təmsilçilərinin birinciliklərdən imtina edən komandaların ona heç bir aidiyyatı yoxdu. Hələ öyrəndiyimizə görə, Regional Futbol Federasiyaları arasında az-çox fəaliyyət göstərəni Məmmədzadənin rəhbəri olduğu qurumdu. İndi görün digərləri nə kökdədi. Və indi bu cənablar ölkə futbolunun müqəddəratını həll edən bir yığıncaqda nələrisə müzakirə edəcəklər, əl çalıb, əl qaldıracaqlar…

PFL. Pisdi, çirkindi, eybəcərdi – reallıq budu ki, ölkə futbolunun imicini qaldıran yeganə xətt klub futboludu. Pisdi, çirkindi, eybəcərdi – reytinq cədvəlində Avropada ilk “30-luğ”a daxil olan klub futboludu. Doğrudu, büdcəsi dəfələrlə Azərbaycan klublarından zəif olan ölkələr Çempionlar Liqasının qrupunda əjdahalarla başabaş mübarizə apardığını nəzərə aldıqda, Avropa Liqasının qrupuna düşməyi qəhrəmanlıq kimi qələmə verə bilmərik. Ancaq sağa-sola baxanda… Millimiz rəzalət içində, gənclər və yeniyetmələr yığmalarımız ondan da betər gündə. Regionlarda futbolun inkişafı adına heç nə yoxdu. Regional Futbol Federasiyasının prezidenti nə vaxt bölgələrə səfər etdiyini özü də unudub.

Sonda bir lətifə danışaq, bəlkə köməyi dəydi. Molla Nəsrəddin evə ət alır və arvadına tapşırır ki, axşama bozbaş bişir. Mollanın qaynı avaranın biri olur. Ancaq arvadı qardaşını çox istəyir. Molla gedən kimi, əti bişirib qoyur qardaşının qabağına. Axşam Nəsrəddin evə gəlir və arvad qarşısına şor-əppək qoyur.

– Arvad, bəs bozbaş hanı?
– Eh, Molla, sən gedən kimi pişiyimiz əti yedi. Naəlac qaldım.

Ertəsi gün Nəsrəddin yenidən ət alıb, verir arvada və bərk-bərk tapşırır ki, diqqətli olsun, pişik əti oğurlamasın. Ancaq işə gedən kimi arvad yenidən yeməyi hazırlayıb, qoyur qardaşının qabağına. Axşam yorğun Molla evə qayıdanda yenə də qarşısında şor-əppəyi görür.

– Arvad, bu dəfə nə baş verdi?
– Eh, molla, əti yudum, duzladım, elə qazana tökmək istəyirdim ki, qonşu darvazadan səslədi. Çıxıb-qayıtmağım bir oldu. Amma vicdansız pişik yenə də əti yeyib.

Arvadının gözünün içinə baxan molla durur ayağa və pişiyi qucağına götürüb çölə çıxır. Az sonra geri dönən Molla üzünü arvadına tutub deyir:

– Dünən 2 kilo ət almışdım, dedin pişik yeyib. Bu gün yenə 2 kilo ət almışdım, dedin pişik yeyib. İndi həyətdəki tərəzidə pişiyi çəkdim və 4 kiloqram gəldi. Arvad, bu, pişikdisə, ət hanı, yox, bu ətdisə, pişik hanı?

İndi bizə maraqlıdı: ölkə futbolu adına heç nə etməyən pişiyə (RFF) əti yedirdib, mollanı (PFL-i) ac saxlamaq hansı ədalət kitabına sığır? Bu sualın cavabı yoxdu. Bax, nə vaxt ki, AFFA əti pişiyə yox, Mollaya yedirtməyi öyrənəcək, onda futbol da inkişaf edəcək. İstəyir neft pulları xəzəl kimi səpilsin, istəyir barreli 28 dollar olsun, bu cür idarəçiliklə heç bir uğur olmayacaq.

Fikirlərini bizimlə bölüş!