Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Faiq Əzizovla “Əlifba dərsi”

“O vaxta kimi Kəmaləddin Heydərovu yaxşı tanımamışdım”

Azərbaycan futbolunda həmişə səviyyəli, istedadlı qapıçılar yetişib. Sovet dövründə onların ən yaxşıları respublikanın “1 nömrə”si “Neftçi”də çıxış ediblər. Məhz “Neftçi”də oynamaları onları azarkeşlərin sevimlisinə çevirib. Amma elə istedadlı qapıçılar da olub ki, müəyyən səbəblərdən “flaqman”ın heyətindən kənarda qalıblar. SSRİ dövründə futbolumuzun yetişdirdiyi qapıçılardan biri də Faiq Əzizovdur. Milli çempionatlar tarixində də o qədər də üzdə olmayan Faiq ilk baxışda sıradan qapıçılardan biri hesab edilə bilər. Amma “Əlifba dərsi”ndə karyerasına nəzər salmaqla bacarıqlı birisi olduğunu görəcəyik. Əvvəlcə tanımayanları Faiq Əzizovla qısaca olaraq tanış edim. Sonra isə “dərsimiz”ə başlayarıq.

Əzizov Faiq Zail oğlu 1966-ci noyabrın 4-də Bakıda anadan olub. 1973-cü ildə 111 saylı orta məktəbə gedib. Futbolla 7 yaşından məşğul olmağa başlayıb. 4-cü mikrorayonda yerləşən “FŞM”in (Ustalardan ibarət Futbol Məktəbi) bölməsinə üzv yazılıb. İlk məşqçisi erməni olan (Balaxanov Artyom) Faiq əvvəlcə hücumda oynayıb. Daha sonra boy-buxununa görə yaşıdlarından seçildiyindən Əzizova “qapını göstəriblər”. 1978-ci ildə məşqçilərin məsləhətilə 8-ci mikrorayondakı 135 saylı İxtisaslaşdırılmış İdman Məktəbində təhilini davam etdirib. İsmayıl Əliyev, Asif Namazov və Ramiz Mustafayevin rəhbərliyi altında məşqlərə başlayıb. 5-ci sinifə kimi dərsləridən “əla” qiymətlər alan Faiq həmin məktəbə gedəndən təhsili futbola qurban verib. Hər gün 2 dəfə məşq edən şagirdin oxumağa vaxtı qalardı?

1984-cü ildə hərbi xidmətə yollanıb. 6 ay Moskvada 30 saylı serjant məktəbində xidmət kedikdən sonra Sibirə – Arxaraya göndərilib. Əvvəl hərbi hissənin komandasında, daha sonra SSRİ birinciliyinin 2-ci dəstəsinin 4-cü zonasında çıxış edən “Amur”da oynayıb. 1988-ci ildə ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdan Faiq Kazbek Tuayevin rəhbərlik etdiyi “Xəzər Lənkəran”a yoxlanışa gedib. Amma onu komandaya götürməyiblər. “Sumqayıt”a yollanan gənc qapıçı orada rəqabətin güclü olması səbəbindən baş məşqçi Tofiq Abbasovun məsləhəti ilə “İnşaatçı”ya keçib. 1995-ci ilə kimi Bakı klubunda çıxış edən futbolçu 1992-ci ildə keçirilən ilk Azərbaycan Kubokunun qalibidir.

1995-ci ildə “Xəzri”dən dəvət alıb. Daha sonra müxtəlif vaxtlarda “Bakılı”, “Xəzər Universiteti”, ilə yanaşı İranın “Maşinsazi” komandasında çıxış edib. Nə qədər qəribə olsa da, karyerasını futzalda başa vurub. Son iş yeri “Gömrükçü” futzal komandası olub. Faiq haqqında maraq doğuracaq daha bir məlumat – milli çempionatlarda rəqib qapılarından 4 qol keçirib. Məşqçiliyə “Gömrükçü”də başlayan Faiq Əzizov 2006-cı ildə “B”, 2008-ci ildə isə “A” kateqoriyasını alıb. Uzun illər əsas yığmada qapıçılarla işləyən məşqçi olub. Şahin Diniyev, Qyoko Hacıyevski, Berti Foqtsun köməkçisi olub. 2011-ci ildə məhz Qyoko Hacıyevskinin təklifi ilə 3 ilə yaxın Səudiyyə Ərəbistanının “Əl-Tavun” və “Nazran” komandalarında çalışıb. 2014-cü ilin oktyabrında vətənə qayıdıb və hazırda yığma komandanın qapıçılarla işləyən məşqçisidir. Faiq Əzizov haqqında verəcəyim məlumat bu qədər. Deyəsən, qısa və yığcam oldu. Həyatı haqqında “Əlifba dərsi”ndə danışdıqları isə daha maraqlı və ətraflıdı.

A – Ailə. Ailədə 3 qardaşıq. Böyüyümüz Mahir və sonbeşik Sahib ticarətlə məşğuldur. Sahib xeyli vaxtır ki, Dubayda yaşayır. Atamın əsl adı Zahid olub. Mən pasport alanda “pasportstol”dakı “ağıllı” təhrifə yol verib. Atam sağlığında aşbaz işləyib. Sovet dövründə bir çox internat məktəblərinin və mehmanxanaların “şef-povar”ı olub. Son iş yeri “rəhmətlik” “İnturist”də idi. Atam 1939-u ildə anadan olub. Anam Xətayət xanım atamdan 3 yaş böyükdür. Hərdən kişidən bu barədə soruşanda deyir ki, “xoşuma gəlib, evləşmişəm də”. “Yaşın nə fərqi var”! Anam uzun illər uşaq bağçasında müəllimə işləyib. 2006-cı ildə rəhmətə gedib.

B – Berti Foqts. Hacıyevskinin istefasından sonra yığmanın başına Berti Foqts gətirildi. Alman məni məşqçilər korpusunda saxladı. 2011-ci ilin dekabrında müqaviləmin müddəti başa çatdı. Məsləhət gördülər ki, yığmada daha gənc qapıçı işləsin ki, təcrübə toplasın. Müqaviləm olmasa da, U-19 yığmamıza kömək eləyirdim. Berti Foqts haqqında nə deyə bilərəm? Məşhur simadır. Onunla işləmək mənim üçün fəxr idi. Nizam-intizamı xoşlayan, hər şeyə diqqət yetirən, tələbkar birisi idi. İnsan kimi pis adam deyildi. Eşitdiyimə görə, tez-tez kilsəyə gedib yetim-yesirə əl tutur. Həmişə futbolçular arasında yüksək əhval-ruhiyyəni saxlamağa çalışırdı. Zarafatından da qalmırdı. Onunla bağlı bir maraqlı əhvalat danışım. Yığmanın Almaniyadakı təlim-məşq toplanışında bizi xəbərsiz-ətərsiz “Avropark”a apardı. Əsl sürpriz idi. Günümüz çox şən keçdi. Demə, “Amerikanskiye qorki”yə minəndə bizdən xəbərsiz videoçəkiliş aparılıbmış. Uşaqların çoxu əməlli-başlı qorxmuşdular. Ən çox da komandanın adminstratoru, Fərhad Vəliyev və Samir Abbasov. Sonradan kadrlara baxanda gülməkdən dayana bilmirdik. Yığmamıza xeyir verib-verməməyinə gəlincə, bir mərhələdə 9 xal yığmaq çox şeydən xəbər verir.

C – Coko Hacıyevski. Şahin müəllim yığmadan gedəndən sonra mərhələni bitirməyə Belçika və Finlandiya ilə oyunlarımız qalmışdı. Komandanı Coko Hacıyevskiyə tapşırdılar. Ona kimi Hacıyevskini milli çempionatdan tanıyırdım. Münasibətlərimiz normal idi. Baş məşqçi olandan sonra məni komandada saxladı. Heyf ki, hər 2 oyunu məğlub olduq. 2012-ci ilin may ayında Hacıyevsi mənə zəng vurdu ki, Səudiyyə Ərəbistanında – “Nazran”da işləyir, “Əl-Tavun”dan təklif alıb. Məni də yanına dəvət etdi. AFFA-nın baş katibi Elxan Məmmədovla məsləhətləşdikdən sonra Səudiyyə Ərəbistanına yollandım. 3 ilə yaxın orada işlədim. Ötən ilin oktyabrında Coko Hacıyevskiyə Makedoniyanın “Pelister” klubundan təklif gəldi. Onun vətəninə gedişindən sonra mənim “Nazran”da qalmağım düz deyildi. Doğrudur, rəhbərlik komandada qalmağımı istəyirdi. Amma razılaşmadım. Özü də həmin ərəfədə Küveyt millisi Hacıyevskiyə təklif göndərmişdi. Küveytə getsəydi, məni də özü ilə aparacaqdı. Qismət olmadı. Coko sadə insan, bacarıqlı məşqçidi. Fevralda komandasını Antalyaya təlim-məşq toplanışına aparacaq. Həmin vaxt mən də orada olacam. Danışmışıq, görüşməliyik.

Ç – Çanov, Çerçesov. Həm Viktor Çanov, həm də Stanislav Çerçesovu çox bəyənirdim. Hər ikisi əla qapıçı idi. Keçmiş qolkiperlərdən Dino Zoff, Mişel Pfaff da çox xoşuma gəlirdi. Müasir futboda isə ən çox Canluici Buffon və Manuel Noyerin adlarını çəkə bilərəm. Bir də Tibo Kurtua. Özümüzünkülərin heç birinin adını deməyəcəm. Yox, xoşladıqlarım çoxdur. Amma kimisə özümdən incik salmaq istəmirəm. Kumirim kim olub? Sovet futbolunda dövrünün ən yaxşısı Rinat Dasayev. Həmişə ona oxşamaq istəyirdim.

D – Danışılmış oyun. 1993/94-cü illər mövsümündə “Turan”dan bizə oyunu uduzmağımızla bağlı təklif gəlmişdi. Təbii ki, rədd elədim. “Turan” 3-cü yeri tutmaq üçün sonuncu turda “İnşaatçı”nı məğlub etməli idi. Hesabda öndə idik. Kənardan da mənə deyirdilər ki, qol buraxmaq lazımdı. Axırda hirslənib əlcəkləri yerə çırpıb meydandan çıxdım. Hədə-qorxu gəldilər ki, meydana qayıtmasam, işdən çıxaracaqlar. Çıxarsınlar də. Məndən sonra “Turan” 2 qol vurub 3-cü oldu.
Bilirsiniz nə qədər təkliflər olub? Hamısından imtina etmişəm. Gərək pulu kişi kimi qazanasan. Heç vaxt övladlarıma haram çörək yedizdirməmişəm. “Xəzri”də olarkən “Kəpəz”lə final oyununda buraxdığım top qalmaqala səbəb olmuşdu. Bəziləri oyunu satdığımı düşünürdülər. “Xəzri”nin prezidenti, rəhmətlik Malik Atakişiyev araşdırdı və yalan olduğu bilindi.

E – Ev. “İnşaatçı” Evtikmə Kombinatının himayəsində idi. Kuboku qazandıqdan sonra kombinatın tabe olduğu Bakı baş Tikinti İdarəsinin rəisi Rauf Gülməmmədov bizi qəbul etdi. Yenicə ailə həyatı qurduğumu nəzərə alan baş məşqçimiz Məmməd Məmmədovun xahişi ilə mənə Qaraçuxurda 1 otaqlı ev verdilər. Üstündən 23 il keçib. Amma hələ də o evi ala bilməmişəm. Bilirsiniz niyə? 1993-cü ildə əlimdə order mənzilə baxmağa gedəndə orada Ağdam qaçqınlarının məskunlaşdığının şahidi oldum. Çox yerlərə müraciət etdim. Sonradan vəziyyətlə barışdım. İnşaallah nə vaxt qaçqınlar mənzillə təmin olunsalar, onda mən də öz evimə sahib çıxaram. Amma “Xəzri”yə keçəndə mənə verilən ev hələ də qalır. Orada yaşamasam da, Malik Atakişiyevdən yadigar saxlayıram.

Ə – Ərəblər. Ərəblərlə işləmək çox çətin idi. Bir balaca zəif nəticə göstərdin, qapını göstərirlər. Səudiyyə Ərəbistanı qapalı bir ölkədir. Alkaqol yasaqdı, qadınlar ancaq hicabda gəzirlər. Bu ölkəyə turist kimi getmək olmur. Ancaq Həcc ziyarəti zamanı mümkündü. “Əl Tavun”da 28 yaşında bir Vəhət adında qapıçı var idi. Onu necə hazırlaşdırdımsa, yarım ildən sonra milliyə çağırdılar. “Əl-Tavun” 14 komanda arasında 10-cu yerdə gedirdi, amma Frank Raykaardı əvəzləyən ispan məşqçi bir dəfə də yığma üzü görməyən Vəhdəti komandaya gətirdi. İndi yığmanın 2-ci qapıçısıdı. “Əl-Tavun”da 8 aya yaxın işlədik. 2012-ci ildə “Nazran”dan yaxşı təklif gəldi, Hacıyevski ora getdi. Avtomatik mən də onunla “Nazran”a keçdim. Amma “yaxşı” sözü dildə oldu. Pulumuzu kəsdilər. Mənə 35 min dollar borcludular. Cokoya verəcəkləri isə daha çoxdur. Yeri gəlmişkən, bununla bağlı FİFA-ya şikayət etmişik. Kluba martın sonuna kimi borcları ödəmək barədə xəbərdarlıq edilib.

F – Futzal. 2002-ci ildə Azərbaycanda futbol dayananda xeyli futbolçu futzala keçdi. O cümlədən mən də. Bir müddət “Gömrükçü”də oynadım. Yaxşı komandamız var idi. Maliyyə baxımından da problem yox idi. Komanda Kəmaləddin Heydərovun himayəsində idi. İlk ildə Azərbaycan Kubokunu götürdük. “Gömrükçü” üçün böyük uğur idi. Finaldan sonra bütün kollektivi “İpək yolu” restoranına dəvət elədi, qələbəmizi qeyd etdik. Yeyib-içmək, canlı musiqi, əla atmosfer… O vaxta kimi Kəmaləddin müəllimi yaxşı tanımamışdım. Sintezatorun arxasına keçib “Tərəkəmə”ni ifa etməsi hamımızın təəccübünə səbəb oldu. Demə, Kəmaləddin müəllim əsl incəsənət xadimi imiş, xəbərimiz olmayıb.

G – Gəncə. Karyeramda 2 dəfə “gəncəli” olmuşam. İlk dəfə 1993-cü ildə. “Kəpəz”in o vaxtkı rəhbərliyi ilə 1 illik razılaşdıq. Mükafat kimi mənə Kanada variantı təzə “VAZ 2106” verdilər. Sonradan imza atanda gördüm ki, müqavilə 2 illik nəzərdə tutulub. Razılaşmayıb oradan ayrıldım. Maşını da özlərinə qaytardım. Bir də İrandan qayıdandan sonra 3-4 ay Gəncədə oynadım. “Kəpəz”lə 10 min dollara razılaşmışdıq. İndiki kimi deyildi, o vaxtlar “Kəpəz”ə yaxşı baxırdılar, pullu komanda idi. “Kəpəz” çempion olmuşdu, UEFA Kubokunda çıxış edirdi. Rəqib Türkiyənin “Antalyaspor”u idi. İlk oyunda Gəncədə 0:1 hesabı ilə məğlub olduq. Hüseyn Məhəmmədov qırmızı vərəqə aldı, onun yerinə Xəyal Zeynalov qapıda dayandı. Antalyadakı oyunda isə mən oynadım. Sonra ailə vəziyyətim ilə bağlı çempionat başlamamış “Xəzər Universiteti”nə qayıtdım.

H – Hərbi xidmət. Əsgərliyi Bakıda – OİK-də keçə bilərdim. Amma adını çəkmək istəmədiyim məşqçi məndən böyük məbləğdə rüşvət istədi. Tikinti batalyonuna düşəcəyimi ehtimal etsəm də, göndərdilər Moskvadakı 30 saylı serjant məktəbinə. SSRİ-də ən məşhur hərbi məktəb idi. 6 ay orada zülm çəkdim. Təlimlər çox ağır idi. Heç də hamı axıra kimi dözə bilmirdi. 6 aylıq əziyyədən sonra bizə serjant rütbəsi verib ölkənin müxtəlif yerlərinə paylayırdılar. Həmin müddətdə özünü nümunəvi aparanları yaxşı hərbi hissələrə göndərirdilər. Pis aparanları isə… Ermənilərlə aramızda dava düşmüşdü, birini yaxşıca əzişdirmişdim. Özümü pis aparmışdım, amma futbolçu olduğuma görə kiçik serjant rütbəsi verib Sibirə “sürgün elədilər”. 7 gün qatarla yol gedəndən sonra Amur vilayətinin Arxara şəhərinə çatdıq. Arxarada hərbi hissələr və həbsxanalar çox idi. Düşdüyüm hərbi hissə komandiri də erməniydi – Kaçkanyan. Amma onun mənə ziyanı dəymədi. Haşiyə çıxım, 1983-cü ildə 17 yaşlılar arasında keçirilən spartakiadada Azərbaycan yığmasının heyətində 2-ci yeri tutduğuma görə “idman ustalığına namizəd” adı almışdım. Yaxşı yadımdadır, “Neftçi”nin Bakıdakı oyunlarının birinin fasiləsində bizi təntənəli surətdə medal və diplomla təltif etmişdilər. Bu da “delo”mda yazılmışdı. Kaçkanyan futbolçu olduğumu biləndə azərbaycanca soruşdu: “Əzizov, bakılısan? Doğrudan futbolçusan? Azərbaycanda pula görə çox şeyi saxtalaşdırmağın mümkün olduğundan xəbərdaram”. Biləndə ki, həqiqətən futbolla məşğul olmuşam, məni hərbi hissənin komandasınna apardı. Komanda Amur vilayətinin birinciliyində iştirak edirdi. İlk vaxtlar hücumçu kimi oynadım. Qapıçımız “dembel” idi. O, təxris olunandan sonra qapıya keçdim. Futbolun hesabını kef eləyirdim. Məni mətbəxə nəzarətçi təyin etdilər. Hərbi xidməti başa vurmağıma 3-4 ay qalmış ali məktəbə qəbul imtahanı verməyimə şərait yaratdılar. Blaqoveşensk şəhər Pedaqoji Universitetinin “Fiziki hazırlıq və idman” fakultəsinə qəbul oldum. Blaqoveşensk qapalı bölgə idi. Ora ancaq buraxılışla getmək olardı. Əsgərlik qurtarandan sonra mənə leytnant rütbəsi verdilər, universitetin komandasında oynadım. Elə 1-ci kursda oxuyarkən SSRİ birinciliyinin 2-ci dəstəsinin 4-cü zonasında çıxış edən “Amur”un məşqçisi Nikolay Fyodorov məni komandasına baxışa dəvət elədi. Beləcə, 21 yaşında komandanın 3-cü qapıçısı oldum. Adımı hansısa zavoda işçi kimi yazdılar, 250 rubl maaş verdilər, yataqxanada qalmağa yer ayırdılar. 30 manat tələbə təqaüd də öz yerində. Bir sözlə, hər şey əla idi. Amma evdəkilər orada qalmağıma imkan vermədilər. 2-ci kursda oxuyanda atamdan teleqram gəldi ki, bəs, anan xəstələnib, təcili Bakıya qayıt. Neyləyə bilərdim? “Amur”dan da, universitetdən də buraxmaq istəmirdilər. Həqiqətən xətrimi çox istəyirdilər. Razılaşmadım, məcbur olub 1988-ci ildə Azərbaycana qayıtdım. Ali təhsil də yarmçıq qaldı. Evə gələndə valideynlərimin məni aldatdığı məlum oldu. Rusiyada rus qızla evlənəcəyimdən ehtiyatlanıb bu yolla məni Bakıya qaytardılar. Orada qalsaydım, həyatım necə olardı? Doğrudur, dostlarımdan ayrı düşdüm, təhsilim yarmçıq qaldı. Bəlkə karyeramı da korladım. Amma nəyin necə olacağını bir Allah bilir. Bəlkə də qayıtmağım məsləhət idi. Əsgərlikdə başıma gələn gülməli bir əhvalat danışım. Faşizmin üzərində qələbənin 50 illiyi idi. Mayın 9-da Qırmızı meydanda hərbi parad keçirilirdi. Mən də qaravulda dayanmışdım. Parad qurtarana kimi tərpənmək olmazdı. Gözün ancaq bir nöqtəyə baxmalı idi. Bir sözlə, canlı heykəl idim. Yanımdan bir qadın keçdi. Qucağındakı uşağın əlindəki şar papağıma dəydi. Az qala düşəcəkdi. Paradın axırına kimi papağım əyri qaldı.

X – “Xəzri”. Məni “Xəzri”yə Malik Atakişiyev dəvət eləmişdi. 2 illik müqavilə imzaladıq. Şərtlər də yaxşı idi. Birinci il üçün mənzil, ikinci il üçün isə pul aldım. Heyf ki, “Xəzri”dən xoş olmayan hadisə ilə ayrıldım. Kubokun finalında “Kəpəz” ilə qarşılaşırdıq. Oyunun başa çatmasına az qalmış Xaliq Mərdanov 30 metrdən qüvvətli olmayan zərbə vurdu. Topu tutmaq istəyəndə əlimdən sürüşdü. Kuryoz qol alındı. O vaxt tez-tez belə bir kombinasiya qururduq – top mənə düşən kimi onu irəliyə vururdum. Hücumçularımız Əfqan Talıbov, Paşa Əliyev ilə Azər İsayev sürətli olduqlarından qapıçı ilə təkbətək çıxmaq imkanları olurdu. Xaliq topa zərbə endirəndə bir gözüm hücumçuları axtarırdı. Ona görə bir qədər diqqətsizlik etdim. Kubokdakı məğlubiyyət Malik müəllimi həvəsdən saldı, komandanı buraxdı. Heyf o komandadan. Yaranışının 2-ci ili 2-ci yeri tutmuşduq.

İ – “İnşaatçı”. Yaxşı kollektivimiz var idi – Zöhrab Qədiyev, Munis Abdullayev, İlham Əliyev, Yadigar Süleymanov, Aydın Ələkbərov… Müstəqillik dönəmində heç bir komanda ölkə xaricində təlim-məşq toplanışı keçmirdi. Amma biz 15 günlük Kalininqrada getmişdik. “İnşaatçı” ilə bağlı xatirələr çoxdur. Mehriban kollektivimiz var idi. Birini danışım. 1992-ci ildə Ağdamda “Qarabağ”la oynayırdıq. Fasilədə ermənilərin atdığı 2 “qrad” stadiona düşdü. Bizim uşaqlar qorxmuşdular. Amma “Qarabağ”ın futbolçularının vecinə deyildi. Öyrəşmişdilər deyə, onlara adi gəlirdi. İkinci hissədə fikrimiz oyunda yox, göydə idi. Bir gözümüz yuxarıbaxırdı ki, birdən yenə atarlar. Həmin oyunda 0:1 hesabı ilə məğlub olduq. “İnşaatçı”da olarkən milliyə namizəd idim. Bir neçə toplanışa dəvət almışdım. Bəs, niyə oynamadım? Baxın, həmin vaxt millinin qapısında kimlər dayanırdı – Aleksandr Jidkov, Elxan Həsənov, Nizami Sadıqov. 5 nəfər namizədin arasından 3-ü seçilirdi. İlk “beşlik”də olsam da, “üçlüy”ə düşə bilmədim. “İnşaatçı”da 7 ildən çox oynadım. 1994-cü ildə oradan ayrıldım. Bu komanda karyeramıda önəmli yerlərdən birini tutdu, mənim üçün tramplin rolunu oynadı.

J – Jurnalist. Sizlərə həmişə hörmətlə yanaşmışam. Bizim işimiz futbol oynamaqdır, sizin işiniz isə yazmaq. İranda olduğum müddətdə də bir neçə jurnalistlə dost olmuşdum. İndiyə kimi heç bir jurnalistin sualını cavabsız qoymamışam. Ona görə də, mətbuat əhli də hörmətimi saxlayır. Arada jurnalistlərlə futbol oynamağa da vaxt tapıram. Ötən yay Moldovada jurnalistlər arasında keçirilən ilk Avropa çempionatında iştirak etdik, 2-ci yeri tutduq. Böyük futbolda qazanmadığım vitse-çempion tituluna jurnalistlərin sayəsində layiq görülmüşəm (gülür).

K – Kəbə. Məkkədə çox olmuşam. Şəhərin yüksək dəstədə 2 komandası oynayırdı. Hər dəfə Məkkədə oyunumuz olanda Ümrə ziyarətinə getmişəm. Ümrə kiçik Həcc ziyarətidir. Həcc ziyarəti ilə fərqi elə də böyük deyil. Sadəcə, şeytana daş atmırsan və qurban kəsmirsən. Kəbədə başqa bir aləmdir. Elə bir nağıllardasan. Adamı vahimə basır. Çoxları Kəbədə olmağın həsrətini çəkirlər. Mənə qismət olduğuna görə çox xoşbəxtəm. Tezliklə, namaza gəlmək istəyirəm.

Q – Ququş. İranda olarkən baş məşqçimiz Həsən Rövşən bir dəfə mənə və komanda yoldaşım Elçin Həsənova sürpriz edəcəyini dedi. Bizi özü ilə Tehrana apardı. Ora nəyə görə getdiyimizi bilmirdik. Bir moda atelyesinin qarşısına çatanda təəccübləndik ki, biz hara, moda hara? İçəri daxil olanda nə baş verdiyini bildik. Demə, Həsən Rövşən bizi Ququşla tanış edəcəkmiş. Həmin vaxt ABŞ-da yaşayırdı. Amma işləri ilə əlaqədar tez-tez Tehrana gəlirdi. Bu dəfə də gələndə Həsən Rövşən ona komandasında oynayan 2 azərbaycanlı ilə tanış etmək istədiyni deyib. Ququşu “Uzun gecə” filmindən xatırlayırdım. Filmdə olduğu qədər həyatda da gözəl idi. Elə bil “kukla” ilə söhbət eləyirdin. Ququş bizi çox səmimi qarşıladı. Xeyli söhbət elədik. Özü də azərbaycan dilində. Heyf ki, o vaxt özümüzlə fotoapparat götürməmişdik. Xatirə şəkli çəkdirərdik. Həsən Rövşən dedi ki, bilək hara, niyə gedirik? Yeri gəlmişkən, Həsən Rövşənlə bağlı bir məlumat da deyim. Biz İranda olanda kitab nəşr etdirməyə hazırlaşırdı. Həyatı haqqında idi. Bizə demişdi ki, həmin kitaba mən və Elçinlə bağlı xatirələrini də yerləşdirəcək. Yəqin ki, kitab çoxdan hazır olub. Oxumağı çox istərdim.

L – Legioner həyatı. “Xəzri”də oynayanda məni bir iranlı menecer izləyirmiş. Bir gün hamımızın yaxşı tanıdığı Firudin Qurbansoy mənə yaxınlaşıb bu barədə bildirdi və İrana getməyi təklif etdi. “Xəzri” dağıldıqdan sonra 6-7 nəfərlə Misir Əbilovun yeni yaratdığı “Bakılı”ya keçdik. Misir müəllimlə şifahi razılığımız oldu ki, əgər İran komandalarının birinə getsəm problem yaratmayacaq. Qısası, Firudin müəllimin sayəsində 1996-cı ildə mən, Elçin Həsənov və Samir Məmmədov Təbrizin “Maşinsazi” komandasına baxışa getdik. Klubun prezidenti ilə görüşdük. Bizə bildirdi ki, sabah İran-İraq müharisəsində həlak olanların xatirəsinə həsr olunmuş turnir keçiriləcək. Bizi də orada yoxlayacaqlar. İlk oyunumuz “Traktorsazi” ilə idi. Təbrizin 25 minlik stadionundakı möhtəşəm atmosfer hələ də yadımdadır. Tribunaların yarıdan çoxu qırmızı idi. “Traktorsazi” qırmızı geyimdə idi. Qalan hissə isə bizim rəngimizə uyğun yaşıl rəngə boyanmışdı. Özü də azarkeşlərin oyunun gedişində Azərbaycan mahnılarını, illah da “Pəncərədən daş gəlir”i oxuması tüklərimizi biz-biz edirdi. Hələ nağarada tutulan ritmləri demirəm. Hər ikisi Azərbaycan komandası olsa da, barışmaz rəqib hesab olunurdular. Nə isə, həmin oyunda 0:1 hesabıyla uduzduq. Oyundan sonra Firudin müəllim məşqçinin məni bəyəndiyini bildirdi. Özü də məşqçi bilirsiniz kim idi? Həsən Rövşən. Elə-belə adam deyildi. Uzun illər İran millisinin futbolçusu olmuşdu. Şah dövründə şahzadənin ən yaxın dostu hesab olunurdu. İranda yüksək nüfuza, böyük hörmətə malik idi. Elçinlə Samirin də oyunları xoşlarına gəlmişdi. Hər üçümüzü saxlamaq istəyirdilər. Elə oldu ki, Samir OİK-də oynadığına görə icazə vermədilər. OİK U-21-in bazasıydı. Fuad Musayev millinin heç bir futbolçusuna kənarda oynamağa icazə vermirdi. Məcbur olub Bakıya qayıtdı. Mənlə Elçin “Maşinsazi”də qaldıq. İlk ilimizdə mənə 15 min dollar verdilər. Evlə, maşınla təmin etdilər. Müqayisə üçün deyim ki, həmin vaxt “Neftçi”nin ən yaxşı futbolçusu ilə 5 min dollar alırdı. Bizdən sonra İran çempionatına axın çoxaldı. Orada Azərbaycan futbolunu tanıtmışdıq. İran komandaları tərəddüdsüz bizim futbolçuları heyətlərinə qatırdılar. “Maşinsazi”də 3 ilə yaxın oynadım. İranda daha çox qala bilərdim. “Maşinsazi”də müqaviləmin müddəti başa çatmaq üzrə idi. Eşitdik ki, “Traktorsazi” bizi istəyir. Onların prezidenti mənimlə görüşdü və şərtlərimi soruşdu. 30 min dollar istədim. Razı olmadı. Bir xeyli “bazarlıq”daq sonra 28 minə razılaşdıq. Bu barədə “Maşinsazi” rəhbərliyinə deyəndə etraz etdilər. Biləndə ki, “Traktorsazi”yə getmək istəyirəm, “cin atı”na mindilər, böyük məbləğdə pul tələb etdilər. Müddəti bitdikdən sonra müqavilədə “Maşinsazi” razılıq vermədən İranın digər klublarında oynamaq hüququm olmadığı barədə bəndin olduğu ortaya çıxdı. Müqavilə bağlanarkən menecerim Firudin Qurbansoy bu bəndə fikir verməyibmiş. Bundan başqa ailədən aralı yaşamaq çətin idi. Qızım 1-ci sinifə getməliydi. Təbrizdə isə o boyda azərbaycanlıların yaşamasına baxmayaraq, Azərbaycan dilli məktəb yoxuydu. Ailəmə görə vətənə qayıtdım.

M – Məhəbbət. Blaqoveşenskdə oxuyarkən bir rus qızla dostluq edirdim. Adı Alyona idi. İngilis dili fakultəsində oxuyurdu. Atası da samballı vəzifədə idi. Blaqoveşensk şəhər “QAİ”sinin rəisi idi. Alyona qəşəng, ürəyəyatımlı, həm də savadlı qız idi. Bir-birimizə öyrəşsək də, onunla evlənməyəcəkdim. Bu haqda özünə də demişdim. Bakıya qayıtğıdımı biləndə çox pis oldu. Ürəyi sınmışdı, məndən ayrılmaq istəmirdi. O vaxtdan Alyonadan xəbərim yoxdu. Yəqin ki, ailə həyatı qurub, uşaqları var. Elə qız “evdə qalmazdı”. Həyat yoldaşım bunu bilsə nə olacaq? Heç nə. Çünki, Alyona haqqında hər şeydən xəbərdardır.

N – Nikah. Həyat yoldaşımın ailəsi ilə bizim ailə dost idi. Rəhmətlik qaynanam anamla uşaq baxçasında bir yerdə işləyib. Mən qaynanamın, yoldaşım isə anamın qrupunda tərbiyə almışıq. Bundan başqa qardaşlarım qayınlarım ilə bir qrupda, daha sonra da məktəbdə bir sinifdə oxuyublar. Qısası, çox yaxın olmuşuq. 1988-ci ildə valideynlərim məni aldadıb Bakıya gətirənən sonra hiss etdim ki, evləndirmək istəyirlər. Fikirlərini deyəndə, etiraz etmədim. 1990-cı il oktyabrın 22-də “Səadət” sarayında nikah bağladıq. Noyabrın 23-də isə 3-cü mikrorayondakı “Arzu” şadlıq evində toyumuz oldu.

O – Orxan Fikrətoğlu. 135 nömrəli məktəbdə Orxan Sadıqovla bir sinifdə oxumuşam. Yəni, hamımızın yaxşı tanıdığı istedadlı jurnalist Orxan Fikrətoğlu ilə. O da futbolla məşğul olurdu. Özü də çox istedadlı futbolçu idi. Yarımmüdafiədə oynayırdı. Ümumiyyətlə, Orxan universal insandı. Hələ məktəbdə oxuyarkən hekayələr, şeirlər yazırdı. 10-cu sinifdə atasının məsləhəti ilə futbolu atdı. Moskvada ali təhsil aldı. Orxan ağıllı oğlan idi. Çoxumuzdan fərqli olaraq, dərslərini vaxtında oxuyurdu. Futbolda qalsaydı, bəlkə də məşhur futbolçu olacaqdı. Amma oxumağa üstünlük verdi. Məncə, düz elədi. Sinif yoldaşlarımdan cəmi 2 nəfər – mən və İlham Əliyev futbolçu olduq. Qalanları hərəsi özünə bir sənət seçdi.

Ö – Övlad. 1 qızım, 1 oğlum var. 1991-ci il noyabrın 6-da ata olmuşam. Öz ad günüm də noyabrın 4-dədi. O vaxtdan ad günümü qeyd eləməmişəm. Qızımın doğum günü məni yaddan çıxarıb. Leylanın adını atam qoyub. Düzü, mənim də ürəyimcə idi. Keçən il BDU-nun “Biokimya” fakultəsini bitirib. İndi İqtisad Universitetinin magistraturasında təhsilini davam etdirir. Rəşad isə 1994-cü ilin ilk günündə – yanvarın 1-də doğulub. Rəşad da mənim kimi futbola hücumçu kimi başlayıb. Sonradan qapıçılığı seçdi. İlk dəfə “Neftçi”də, İslam Kərimovun rəhbərliyi altında məşqlərə başladı. Sonradan Roma Cəfərov Rəşadı “İnter”ə çağırdı. “İnter”in əvəzediciləri ilə çempion olub. Bir dəfə də “Neftçi”də həmin uğuru qazanıb. Məncə, oğlum məndən yaxşı qapıçıdı. Çünki o, 2 dəfə çempion olub. Mənsə, yox. Hazırda “Simurq”dadır. Rəhbərlik və məşqçilər ondan razıdılar, gənc qapıçı kimi ona böyük ümidlər bəsləyirlər. Bir ata kimi övladlarımdan, bir mütəxəssis kimi isə Rəşaddan razıyam. Baba olmaq? Əlbəttə, ürəyimdən keçir. Amma uşaqların heç biri ailə həyatı qurmayıb. İnşallah, mənə də nəvələrlə oynamaq qismət olar.

P – Penalti. Deməzdim penalti qaytarmaq üzrə usta idim. Amma 5-6 dəfə bunu bacarmışam. “Maşinsazi”də də 4 dəfə penalti qaytarmışam. Ən yaddaqalan penalti qaytarışım… 1992-ci ildə kubokun yarımfinalında “Xəzər”i (Sumqayıt) məğlub etmişdik. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatmışdı. Penaltilər seriyasında isə Yaşar Vahabzadə ilə Azər İsayevin penaltisini qaytarmışdım. Həmin oyunda baş verən bir epizoddan danışım. Əlavə vaxt başa çatandan sonra “Xəzər” qapıçını əvəzlədi. Elxan Həsənovun yerinə Rauf Salamov qapıya keçdim. Bu, qaydalara ziddi idi. Qaydaya görə, oyun başa çatandan sonra əvəzləmə olmaz. Finalda “Kür-Nur”la düşdük. Oyunun əsas vaxtı 1:1 başa çatdı. Əlavə vaxtda İlham Əliyevin vurduğu qolla ilə qalib olduq.
“İnşaatçı”da oynayanda 4 qol vurmuşam. Hamısı da penaltidən. Komandada penalti zərbələrini Zöhrab Qədiyev yerinə yetirirdi. O gedəndən sonra bu işi mənə tapşırdılar. Penalti qurtarmaqdan çox vurmağı daha yaxşı bacarırdım (gülür).

R – Rene İquita. “Nazran”da işləyəndə 2013/14-cü illər mövsümündə ilk oyunumuz Əl-Riyadda “Əl-Nəsr” ilə idi. “Əl-Nəsr”in qapıçılarla işləyən məşqçisi məşhur kolumbiyalı qapıçı Rene İquita idi. Oyundan əvvəl Rene ilə tanış oldum. Ona kimi Reneni özündənrazı birisi kimi tanıyırdım. Xatirinizdədirsə, dünya çempionatlarının final mərhələsində qapıda “min hoqqa”dan çıxırdı. Amma sadə, mehriban birisi imiş. Həmin mövsüm “Əl-Nəsr” çempion oldu. İquita hələ də orada işləyir.

S – Səhv. “Maşinsazi”də ilk mövsüm stabil çıxış etdim. Azarkeşlər də, məşqçilər korpusu da oyunumdan razı idilər. “İstiqlal”ın baş məşqçisi Nasir İcazi idi. Uzun illər İran millisinin üzvü olub, 1978-ci ildəki dünya çempionatında yığmanın qapısında dayanıb. Həsən Rövşənlə yaxın dost idilər. “İstiqlal” Asiya Çempionlar Liqasına vəsiqə qazanmışdı. Qapıçı axtarırdılar. Həsən Rövşən ona məni məsləhət görmüşdü. Bizim “Bərqi Tehran”la oyunumuza gəlib məni izləmişdi və bəyənmişdi. Amma rəhbərlik icazə vermədi. “Maşinsazi” ilə 3 illik müqaviləm var idi. “İstiqlal” fars komandası olduğuna görə razılaşmadılar. Buraxsaydılar, Çempionlar Liqasında oynayacaqdım. Nasir İcazi necə bəyənmişdisə, 1997-ci ildə məni İran Futbol Federasiyasına məsləhət görmüşdü. Onun futbol aləmində böyük nüfuzu var idi. Həmin vaxt İran millisinin qapıçısı Əbidzadə idi. İranda ona rəqabət aparacaq ikinci qapıçı yox idi. Qısası, İran millisində oynamaq, onlarla dünya çempionatının final mərhələsinə yollanmaq şansı yaranmışdı. Federasiya rəhbərliyi klubla danışdı. “Maşinsazi” də etiraz etmədi. Onlar üçün də yaxşı idi ki, qapıçıları İran millisində çıxış edəcək. Kimsə düşünə bilər ki, Faiq bunları özündən uydurur. “Maşinsazi”də bir yerdə oynadığım Elçin Həsənov Allah şahididir. O da İran millisində oynamamı istəyirdi. Nə baş verdiyini dərinliyinə qədər anlaya bilmirdim. Doğrudanmı, indiyə kimi heç bir azərbaycanlı balasının görmədiyi birincilikdə oynayacam? Razılaşmadım. Səbəb isə o idi ki, qorxdum. Fikirləşdim ki, İran millisində oynasam, onların vətəndaşlığını alsam, birdən məni Azərbaycana buraxmazlar. Bakıda qalan ailəm üçün qorxdum. Həm də Azərbaycan millisində oynamaq arzum idi. İmtina etməyimdə bunun da rolu az olmadı. Azərbaycan millisi durra-dura başqa ölkənin yığmasının şərəfini qorumağa ürəyim gəlmədi. Hələ də özüm üçün dəqiqləşdirə bilmədim – səhv etmişəm, ya yox (Böyük səhvdi – İ.T.).

Ş – Şuşa. Atam Lənkərandandır. Kökümüz isə İranın Ərdəbil bölgəsindəndir. Böyük nəsil olmuşuq. Yəqin ki, Kələntərli nəsli haqqında eşitmisiniz. Məşhur Talışinski nəsli ilə qohumuq. Çar Rusiyası vaxtında bölünüblər. Soyadım “babamımız babasının babası”nın adı ilə bağlıdır. Əziz baba SSRİ qurulanda Kələntərli soyadını dəyişib ki, torpaqları əlindən alınmasın. Anam isə əslən Şuşadandır. Uşaq vaxtı Şuşaya tez-tez gedərdik. 5-c sinifdən sonra gedə bilməmişdim. Məşqlər, yarışlar imkan vermirdi. Sonuncu dəfə Şuşada 1991-ci ildə olmuşam. Babamın qəbrini ziyarətə getmişdik. Onda mən Şuşanın necə gözəl bir yer olduğunun fərqinə vardım. Şuşaya gedən yollar yadımda qalmayıb. Çünki, yola yox, təbiətin yaratdığı gözəlliyə tamaşa edirdim. Özlüyümdə heyfsəndim ki, indiyə kimi bura niyə az-az gəlmişəm. Dünyanın çox yerində olmuşam, neçə-neçə ölkələr gəzmişəm. Şuşa qədər gözəl yer rastıma çıxmayıb. Bir yerdən başqa. İran Astarasından Ərdəbilə gedən yol dağların qoynundan keçir. Hər dəfə oradan keçəndə ayaq saxlayıb dağlara tamaşa edirdim. Ora mənə Şuşanı xatırladırdı.

T – Təbriz. Qədim şəhərimizdir. Əhalinin əksəriyyəti azərbaycanlılardan təşkil olunub. Təbrizdə 3 ilə yaxın qaldım. Hamı azərbaycan dilində danışır. Elə bil ki, Bakıdasan. Camaatın da bizə münasibəti yaxşı idi. Hər yerdə bizə hörmət edirdilər. Küçədə gəzmək olmurdu. Tanıyıb şəkil
çəkdirən kim, qonaq edən kim. Elçin ailəsini də özü ilə aparmışdı. Mənsə, qızım məktəbə getdiyinə görə ailəmi Bakıda saxlamışdım. Doğrudur, klub rəhbərliyi ayda bir dəfə 3-4 günlük ailəmə baş çəkməyə imkan yaradırdı. Amma onlarsız çox darıxırdım. Gec-tez Təbrizdən ayrılmalıydım.

U – Uşaq bağçası. Anam bağça müəlliməsi olduğuna görə 3 qardaş üçümüz də həmin həyatı yaşamışıq. Düzdür, anamın qrupunda deyildik. Özü qəsdən bizi başqa müəllimənin qrupuna saldırmışdı. İndi sakit olmağıma baxmayın, uşaq vaxtı çox nadinc idim. Düzdür, anama görə məni çox tənbeh eləməyiblər. Amma bir dəfə elə bir iş görmüşəm ki, müdirəmiz Nəsibə xanım əsəbindən məni vurmaqdan belə çəkinməyib. Əlimizə nəsə yanan bir şey keçmişdi. Uşaqlarla çamaşırxanada onu yandırdıq. Oradakı quru paltarlar da od tutdu. Az qala baxça yanacaqdı. Yanğınsöndürənlər gəlib söndürdülər. Onda rəhmətlik Nəsibə müəllimənin silləsinin dadını gördüm. Bir dəfə də baxçaya ərzaq gətirən “Moskviç”i əzmişəm. Sürücü ərzağı boşaltmaq üçün baxça işçilərinə kömək edirdi. Gizlində keçib oturdum maşında. Bilmədən əlim surət qutusuna dəydi. “Xolostoy”a düşən maşın arxa-arxaya gedərək acağa çırpıldı. “Moskviç” əməlli-maşlı əzilmişdi.

Ü – Üzrxahlıq. Hər bir insan səhv edir. Həmin səhvi etiraf etməyi, üzr istəməyi isə çoxları bacarmır. Bəlkə də özlərinə sığışdırmırlar. Əlbəttə, həyatda mənim də səhvlərim olub və üzrhaqlıq etməyi bacarmışam. Ən çox da validyenlərimdən üzr istədiyim yadımdadır.

V – Vaqif Sadıqov. Vaqif müəllimlə yollarımız çox qarşılaşıb. Futbolçu olarkən ona qarşı çox oynamışam. Ağıllı, texnikalı, meydanı yaxşı görən futbolçu idi. 2005-ci ildə Vaqif müəllimin dəvəti ilə U-21-ə gəlmişəm. Torresin gedişindən sonra Şahin Diniyev yığmanın baş məşqçisi oldu. Sağ olsun, mənə etimad göstərib əsas yığmaya çağırdı. Şahin müəllim həm istedadlı məşqçi, həm də gözəl insandı. Onların sayəsində futbolçu kimi olmasa da, məşqçi kimi yığmanın dadını gördüm.

Y – Yaşar Vahabzadə. Karyeram ərzində çox qol buraxmışam. Amma elələri olub ki, özümə də ləzzət eləyib. “İnşaatçı”da oynayarkən, “Xəzər”lə qarşılaşırdıq. Yaşar Vahabzadə topu “doqquzluğ”a göndərdi. Gözlənilməz zərbə idi. Top qapıdan keçəndən sonra özümə sual verdim – o, bunu necə etdi? Ümumiyyətlə, elə futbolçular var ki, qapıçılar həmişə onların zərbələrindən çəkinir. Mənim də çəkindiyim futbolçular var idi. Məsələn, Samir Ələkbərov, Əfqan Talıbov, Samir Əliyevin adını çəkə bilərəm. Çox texnikalı idilər, topu hara vuracaqlarını müəyyən etmək olmurdu. Hər üçündən qol buraxmışam.

Z – Zədə. Futbolla 40 yaşımda vidalaşmışam. 2005-ci ilin əvvəllərində yığma Karlos Alberto Torresə həvalə olunmuşdu. Vaqif Sadıqov da U-21 yığmamızın baş məşqçisi idi. Məni qapıçılarla işləyən məşqçi kimi komandaya çağırdı. Orada məşq zamanı soyuqlamışdım. Birdən-birə belimdə ağrılar başladı. Müayinədən keçəndən sonra məlum oldu ki, onurğamda 12 mm yırtıq əmələ gəlib. Həkim əməliyyat olunacağımı bildirsə də, yaxşı bir həkim tapdım. MTN hospitalında işləyirdi – Rüfət həkim. Onun sayəsində əməliyyatsız keçindim. Amma futbolu atmağı məsləhət gördü. Çünki qəfil hərəkət yenidən hər şeyi korlaya bilərdi.

“Əlifba dərsi”ni keçdi: İlqar TAĞIYEV

Fikirlərini bizimlə bölüş!