,

Gəncə stadionu haqda bilmədiklərimiz

“Kəpəz” rəsmiləri Gəncəyə qayıtmağa nə qədər həvəslidirlər?

Gəncəli azarkeşlərin uzun illər davam edən stadion həsrəti bitsə də, “Kəpəz”in doğma meydana ayaq basması ləngiyir. Bununda səbəbi arenanın ot örtüyünün hələ hazır olmamasıdır. Düzdü, bir müddətdir ki, gecikmə ilə olsa da bu yöndə işlərə başlanılıb. Əvvəldən də deyildiyi kimi arena ən müasir hibrid meydanla təmin olunacaq. Bu, çox möhtəşəm xəbərdir. Meydançanın belə olmasının bir çox üstünlükləri var ki, bu barədə hər yerdə yazılıb. Ona görə bir daha təkrarçılıq etmək istəməzdik. Təkcə onu xatırlatmaq yerinə düşər ki, bu cür qazonlar təbii otla yanaşı, süni sintetik lifdən ibarət olur. Sosial şəbəkələrdə də tirajlanan görüntülərdən aydın olur ki, stadionun hazır “gəvə”si salınıb, indi qalır səpiləcək toxumların cücərməsi. Bu proses də hava və digər şəraitlərdən asılı olaraq ayyarımdan iki aya kimi vaxtı əhatə edə bilər.

“Kəpəz” azarkeşlərini əslində maraqlandıran nəyin necə olacağı deyil, komandanın hansı tarixdə Gəncəyə qayıdacağıdır. Bu yöndə də müfəssəl məlumat yoxdur. Nə arenanın balansında olduğu Gənclər və İdman Nazirliyindən, nə də ki, burada çıxış edəcək klubun rəsmilərindən tutarlı informasiya almaq mümkündür. Əldə etdiyimiz xəbər görə, nazirliklə klub arasında müvafiq rabitə də yoxdur. Bütün proseslərdə klubu yox, yalnız şəxsi mənfəətləri düşünən “Kəpəz” rəsmiləri arenanın rəhbərliyi ilə yola getmir və münasibətlər də korlanıb. Ziyan isə əsas komandaya və onun azarkeşlərinə dəyir.

“Sarı-göylər”in Gəncəyə qayıtmasının yubanması Fərman Əlizadə və onun havadarlarının ürəyincədir. Çünki hazırda komandanın çıxışı qeyri-stabildir və vəziyyətin bu cür davam edəcəyi təqdirdə “istefa, istefa” sədaları səmada bülənd olacaq. Bunu isə Gəncə tribunasından eşitmək onlar üçün ağır sonluqla nəticələnə bilər. “Kəpəz” rəhbərliyinin hər məqamda mövsümün sonuncu matçını doğma meydanda keçirmək istəməsi ilə bağlı verdiyi açıqlamalar səmimi gəlmir. Axı sonuncu oyun “Neftçi” ilədir. Bu matçın dəqiq tarixi yoxdur, görüş 22-24 may tarixlərindən birində keçiriləcək. Əlizadənin isə quyruğuna yedəkləndiyi bakılılara digər iki qarşılaşmada olduğu kimi Nizami yurdunda da qələbə xalını asanlıqla verməsi cürət istəyir. Fərman bəy “Neftçi”dəki dostu Kamil Məmmədova görə Gəncədə rəqibə necə güzəştə gedə, Ohorini oynatmaya bilər?

Son olaraq bildirək ki, UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən Gəncə stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 343 yerlikdir. Arenanın təməli 2024-cü il aprelin 9-da Prezident İlham Əliyev tərəfindən qoyulub. Tarixin yaddaşına qovuşan köhnə stadionda son oyun 2023-cü ilin 3 sentyabr tarixində olub. Həm gün “Kəpəz” doğma meydanda “Araz-Naxçıvan”a 1:2 hesabı ilə uduzub. O gündən bəri komanda oyunlarını Qəbələ, Tovuz və Yevlaxda keçirib.


Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!