Bismillahir-Rəhmanir-Rəhim
Mənim Allahım birdir, təkdir. Yaradan da odur, yaşadan da. Amma bu, bir necə gəncəli üçün keçərli deyil. Göydə də inandıqları, qorxduqları var, yerdə də. Bəlkə də göydəkindən çox, yerdəkindən qorxurlar. Bizim üçün Allah hər yerdə, onlar üçün isə "tanrı" Gəncədədi.
Ən azından bizim günah işlədiyimiz halda çıxış yolumuz var, tövbə qapımız da açıqdı. "Allah bağışlayandır" deyib, ona sığınırıq. Amma onların "Allah"ı nə bağışlayandır, nə də rəhm edən. Vay o günə ki, bir səhv edəsən, gör sənə sağ ikən cəhənnəm əzabı yaşadır, yoxsa yox.
Jurnalistləri Gəncəyə aparan avtobusun qarşısını kəsən Post Patrul Xidmətinin əməkdaşının da gözündə "Allah" qorxusu var idi. "Qadanalım, mən kiməm ki? Başçı əmr verib ki, şəhərə tranzit nömrəli nəqliyyat vasitələrinin girişi qadağandır" deyən polis məmurunun bu qanun heç bir əsası olmadığını bilə-bilə əmr qulu olduğunu söylədi. Yaxşı ki, "Sirat" körpüsündən birtəhər keçməyi bacardıq. Dirəşsəydik, aqibətimizi bir Allah bilərdi, bir də özünü tanrı kimi aparan yerdəki.
Mənim dini savadım bu mövzu ətrafında kiminləsə müzakirə edəcək qədər mükəmməl deyil. Biliyim sadəcə, insanın Allah tərəfindən yaradılan ən böyük varlıq olduğunu dərk edəcək qədərdi. Amma Gəncə şəhər stadionunun media tribunasında gördüyüm "qulların" özünü ən dəyərsiz varlıq kimi aparması məni məyus etməyə bilməzdi. "Mən anqıracam, təpik atacam" deyən kişinin 50-dən az yaşı olmazdı. Vallah, elə belə də dedi. Əl çəkmədi ki, jurnalistlər media sektorunu tərk etməlidir. Sən demə, o, media sektorunu öz dili ilə desək, anqırmaq üçün istifadə edəcmiş.
Adətən, belə qalmaqallı məsələyə polisin müdaxilə etməyini görmüşük. Ancaq asayiş keşikçiləri yerindən tərpənmədi ki, tərpənmədi. Özüm polisdən sakitcə soruşdum ki, əmoğlu, sən canın, bu kimdi? Cavabından "Başçının adamıdı, tapşırıb ki, azarkeşləri coşdursun" deyəndə əlim üzümdə qaldı. Anladım ki, kimdənsə imdad diləməyin, onu tribunadan uzaqlaşdırılmasına dair tələbdə çıxış etməyin heç bir mənası yoxdu.
Qarşılaşma Rəhim Həsənovun start fiti ilə başladı. Az sonra isə qeyd etdiyim azarkeşlərin tanrı hesab etdiyi icra başçısı Elmar Vəliyev Gəncə şəhər stadionuna təşrif buyurub, onun üçün ayrılmış VİP lojada əyləşdi. Təbii ki, əgər ora VİP loja demək olarsa…
Elə "anqıracam" deyən azarkeşlərin fəallığı da bundan sonra başladı. Qulağımızın dibində barabana var gücü ilə vuran, jurnalistlərin Gəncəyə qonaq gəldiyini unudan şəxslər özünü icra başçısına göstərməyə çalışırdı. Bir fanatın "durun azarkeşlik edin" deməsinə heç bir reaksiya verməyib, yerindən tərpənməyən yaşlı azarkeşlər Vəliyevin "Bura Gəncədir, buradan çıxış yox" şüarını səsləndirməyi tələb etməsi ilə ayağa qalxdı. Yəqin ki, artıq vəziyyətin fərqinə özünüz sözügedən arenaya baş çəkmədən vardınız.
Onun "tanrılığını" bir də matçın fasiləsinə yaxın gördüm. Polis bizə yaxınlaşdı ki, "icra başçısı yuxarıda əyləşib, siqaret çəkməyin!" Görəsən, bu söz özünü anqırmağa layiq bilən şəxslərə deyilsəydi, hansı səhnəyə şahidlik edərdik? Bir anlıq gözümün önündə rəhmətlik türk aktyoru Kamal Sunalın bir filmindəki səhnədə dediyi ifadə yadıma düşdü: "Ben puro yemeye bayılırım".
Azarkeşləri ayağa qaldıran, gəlişi bəzilərinin dəridən-qabıqdan çıxmasına, polislərin farağatda dayanmasına səbəb olan icra başçısının özünü 54-cü dəqiqə Dario Federiko vurduğu qolla ayağa qaldırdı. Amma onun sevinci 21 dəqiqə çəkdi. Reynaldo matçın yekun nəticəsini təyin edən qola imza atdı.
Əslində, "cəhənnəm" əzabının Rəhim Həsənovun final fiti ilə başa çatdığını düşünmüşdüm. Sən demə, yanılmışam. Arenanı tərk edib, mətbuat konfransına tərəf yollanmaq istəyəndə polis məmuru yenə qarşımızı kəsdi. Dedi ki, icra başçısı çöldədi, sizi yalnız o gedəndən sonra buraxacam. Öz-özümə düşündüm, aman Allah, mən haradayam?
Hə, "tanrının dərgahı"nda…




Fikirlərini bizimlə bölüş!