Antalyada U-17 yığmamızla eyni oteldə məskunlaşmışıq. Gəldiyimiz ilk gün liftin qarşısında əynində yığmanın geyimi olan bir yeniyetməylə qarşılaşdım. Başına gələnlər bilər, qərib yerdə bir həmyerlini görəndə az qalırsan, boynunu qucaqlayasan, vətən həsrətini onunla birlikdə özündən uzaqlaşdırasan.
Həmin nəcib hisslərin təsiri altında tələm-tələsik millimizin futbolçusuna salam verdim. Salamımı təbəssümlə qarşılayan yeniyetmə rus dilində cavab verdi, "hələlik azərbaycanca öyrənə bilməmişəm" dedi. Məyus olmuşdum. Ona görə yox ki, aşağı yaş qruplarında belə gəlmələrin oynaması faktıyla üz-üzə qaldım.
Bu yeniyetmə oğlan nə birincidi, nə də sonuncu. Azərbaycan futbolunun mətbəxində nələrin baş verdiyini bilən-lərdən biri kimi mən də belə faktlara öyrəncəliyəm. Liftin qarşısındakı məyusluğumun səbəbi doğma dildə salamlaşmaq, kiminləsə söhbətləşmək arzumun gözümdə qalmasıydı. Əminəm ki, bundan sonra 10 il də keçsə, həmin uşağa bizim dili öyrədən olmayacaq. Kimin nə vecinədi?
Klublarımızın bir çoxunda yabançı dillər işlənmə səviyyəsinə görə öz dilimizi üstələyir. Türkiyədə keçirdiyi yoxlama görüşlərində bir-biriylə rusca danışan futbolçularımızı görüncə, türklər bizim Rusiyanın əsarətindən qurtulmadığımızı düşünməyib, nə etsinlər? Günü bu gün də Azərbaycan klubları formaların kürəyində futbolçuların adlarını ingilis dilində yazırlar. Neçə dəfə demişik, özümüzdən başqa eşidən olmayıb.
Antalyaya gələndən sonra U-21-in təzə çalışdırıcısı Yaşar Vahabzadənin müsahibəsini oxudum. Cənab Vahabzadə sol cinah müdafiəçisi axtarışında olduğunu deyir, həmin mövqedə millidə oynatmağa layiq kimisə tapa bilməməsindən şikayətlənir. Sözarası axtarışı nəticəsiz qalacağı halda əcnəbilərə müraciət edəcəklərinə, "milliləşdirilmiş" müdafiəçinin köməyindən istifadə edəcəklərinə işarə vurur. Bərəkallah, Yaşar bəy. Özümüz özümüzü inkar edirik. Bir tərəfdə AFFA-nın son neçə ildə apardığı uğurlu siyasəti tərifləyir, uşaq futbo-luna qayğıdan ağızdolusu danışırıq. Digər tərəfdən millinin müdafiəsinin solunda oynatmağa futbolçu tapmırıq. Niyə bu haqda Elxan Məmmədova vaxtında məlumat verməmisiz?
AFFA-nın baş katibi belə məsələlərə həssas yanaşır. Bir neçə günün içində ya Ukraynadan, ya da Almaniyadan sizin üçün ürəyiniz istəyən futbolçunu tapıb, "milliləşdirərlər". Belə şeylərə görə ürəyinizi sıxmayın. Futbolçu yetişdirməyi bacarmasaq da, əcnəbilərə Azərbaycan pasportu verməyi, onları neft pullarıyla şirnikləndirməyi yaxşı bilirik.
Eşitdiyim digər maraqlı xəbər də elə milli və onun saxta azərbaycanlılarıyla bağlıdı. Robert Prosineçki bir neçə ildi gününü Türkiyənin PTT Liqasında keçirən Branimir Subaşiçə ehtiyac duyub, onu fevraldakı toplanışa çağıracaq. Sevindiyimdən göylərə uçuram. Örkənin uzanıb-uzanıb, axırda doğanaqdan keçməsi buna deyirlər. Futbolumuzun analoqsuz inkişafının nəticəsidi. Serbiyalı futbolçunu heç öz doğma vətənində belə xatırlayan yoxdu. Amma biz onu unuda bilmirik.
Prosineçki və köməkçiləri, eləcə də Məşqçilər Komitəsinin dəyərli üzvləri yarım ay Antalyanı dolaşdılar, axırda da Subaşiçi tapdılar. Sevinməyək, nə edək? Xatırladım ki, serbiyalı hücumçu bu mövsum PTT-də cəmi 3 qol vurub və millidəki son oyununda meydana çıxandan az sonra aldığı qırmızı vərəqəylə komanda yoldaşlarını pis vəziyyətdə qoymuş, bizi isə məyus etmişdi.
Taleyin istehzasına bax, yenidən ona möhtac olmuşuq. Bu faktın özü bir daha sübut edir ki, Azərbaycan futbolunun gələcək inkişafı üçün doğru-düzgün heç bir proqram yoxdu. Bizim futbol içi balla dolu arı şanıdı, hər kəs onun üzərinə qonub, iynəsini sancmaq arzusundadı. Sonra da bacardıqca daha çox şirəni canına çəkirsən. Belə bir xoşbəxtlik yenidən Subaşiçə qismət olacaq. Haydı, Subaşiç! Ümidimiz göydə Allaha, yerdə sənədi. Azərbaycan futbolunu düşdüyü uğursuzluq quyusundan çıxarmaqda Prosineçkiylə Elxan Məmmədova kömək et…




Fikirlərini bizimlə bölüş!