Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Gelaşvilinin 17 dəqiqəsi

“Qarabağ” ardıcıl iki turda xal itirsə belə, hələ də çempionluğa ən real namizəd sayılır. Qış fasiləsindən sonra “İnter” kosmik peyklər sayağı sürət yığsa da, çempionluq kubokunu aparan qatar çoxdan gedib. Amma ortada bir danılmaz həqiqət var. Mövsüm sona yaxınlaşdıqca “köhlən atlar”ın yorulduğu, ağır-ağır nəfəs aldığı hiss olunur. Sanki həsrətlə gözlənilən çempionluğun həyəcanı futbolçuları psixoloji gərginliyə salıb, əzişdirməkdədi.

Əslində, belə psixoloji problemlər uzun fasilədən sonra qızıl medalları boynundan asmağa hazırlaşan komanda üçün normal hesab olunmalıdı. Hər nə qədər peşəkar futbolçu olursa-olsun, meydanda topun dalıyca qaçanlar da insandı. Belədə psixoloji çətinliklərin yaşanması da təəccüblü deyil. Elə bu səbəbdən də mövsüm ərzində “Qarabağ” haqqında yazdığım az qala hər yazıda “köhlən atlar”ın rəqiblərin qeyri-sabit qrafik cızmasından maksimum yararlanmalı olduğunu, xal fərqini bacardıqca artırıb, finişə doğru daha rahat nəfəs dərməyin vacibliyini vurğulayırdım.

Gün ötdü, ay dolandı həmin problemlər özünü göstərməyə başladı. Üstəlik, məlum psixoloji gərginliklə yanaşı əsas heyət üzvlərində fiziki cəhətdən axsamalar da müşahidə olunur. Eyni adlar bir komandanı ardıcıl neçə oyunda qələbədən qələbəyə daşıya bilər? Hər şeyin bir sonu olduğu kimi lokomotiv sayılan futbolçuların da gücünün tükənməsi, eləcə də rəqib komandaların məşqçilərinin müxtəlif taktiki gedişlərə əl ataraq, “Qarabağ”ı dayandırmağın yolunu axtarması göz qabağındadı. Necə ki, gürcü Georgi Çixradze hər dəfəsində “Qarabağ”ın əsas “silahlarını” zərərsizləşdirməyi bacarır.

Elə son qarşılaşmada da Böyükağa Hacıyev “köhlən atlar”ın şah damarını sıxa bildi. Reynaldoya sürət yığıb, uzun reydlər etməsi üçün boş meydan verilmədi. Yersiz aqressivlikdən əziyyət çəkən Almeyda da enerjisinin çoxunu rəqib futbolçularla itişməyə-boğuşmağa sərf etdi. Məlum məsələdi ki, hər bir məşqçinin bu cür situasiyalar üçün hazırladığı B planı olmalıdı. Oyunun gedişində müxtəlif əvəzetmələrlə taktikaya müdaxilələr etməklə, sərfəli nəticə qazanan məşqçiləri çox görmüşük. O cümlədən Qurbanovun özünü.

“Neftçi”ylə qarşılaşmada Qurban bəy komandasının hücum xəttini gücləndirib, qələbə qolunu vurmasından ötrü Vüqar Nadirovla Nikolas Gelaşvilini meydana buraxdı. Vüqarın bu mövsüm özünə bənzəmədiyi, əcnəbilərin kölgəsində itib-batdığı hamının bildiyi həqiqətdi. Gürcü hücumçunu isə sözün bütün mənalarında və tam cəsarətlə fiasko adlandırmaq mümkündü. Yadınızdadısa, hələ mövsümün əvvəlində Qurban bəy bu transferə görə çox tənqid olundu, dəfələrlə qələm əhliylə çalışdırıcının mübahisəsi düşdü. Reynaldo, Leroy və Almeyda üçlüsü mövsümü yüksək səviyyədə keçirdiyindən bir müddət Gelaşvili mövzusu da unudulmuşdu.

Qış fasiləsində Qurbanov tənqidçilərə acıq verirmiş kimi Gelaşvilinin həmyerlisi Jaba Dvalini də komandasına gətirdi. “Zestafoni”nin keçmiş forvardı da həmyerlisi kimi Azərbaycanda gün keçirib, pul qazanmaqla məşğuldu. Gelaşvilini ara-sıra meydanda görmək “xoşbəxtliyi” bizə nəsib olsa da, Dvali hələ köhnə zədələrini sağaldır. Həmin Gelaşvili də “Neftçi”ylə oyunun 75-ci dəqiqəsində Muaremin əvəzinə meydana çıxdı. Çıxdı, nə çıxdı?

İki dəqiqə sonra top təsadüfən Nikolasın sinəsinə toxunub, istiqamətini dəyişdi. Hər şey o qədər sürətlə baş verdi ki, gürcü özü də topun hardan gəlib, hara getdiyini anlaya bilmədi. Növbəti üç dəqiqəni ora-bura vurnuxan Gelaşvili 80-ci dəqiqədə meydandan çıxan topu əlinə götürüb, aut atışını yerinə yetirdi. Sözlərimə inanmayanlar oyunun videoyazısını izləməklə hər şeyi dəqiq görə bilərlər.

Meydana hücumçu kimi çıxıb, qələbə qolunu vurmalı olan Gelaşvili “Neftçi”nin cərimə meydançasında cəmisi bircə dəfə topa toxuna bildi. Həmin epizodda da top arxadan onun dabanına dəyib, qapıdan əks istiqamətə uçdu. Tərs kimi, qarşılaşmanın hakimi Fariz Yusifov da oyuna cəmisi iki dəqiqə əlavə elədi. Beləcə, Gelaşvilinin budəfəki 17 dəqiqəlik topsuz məcarası da başa çatdı. Kim bilir, bəlkə oyun 95 dəqiqə davam eləsəydi, istedadlı forvard axır ki, topa əməlli-başlı zərbə vurmağa imkan tapacaqdı?…

Fikirlərini bizimlə bölüş!