Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qisas qiyamətə qalanda…

Avroliqanın qrup mərhələsinin püşkatmasından sonra əksəriyyət “Qarabağ”ın Azərbaycan futbolu tarixində daha bir ilki gerçəkləşdirmək üçün əla şansa malik olduğunu düşünürdü. Əsassız deyildi belə yanaşma. “Sevilya”nı çıxmaq şərti ilə qalan iki rəqibin münasib olması pley-off arzularımızı cücərtmişdi. Arxada qalan 3 oyun da bu cür düşünənlərin haqlı olduğunu ortaya qoydu. Hətta APOEL ilə son heç-heçədən sonra belə, “Qarabağ” tarixi ilkə daha yaxın görünür. Hər şey Qurban Qurbanovun komandasının öz əlindədi. Sadəcə, bir məsələ var ki, təmsilçimiz məsələni böyük ölçüdə bitirmək fürsətini qaçırdı.
Biranlıq təsəvvür edin ki, APOEL-i Bakıdan boynubükük yola salmışıq. Çempionlar Liqasındakı ağır zərbənin əvəzi çıxılıb, qrupda durumumuz nəzərəçarpan dərəcədə yaxşılaşıb. Əlbəttə, belə olacağı təqdirdə əsas rəqib sayılan yunanlar, demək olar ki, taleyi ilə barışacaqdı. Hətta iki həftə sonra Nikosiyada keçiriləcək növbəti oyuna belə psixoloji cəhətdən sarsılmış vəziyyətdə çıxacaqdılar. “Qarabağ” isə əksinə, qələbənin gətirdiyi yüksək əhval-ruhiyyədə oyuna hazırlaşacaq, təzyiqsiz-filansız səfərə yollanacaqdı. Təəssüf ki, bütün bunlar olmadı. “Köhlən atlar” rəqibini “Tofiq Bəhramov”da üstələməyi bacarmadı. Çox çalışdı, amma bacarmadı. Hətta qələbə bir yana, sonda 1 xala da şükr etməli olduq. Yox, bununla yunanların Bakıdakı qarşılaşmada “at oynatdığını” demək istəmirəm. Sadəcə, 90 dəqiqə üstün olduğumuz oyunun ssenarisi bizim üçün arzulanan istiqamətdə getmədi. Rəqibin ilk yarının sonunda gələn “paltardəyişmə otağına qol”u hər şeyi korladı. Bu isə istər-istəməz bir tərəfin psixoloji üstünlük qazanması deməkdisə, digər tərəfin sarsılması anlamına gəlir. Amma yaxşı ki, Qurban Qurbanov fasilədə yetirmələrinə lazım olan sözləri dedi və “Qarabağ” ikinci yarıda da üstün futbol sərgiləməklə vəziyyəti düzəltdi. Daha artığına isə gücləri çatmadı.
Əlbəttə, futbol səhvlər oyunudu və bunsuz keçinmək mümkün deyil. Futbolçular da insandı, robot deyillər. Srağakünkü qarşılaşmada da hər iki komandanın üzvləri kobud səhvlərlə yadda qaldılar. Rəqib bundan maksimum yararlandısa, bzimkilər əlavə olaraq bir neçə fürsəti də boşa verməklə arzulanan qələbəni qaçırdılar. Maksim Medvedevin buraxdığımız ilk qoldakı mövqe səhvi, hissənin sonunda Ayltonun yersiz tələsməsi fonunda Rəşad Sadıqovun inanılmaz texniki xətası, həmçinin fərqləndiyimiz epizodlarda rəqib futbolçuların səhvləri… Futbol budu! Səhvlər milyonların könül verdiyi bu oyunun ayrılmaz, tərkib hissəsidi. Məgər dünya ulduzları səhv etmir, saç-baş yoldurmurlar? Məgər buna görə onları məşhər ayağına çəkirlər, “dərhal karyerasını bitirsin!” deyirlər? Rəşad Sadıqov özü müdafiəçidi, mənim kimi ötən günlərinin həsrətini çəkən “3 nömrə”yə də ehtiyacı yoxdu. Amma belə də olmaz, bəylər. Vallah-billah, olmaz. Hər dəfə adamı səhvinə görə göydən yerə vurmaq, “bütün itləri onun üzərinə buraxmaq” nə insanlığa sığır, nə də peşəkarlığa. Heç keçmişdə nələr etdiklərini bir-bir sadalamaqla da onun müdafiəsinə qalxmayacam. Adam səhv edib, vəssalam. Hər bir futbolçunun etdiyindən edib! Axı, yaşın nə fərqi var?! Bu nə məntiqdi, nə yanaşmadı?
Əminəm ki, qisas qiyamətə qalmasaydı, bütün bunlar da yazılıb-pozulmayacaqdı. Amma yuxarıda qeyd etdiyim kimi, hər şey hələ də “Qarabağ”ın öz əlindədi. Rəqibin psixoloji üstünlük qazandığını düşünənlərlə də razı deyiləm. Düzdü, evdə oynayacaqlar və bunun müəyyən müsbət təsirini inkar etmək olmaz. Lakin irəli atılacaqlar, çünki buna məhkumdular, qələbə qazanmaqdan başqa variantları qalmayıb. “Qarabağ”ı isə əksinə, 1 xal da qane edəcək. Deməli, ağdamlılar səfərdə daha rahat oynayacaq. Tələsmədən əks-hücumlarda şansını gözləyəcək. Tarixi ilkə bir addım da yaxınlaşmaq üçün…
P.S. Azərbaycan futbolunun, “Qarabağ”ın problemi birmənalı şəkildə 37 yaşlı Rəşad Sadıqov deyil. Nə qədər şablon səslənsə də, problem onun kimi birini yetişdirə bilməməyimizdi.

Fikirlərini bizimlə bölüş!