Azərbaycan futbolu

Xəbərlər və təhlillər

«Köhlən atlar»ın ayaq səsləri ÇL-dən niyə kəsildi? Günahkarlar həm də orda, AFFA-dadı!

«Köhlən atlar»ın ayaq səsləri ÇL-dən niyə kəsildi?
Günahkarlar həm də orda, AFFA-dadı!

«Qəbələ»nin ilk, «İnter»in ikinci mərhələdən uzaqlaşdığı avrokuboklarda Azərbaycan iki klubla yoluna davam edir. «Qarabağ»la «Neftçi»nin Avropa Liqasındakı rəqibləri artıq məlumdu və bizi qarşıda azı hələ dörd oyun gözləyir. Nə olacaq, necə olacaq, yaşayıb görəcəyik. Amma dəqiq olan bir şey var: Avropanın bir nömrəli klub turniri sayılan Çempionlar Liqasından əlimizi üzmüşük. Böyük ümidlər bəslədiyimiz, gücünə başqa klublarla müqayisədə daha çox inandığımız «köhlən atlar»ın ayaq səsləri Çempionlar Liqasından tez kəsildi. Niyə? Nə üçün? Nə mane oldu?

Görünən səbəblər

Təbii, «Zalsburq»la Bakıda keçirilən oyunda «Qarabağ»ı meydana kapitan sarğısında çıxaran Admir Telinin uşaq səhvi olmasaydı, hər şey başqa cür də ola bilərdi. Ukraynalı referi tərəfindən bir sarı vərəqə alan alban müdafiəçinin bir qədər sonra başının üstündən keçən topu əliylə saxladığı epizoda heç məhlə futbolunda da rast gəlinmir. Belə səhvi heç hələm-hələm həvəskar futbolçular da etmir. Teli ikinci sarı vərəqəni alıb meydandan qovulmasaydı, «köhlən atlar» azlıqda qalan rəqibini 2:1 hesabıyla yox, bəlkə də 2:0, 3:0 məğlub edəcəkdi ki, bu da növbəti mərhələyə keçmək üçün bəs edərdi.

Reynaldonun «Zalsburq»la ilk görüşdə qırmızı vərəqə alması isə Bakıdakı oyunun yox, ümumilikdə cütün taleyini həll etdi. Teli meydandan qovulsa da, «Qarabağ» onsuz da lazım olan qələbəni qazanmışdı və qalırdı Avstriyada bu üstünlüyü qorumaq. Amma bir az da ukraynalı hakimin insafsızlığına yaza biləcəyimiz Reynaldonun qırmızı vərəqəsi ümidlərimizi yarıbayarı azaltdı. Braziliyalı forvard «Zalsburq»la cavab matçında meydanda olsaydı, bu qədər aciz, qorxaq «Qarabağ» görməyəcəkdik. Bunu əminliklə demək olar. Reynaldonun Avstriyada meydana çıxmaması «Zalsburq»a psixoloji üstünlük qazandırdığı kimi, «Qarabağ»ı da psixoloji cəhətdən sındırmışdı. Axı bu futbolçu doğrudan da Bakıdakı oyunda rəqibin kabusuna çevrilmişdi. Belə bir hücumçunun cavab qarşılaşmasında olmaması avstriyalıların əl-qolunu açdı.

Ehtiyat qüvvənin yoxluğu

Reynaldonun yoxluğunda «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovdan tutmuş, futbolçulara qədər hər kəs komandanın bir futbolçudan ibarət olmadığını, mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini deyirdilər. Amma onlar yalan danışırdı. Gözlərinin içinə qədər yalan. «Valletta» kimi rəqiblərlə oyunlarda sən Reynaldosuz da keçinə bilərsən. Lakin «Zalsburq»la qarşılaşırsansa, Reynaldo komandanın yarısı, bəlkə yarısından da çoxu deməkdi. O, bunu Bakıdakı oyunda da sübut etmişdi.

Reynaldonu əvəz edəcək futbolçunun olmaması, ya da əvəz edənin Vüqar Nadirov olması isə məğlubiyyətə məhkum olmaq deməkdi. Eyni sözləri Admir Telinin yoxluğunda onu əvəz edəcək səviyyədə müdafiəçinin olmaması haqda da demək olar. Bu uşaqlar – Vüqar Nadirov, İlqar Qurbanov, Qara Qarayev, Namiq Yusifov, Tərlan Quliyev, hətta Maksim Medvedevin özü də böyük turnirlər üçün deyil. Onların eyibləri Almeyda, Teli, Ansi Aqolli, Reynaldo, Cumbinyo və Leroy Corc meydanda olanda elə də gözə görünmür. Amma elə ki, Teliylə Reynaldo olmadı, azərbaycanlı futbolçular meydanda sayca üstünlük təşkil etdi, bizimkilərin nə qədər bacarıqsız və aşağı səviyyəli futbolçu olduqları fakta çevrilib gözümüzə girdi.

Çempionlar Liqasında oynayırsansa, sənin ehtiyatında Reynaldo, Almeyda, Teli səviyyəsində futbolçuların olmalıdı. Yox, ehtiyatında olanlar Namiq Yusifov, İlqar Qurbanov, Vüqar Nadirov olacaqsa, onda sənə ÇL-də yer olmayacaq. Necə ki, olmadı.

AFFA, insaf et, daşı tök ətəyindən

Ancaq bütün bunlara görə «Qarabağ» rəhbərliyini, Qurban Qurbanovu da birbaşa ittiham etmək olmur. Kim istəməz ki, heyətində Reynaldoların, Leroy Corcların sayı çox olsun? Kim istəməz ki, əsas müdafiəçilərindən biri meydandan qovulanda onu elə o səviyyədə legionerlə əvəzləsin? Kim istər ki, İlqar Qurbanovu müdafiənin cinahına göndərib, sonra da özü ürək dərmanı axtarsın? Yox, yox, Qurban Qurbanov ağılsız adam deyil. O da başa düşür ki, yaxşı komanda qurmaq üçün yaxşı legionerlər olmalıdı. O da anlayır ki, azərbaycanlı futbolçularla Çempionlar Liqasının pley-off mərhələsinə, qrupuna vəsiqə qazanmaq möcüzədən də ötə bir şeydi. «Qarabağ» rəhbərliyi də, Qurban Qurbanov da bunu anlayır. Amma Azərbaycan Premyer Liqasında yerli futbolçuların əl-qolunu açan 6+5 limiti həyasızcasına adamın üzünə irişir. Və…

Və hamının anladığı sadə həqiqəti AFFA rəhbərliyi anlamır. Kor tutduğundan əl çəkməyən kimi, Rövnəq Abdullayevin təşkilatı da «limiti dəyişib, azərbaycanlı futbolçuları inkişaf etdirməliyik» prinsipindən əl çəkmir. Bir halda ki, sənin millinin baş məşqçisi Berti Foqts Reynaldonu, Almeydanı yığma komandada görmək istəyir, sən niyə «dirəşmisən»? Yerli futbolçunu istədiyin qədər oynat. Səviyyəsi yoxdusa, uşaq yaşlarından futbolçu kimi düzgün yetişdirilməyibsə, nə xeyri olacaq? Bu qədər sadə həqiqəti başa düşmək üçün ali məktəb oxumağa, futbola aid ensiklopediyaları vərəqləməyə ehtiyac yoxdu. Bir az məntiq, bir az da vicdan, insaf lazımdı. Ki, bunların da heç biri AFFA-da yoxdu. Varsa, onda legioner limitinə tətbiq etdiyiniz 6+5 qaydasını götürün atın zibil qabına. Bu dəfə heç kimi sizi gündə bir qərar dəyişirsiz deyə ittiham etməyəcək, heç kim sizi söyməyəcək. Ziyanın yarısından qayıtmaq da xeyirdi.

Çempionlar Liqasının pley-offunda, qrup mərhələsində komanda görmək istəyiriksə, AFFA, insaf et, daşı tök ətəyindən, klubları yerli futbolçulara məhkum etmə. Bu məhkumluq uğursuzluğa məhkum olmaq deməkdi. Necə ki, «Qarabağ» bunu yaşadı, yaşatdız onlara.
“Komanda”

Fikirlərini bizimlə bölüş!