Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Hələ də başa düşmədiniz, “niyə yox?!”

Dünənki oyunun hələ də söhbətləri, müzakirələri davam edir.
Baxıram, hamı son dəqiqədə buraxılan qolun, şok məğlubiyyətin acısıyla yazır. Buna görə də təhlillər romantik alınır:) Futboldu, əlbəttə ki, udmaq da var, uduzmaq da. Romantikanı qoyaq bir kənara. Gəlin hesab eləyək ki, o son dəqiqədəki qol heç olmayıb…

***
Prosineçki dünən Rəşad Sadıqovun varlığını nəzərə almasaq, həqiqətən də ən yaxşı, ən düzgün heyətini meydana çıxarmışdı. Gəl ki, ancaq meydana çıxarmışdı… Yəni 11-lik, düzülüş, anlayış düz idi. İrəliləyən dəqiqələr isə göstəri ki, oyunun iştirak ərizəsinə yazılan adlar optimal variant deyil. Elə birini deyim…
Sən əgər hücumda Ramil Şeydayevə güvənirsənsə, onun stilində ikinci hücumçunu – Rauf Əliyevi bu yığmaya çağırıb, yanında oturtmalısan. Məsələn, adını iştirak ərazəsinə yazmadığın Renad Dadaşov, yazdığın Ağabala Ramazanov ayrı cürə hücümçulardı, Araz Abdullayev də hücumçu deyil.
Rəqibin baş məşqçisi hər əvəzləmədə Roberti bir addım məğlub elədi. O dərəcdə məğlub elədi ki, xorvat 87-ci dəqiqədə olan-qalan yeganə hücumçusunu da çıxarıb 0:0 ilə razılaşdı.

Prosineçki 90 dəqiqəyə yaxşı hazırlaşsa da, oyunun gedişində sanki ağlı Bursada, Valensiyada gəzişirdi. Oyunçulara meydançanın bizə aid olan hissəsində paslaşıb rəqibin xətləri arasında məsafəni geniş tutmaq tapşırığı verilmişdi. Bu taktika 35 dəqiqə özünü doğrultdu. O`nil 35-ci dəqiqədən sonra komandasına həmin o mənasız geri ötürmələrin arxasınca getməməyi tapşırdı. Oturun baxın, 35-ci dəqiqədən sonra İrlandlar öz mövqelərində 5-10 metrlik pressinq tətbiq edir, zona müdafiəsi ilə məşğul olur, uzun məsafəyə qaçmırlar. Prosineçki oyun bitənə qədər rəqib baş məşqçinin işi çözdüyünü anlamadı. Nəticədə komanda o 75% top saxlama statistikası dediyiniz üstünlüyü Kamran Ağayevin qapısına doğru oynamaqla qazandı. Axırda da elə Ağayevin qapısına yol tapıldı.

***

Qol da bu 11-likdəki yeganə səhvlə, Rəşad Sadıqovla bağlı idi. Onun artıq uzun müddətdir həm "Qarabağ"ın, həm yığmanın beynəlxalq səviyyəli oyunlarında buraxdığı silsilə metodiki səhvlər seiyasının biri.
AFFA rəsmi saytından baxıram, bu ölkədə 30-a yaxın UEFA Pro lisenziyası almış məşqçi var. Rəşad Sadıqov da 1 il sonra eyni kateqoiyaya sahib olacaq. Həmin o 30 məşqçini qoyaq bir kənara, indi A lisenziyasına sahib olan Rəşad özü əgər müasir xətti müdafiə standardlarını öyrənə bilibsə, oturub öz oyunlarını təhlil eləməli, bir nəticəyə gəlməlidi. Onun Azərbaycan futboluna, yığma komandaya böyük xidmətləri olub. Ona "get" demək, "get" eşitdirmək ayıb olar… Özü başa düşməlidi.

Fikirlərini bizimlə bölüş!