Deyirlər ki, ABŞ-ın prezidenti Barak Obama tutduğu postdan istefa verib. «Yankilər»in qaradərili prezidentinin istefa verməsinin səbəbi xeylax gülməlidi. Amerika prezidentlərinin iqamətgahının – «Ağ ev»in qapısında dayanan gözətçi qapını bir neçə saniyə gec açıb deyə, Obama özündən çıxıb, «daha bu ölkəyə rəhbərlik etmərəm» deyib.
İnanmadız hə, Obama məsələsinə? Amma yazsam ki, «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanov 55-ci dəfə istefa verib, dərhal inanarsız. Nöşün ki, Süleymanov istefa verməyə, biz də onun istefa xəbərini eşitməyə adətkar olmuşuq.
Ümumiyyətlə, «Neftçi»də «istefa» sözünə ya nifrət var, ya da hədsiz sevgi. «Xalq komandası»nda işləyənlər elə bil sözü bir yerə qoyub and içiblər ki, «istefa»nı hörmətdən, gözdən salmaq üçün gündə acqarına üç, toxqarına beş dəfə istefa verəcəklər. Verəcəklər, sonra təzədən qayıdıb bir də verəcəklər, bir də, bir də… Bu oldu «Neftçi»nin istefaya olan nifrəti. Amma qara fikirli olmayaq. Ola bilər ki, başda Sadıq Sadıqov, axırda Böyükağa Hacıyev olmaqla hamısında «istefa» sözünə sonsuz məhəbbət var. Yəni bir film sevişmə səhnəsiylə başlayırsa, bu, həmin filmin erotik film olması anlamına gəlməz. Filmə axıra kimi baxmaq və hansısa səhnələrə aldanmamaq lazımdı. «İstefa»ya «Neftçi»də nifrət var, yoxsa hörmət – «film»i izləməyə davam.
Böyükağa Hacıyev «Koper»ə Bakıda məğlub olandan sonra demişdi ki, səfərdə udsaq da, uduzsaq da, istefa verəcəm. Allahdan elə oldu ki, «ağ-qaralar» necəsə Sloveniyada qələbə qazanıb, mərhələ adladı. Bəs Hacıyevin aqibəti necə oldu? Bütün günü köhnə «Neftçibaza»da işsiz məşqçilərlə oturub, işləyən məşqçilərin arxasınca danışır, yoxsa qəzetlərin, saytların ofislərini qapı-qapı gəzib «mənə hansısa klubda bir iş tapın» xahişi edir? Odey, adam Gürcüstandadı, «Çixura»yla oyuna hazırlaşır. İndi bundan sonra Hacıyev min dəfə desə ki, «istefa verirəm» kim inanar? Heç kim. Zarafat da bir yerə qədər, kardeşim. Bir az kreativ olun, camaata gülmək üçün təzə mövzular verin, maraqlı «kino» göstərin.
Məsəlçün, bir gün xəbər çıxsa ki, Tahir Süleymanov «Neftçi»nin baş məşqçisi təyin olunub, Böyükağa Hacıyev də vitse-prezident postuna əyləşib, inanın hamı gülməkdən qəşş edər.
Onsuz da çoxu bilir ki, «Neftçi»nin oyunlarında heyəti də, taktikanı da Süleymanov qurur, Böyükağa Hacıyev qazonun kənarında yalandan baş məşqçilik edir, qazanılan uğur isə klubun prezidenti Sadıq Sadıqovun adına yazılır. Yəni baş məşqçiylə vitse-prezidentin yerini dəyişmək dərindən düşünəndə haqqın yerini tapmasıdı. Axı nə vaxtadək Hacıyev Süleymanovun uğurlarını öz adına çıxıb, Sadıq Sadıqovu da buna şərik edəcək? Bu klubun gerçək bir baş məşqçisi var, o da Tahir Süleymanovdu. Hətta əldə etdiyim dəqiq məlumata görə, «Koper»lə cavab oyunu üçün heyəti də, taktikanı da vitse-prezident müəyyənləşdirib. Təbii ki, Hacı Sadıqın xeyir-duası ilə. Hacı demişkən…
Hacı Sadıq Sadıqovun sonuncu mövsümün axırlarında «futbolinfo.az» saytına müsahibəsində «çempion olmasaq, vallah, istefa verəcəm» deməsi yadınızdadı? Çempion «Qarabağ» oldu. Hacı isə hələ də «Neftçi»nin prezidentidi.
Kardeşim, başa düşdük, istefa-istefa oyunu maraqlıdı, xalqı da əyləndirirsiz (Allah razı olsun). Amma zarafata istefa verirsizsə, yeri-göyü yaradanı niyə məsələyə qoşursuz?
Açığı, mən də arada yalan danışıram. İndi həyatdı da, olur. Ancaq bir dənə təsəllim var ki, mən heç vaxt Həcc ziyarətində olmamışam.
“Komanda”




Fikirlərini bizimlə bölüş!