"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev mövsümün sonunda "Neftçi"dən gedəcəyini deyib. Hacıyevin bu cür açıqlama verməsi heç də əbəs yerə deyil. O, qış fasiləsi ərəfəsində aldığı "hazır maşın"ın benzininin qurtartığını artıq başa düşüb.
Hacıyev qurduğu tələyə özü düşdü. Sən demə, Nazim Süleymanova tikilən torbanın materialı çürük imiş. Əslində, Süleymanov "Neftçi"də olan durumdan xəbərdar idi. Ona görə də rəhbərliyə "futbolçu alın" tələbini irəli sürüb, “yox” cavabını alaraq, paytaxt klubundan üzüsulu getmişdi.
Süleymanov heç pilləkənləri düşməmiş Hacıyev qonşu otaqdan gələrək Sadıq Sadıqovun komandası ilə müqaviləyə imza atdı. Ancaq çox keçmədi ki, Hacıyev də Süleymanovun ahına tuş gəldi. Belə ki, "Böyük oyun"da Hacıyev "oyuna gəldi". Mahir Şükürov, Bruno Bertuççi və Karlos Kardosonun "kəndirbazlıq" etməsi növbəti turlarda "Neftçi"nin büdrəməsinə səbəb oldu. İş o yerə çatdı ki, Böyükağa müəllim autsayder "Sumqayıt"a qarşı matçda əsas oyunçularına start heyətində şans vermədi. Bunu fürsət bilən beyniqanlı "kimyaçılar" da Sumqayıtda "Neftçi"ni biabır etdi.
Oyun sonrasında açıqlama verən flaqmanın baş məşqçisi deyirdi ki, günah məndədi. Bu yerdə adamın sümüyünə mərhum Mirzə Babayevin repertuarındakı bir mahnı düşməsin, neyləsin?
Hər ikimiz bilə-bilə,
Nədən birdən qalxdıq zilə,
Göz yaşımız dönüb selə,
İndi günah nə səndədi, nə məndə.
Hacıyevin arxı hoppanmamış “hop” deməsi, birdən-birə elə zilə qalxmasını təəccüblə qarşılamaq lazım deyildi. Axı, o, hardan bilərdi ki, birdən-birə heyət baxımından problemlərlə üzləşəcək? Hacıyevin “hazır maşın" hesab etdiyi "Neftçi" "Zapı" çıxdı. Bu “Zapı”nın da motoru göz önündə deyil ki, adam bir çarə qıla.
Düzdü, Hacıyevin "Neftçi"dən gedəcəyi heç də inandırıcı deyil. O, vaxtı ilə baş məşqçi postundan istefa verib, klub prezidentinin müşaviri vəzifəsinə gedəndə də yenə komandaya müdaxilə edə bilirdi. Bəs, dünyanın 8-ci möcüzəsi baş verərəsə, Hacıyevi kim əvəzləyəcək? Sözsüz ki, "Neftçi"nin əcnəbi məşqçiyə tapşırılacağı gözlənilmir. Çünki "xalq komandası"nın rəhbərliyi vaxtı ilə əcnəbilərin əlinin duzunu görüb. Heç yerli mütəxəssislər də Nazim Süleymanovun başına gələnləri bilə-bilə "Neftçi"yə gəlib, üzünün suyunu tökməz. Belə çıxır ki, elə Hacıyev "Neftçi"də qalacaq. O, axı, "Neftçi"dən gedənlərin bir də qayıtmadığını yaxşı bilir…




Fikirlərini bizimlə bölüş!