«Bakı» təslim edilməlidi – onu yıxan rəqibə
Hələ iki il əvvəl cəmiyyət onu kosmik uğurun gözlədiyini düşünürdü. İspaniyada Madrid «Atletiko»su ilə başlayan layihə Fransaya da yönləndirilmişdi. Bu layihələrin hakimiyyətin yüksək təbəqəsində də dəstəkləndiyi sezilirdi. «Atletiko»nu ölkə prezidentinin qəbul etməsi bunun bariz göstəricisi idi. Ölkə daxilində də nüfuzu artırdı Hafiz Məmmədovun.
Hər şey bu açıqlamadan başladı
İlk dəfə «Komanda» qəzetində AFFA-nın prezidenti postuna namizədliyi müzakirəyə çıxarıldı. Dərhal da cəmiyyətdən dəstək gəldi. Rövnəq Abdullayevin yarıtmaz idarəçiliyi fonunda Hafiz Məmmədovun namizədliyinin dəstəklənməsi başa düşülən idi. İctimaiyyət Azərbaycan futbolunda yenilik, inkişaf tələb edirdi.
Üstündən iki il keçib, Hafiz Məmmədovun xaricdə reallaşdırdığı bütün layihələr iflasa uğrayıb. Azərbaycan daxilində də vəziyyət acınacaqlıdı. Məmmədovun prezidenti olduğu “Bakı” demək olar ki, dağılıb. Dünənə qədər pulunu balta kəsməyən “Bakı”nın 140 min dolları olmadı ki, borclu olduğu futbolçulara ödəsin. Ödəsin ki, FİFA-nın cəzasından qurtula bilsin. Son anda bu vəsaiti AFFA – Rövnəq Abdullayev ödədi. Hafiz Məmmədovun və “Bakı”nın müflis olmasının səbəbkarı olan əsas şəxs.
Təbii ki, Hafiz Məmmədovun bu duruma düşməsinin səbəbi futbola həm bağlı deyil, həm də bağlıdı. Bu, hakimiyyətdə təmsil olunan qruplararası mübarizənin təzahürüdü.
Hafiz Məmmədovun AFFA prezidentliyinə namizədliyi müzakirə olunan ərəfədə Rövnəq Abdullayev mətbuata belə açıqlama vermişdi: «İnanmıram ki, Hafiz Məmmədov mənim yerimə gəlmək istəsin». Hər şey bu açıqlamadan başladı. Əslində, Abdullayev inanırdı, inanırdı ki, Məmmədovun onun yerinə gəlmək ehtimalı realdı. AFFA prezidentliyindən getmək Abdullayevin məmur kimi də karyerasının başa çatmasının göstəricisi ola bilərdi.
Abdullayevə edilən tövsiyə nə olub?
Bu məqamda həmin vaxt cəmiyyətdə gəzən bir söz-söhbəti xatırladaq. Deyilənlərə görə, Rövnəq Abdullayevin AFFA prezidenti postu ilə bağlı xüsusi planı olub. O, bu posta “Neftçi”nin prezidenti Sadıq Sadıqovu oturtmaq istəyirmiş. Elə bu məqsədlə də hakimiyyətin yuxarı dairələrinə «işim çoxdu, çatdırmıram, istəyirəm AFFA-dan gedim» ismarıcını çatdırıb. Cavabında «namizədin varmı» sualını eşidib. Abdullayevin Sadıq Sadıqovun namizədliyini irəli sürdüyü, amma yuxarı dairələr tərəfindən qətiyyətlə rədd olunduğu deyilir. Deyilənlərə görə, Abdullayevə «get, Hafiz Məmmədovla söhbət et» tövsiyəsi edilib. Məhz bu məqamda Rövnəq Abdullayev Hafiz Məmmədovun onun üçün nə qədər ciddi rəqib və həm də ciddi təhlükə olduğunu anlayıb. Anlayınca da Hafiz Məmmədovun vurulması planı hazırlanıb. Bunun üçün əvvəlcə onun ətrafı «təmizlənməli», Məmmədovun dövrəsində Rövnəq Abdullayevə yaxın şəxslər yerləşdirilməli və o, mətbuatda gözdən salınmalıydı.
Abdullayevin Hafiz Məmmədova qarşı mübarizəyə başlamasının ilkin detalları Madrid “Atletiko”su Bakıya gələrkən bəlli oldu.
Həmin vaxt AFFA rəhbərliyi Məmmədovun ideyasını – “Atletiko”nun Azərbaycan ulduzları ilə oynaması planını qəbul etmədi. Özü də nümayişkaranə surətdə.
Təbii ki, xaricdə bir-birinin ardınca layihələr həyata keçirən və hakimiyyətin yüksək təbəqəsindən dəstək görən Hafiz Məmmədovun vurulmasına başlanılmalıydı. Proses artıq hakimiyyətdaxili qrupların mübarizəsi müstəvisinə keçirdi. Rövnəq Abdullayevin təmsil olunduğu qrup real təhlükəni – Hafiz Məmmədovu aradan götürməliydi.
Hafiz Məmmədov kələfin ucunu necə itirdi?
Qeyd etdiyimiz kimi, ilkin proses Məmmədovun ətrafının «təmizlənməsindən», onun mediada gözdən salınmasından başlamalı, daha sonra maliyyə rıçaqları qapadılmalıydı.
Hafiz Məmmədovun ətrafı qısa zamanda təmizləndi. Qardaşı Zeynal Məmmədov və ona sədaqəti şübhə doğurmayan Nail Əliyev «Bakı»dan uzaqlaşdırıldı. Ardınca mətbuatda Məmmədova qarşı anti-təbliğat kampaniyasına start verildi. Məhz bu kampaniyanın nəticəsində Hafiz Məmmədov xarici mətbuatda, xüsusən də Fransa mediasında sağlam düşüncəli iş adamı kimi yox, ərəb şeyxi qismində tanıdıldı. Belə tanıtım təbii ki, Avropada Hafiz Məmmədovla yanaşı, Azərbaycanın da imicinə zərbə sayılırdı. Özünün cah-cəlalını böyük şövqlə avropalıya göstərmək, özünə vurulan balta effekti verdi. Bu məqamda Rövnəq Abdullayevin qrupu Hafiz Məmmədovu hakimiyyətin yuxarı təbəqəsində gözdən salmağa başladı. Onun haqqında Avropa mətbuatında çıxan yazılar prezident aparatına ötürülür, Məmmədovun Azərbaycanı xaricdə biabır etdiyi fikri formalaşdırılırdı.
Hafiz Məmmədov isə bu ərəfədə kələfin ucunu itirmişdi. Bu təbliğatın onu hara aparacağını anlamaq iqtidarında deyildi. Çünki ətrafındakı adamlar (onları çoxları tanıyır) – Rövnəq Abdullayevə işləyənlər hər şeyin yaxşı olacağını vəd edirdi.
İldırım sürətli əməliyyat
Abdullayev isə öz işində idi. Təmsil olunduğu qrup Hafiz Məmmədov haqqında «Azərbaycanı Avropada ərəb ölkəsi kimi təqdim edən adam» imici formalaşdırmış və onun maliyyə rıçaqlarının qapadılmasına razılıq almışdı. Bu razılıqdan sonra Hafiz Məmmədovun bitirilməsi prosesinin 3-cü mərhələsinə start verildi.
Əsas gəlir mənbəyi neftçıxarmadan və nefdaşımadan olan Məmmədovun biznesinə sarsıdıcı zərbə vuruldu. “Qum adası” və “Bahar” yataqlarında neft hasilatı ilə məşğul olan “Bahar Energy Ltd” əməliyyat şirkətinin qarşısına sədd çəkildi. “Bahar Energy Ltd” şirkətinin səhmlərinin 66,7 %-i Hafiz Məmmədovun sahibi olduğu “Baghlan Group”a məxsus idi. Ardınca mətbuatda “Bank of Azerbaijan” Hafiz Məmmədovdan alındı” başlıqlı xəbərlər yer aldı.
Hafiz Məmmədovun maliyyə dayaqlarının qapadılması prosesi çox sürətlə həyata keçirildi. Proses barədə mətbuatda kifayət qədər məlumatlar yer aldığından, bunun detallarına varmaq istəmirik.
Abdullayevin Seyidova vədi…
Qayıdaq futbol sahəsinə. Rövnəq Abdullayev ona rəqib olan bir şəxsin futbol təsərrüfatında qalmasına heç cür razı ola bilməzdi. AFFA prezidenti “Bakı”nı da tamamilə sıradan çıxarmağı planlaşdırırdı. Daha doğrusu, klubu özünün nəzarətinə götürmək üzərində düşünürdü. Deyəsən, artıq bu proses də yekunlaşmaq üzrədi.
“Bakı”nın vitse-prezidenti Yaşar Seyidov mətbuata verdiyi açıqlamalarda “Rövnəq Abdullayev bizə çox kömək edib” fikirlərini səsləndirərkən bu prosesin getdiyi müşahidə olunurdu. İndiki məqamda Seyidov Hafiz Məmmədovun yox, Rövnəq Abdullayevin komandasında təmsil olunur. Deyilənlərə görə, Abdullayev Seyidova «sənin komandadakı yerin toxunulmazdı» vədini verib.
…və baş katibin mesajı
Rövnəq Abdullayevin “Bakı”nın Ruslan Leviqa və Aleksandr Tomovskiyə olan 140 min dollarlıq borcunu ödəməsi də (görün, Hafiz Məmmədov hansı vəziyyətə salınıb ki, 140 min dollara da möhtac qalıb) Məmmədovu ondan tam asılı vəziyyətə salmağa hesablanıb. Məqsəd sonuncu addımı atmaq – “Bakı”nın infrastrukturunu da ələ keçirməkdən ibarətdi.
Bununla bağlı işarəni AFFA-nın baş katibi Elxan Məmmədov mətbuat günüylə bağlı keçirilən tədbirdə verdi: «Biz Tomovskiyə 78 min 499 dollar, Leviqaya isə 59 min 975 dollar ödədik. Amma bunu borc şəklində vermişik. Yəni «Bakı»ya kredit açılıb». «Kredit açılıb» mesajının arxasında «Bakı»nın əmlakının mənimsənilməsi prosesi durur.
Elxan Məmmədovun “Bakı” ilə bağlı verdiyi daha bir məlumata diqqət ayıraq: «Hafiz Məmmədovla danışmışıq. O bizə söz verdi ki, vəziyyət düzələcək. Bu səbəbdən də “Bakı” püşkatmada iştirak edəcək. Amma biz vəziyyətin düzəlməyəcəyi ehtimalını da nəzərə alaraq, «B planı» üzərində çalışırıq. Hazırda iki şirkət “Bakı”ya sponsorluq etmək istəyir. İki şirkət olduğu üçün ad açıqlamaq istəmirəm. Onlar bu işdə maraqlıdılar. Vəziyyət düzəlməsə, həmin şirkətlərdən biri yəqin “Bakı”ya sponsorluq edəcək. Hazırda “Bakı”nın gələcək aqibətiylə bağlı bir neçə variant var. «A planı» komandanın elitadakı çıxışını davam etdirməkdən ibarətdi. «B planı» komandaya yeni sponsor tapmaqdı. «C planı» isə bu komandanı birinci diviziondakı hansısa klubun əvəzləməsidi. “Bakı” yeni mövsümə elitada başlasa, sona kimi çıxış etməlidi. Hansısa komanda çempionatın gedişində çıxışını dayandırsa, bu, faciə olacaq».
Baş katibin bu açıqlamasından hər şeyi sezmək mümkündü. Hafiz Məmmədova müəyyən şərtlər altında futbol təsərrüfatından tamamilə ayrılmaq, “Bakı”nı təhvil vermək təklif olunub. Digər maraqlı məqam isə AFFA-nın dar macalda “Bakı”ya sponsor tapması ilə bağlıdı. Özü də ikisini birdən. Necə olur ki, AFFA uzun illərdi Gəncə və Tovuz futboluna sponsor tapa bilmir, amma “Bakı” üçün dərhal himayəçi çıxır? Təbii ki, bu himayəçi elə Rövnəq Abdullayevin özüdü…
Elxan Məmmədovun daha bir cümləsinə diqqət etsək, vəziyyət tam aydınlaşacaq: «Bakı» yeni mövsümə elitada başlasa, sona kimi çıxış etməlidi. Hansısa komanda çempionatın gedişində çıxışını dayandırsa, bu, faciə olacaq».
Baş katib bu fikirlə Hafiz Məmmədovun “Bakı”nı elitada saxlamaq iqtidarında olmadığını cəmiyyətə çatdırır. Bu o deməkdi ki, Hafiz Məmmədov klubu təslim etməlidi. Onu yıxan rəqibə – Rövnəq Abdullayevə. Əks təqdirdə, nə Hafiz Məmmədov olacaq, nə də “Bakı”.
P.S. Rövnəq Abdullayev artıq Hafiz Məmmədovun ideya müəllifi olduğu layihəni də tam nəzarətinə keçirib. SOCAR Türkiyənin “Qalatasaray” komandası ilə müqavilə bağlayıb. Yəqin ki, ardınca Avropanın digər ölkələrində də fəaliyyət genişləndiriləcək.
«Komanda» qəzeti




Fikirlərini bizimlə bölüş!