Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Hafka” yenə səviyyəsini ortaya qoyur

2 klub prezidentindən rüşvət təklifi

AFFA-nın daha bir konfransı tarixin yaddaşına köçdü. Şablon çıxışlar, təkrarçı nitqlər, gözdən pərdə asan vədlər… Yalnız AFFA prezidenti Rövnəq Abdullayev özündə cəsarət tapıb etiraf etdi ki, “Öz işimdən razı deyiləm, harada işləmişəmsə, belə olub. Futbolda da belədi. Adekvat nəticələr əldə etməmişik. Futbola yaradılan şəraitlə əldə olunan nəticələr uyğun gəlmir”.

Təbii ki, Abdullayev də yetərincə qayğı göstərilən futbolda uğurlarımızın çox olmasını arzulayır. Bu, həm də onun işgüzar imicinin daha da yaxşılaşmasına kömək edər. Amma görək onunla birgə konfransda, İcraiyyə Komitəsinin iclasında olanlar nə edir? Şablon təriflər, yalançı vədlər yağdırır, sonra da zibillərinin üstünü örtmək üçün başqa yollara əl atırlar.

“Bakı” klubunun prezidenti və İcraiyyə komitəsinin üzvü Hafiz Məmmədov da konfrans iştirakçıları arasında idi. Bu dəfə də bir çoxları cənab Məmmədovu güdür, bu dəfə də ondan ürəyinin, daha doğrusu, cibinin ağzını açmasını gözləyirdi. Elə bunun üçün də bir sıra jurnalist saymadığımız və bu adı ləkələyən insanlar AFFA-nın konfransını, İcraiyyə Komitəsinin qəbul edəcəyi qərarı unudub, Hafiz bəyin atacağı addımı həyəcanla izləyirdilər. Əsl qələm sahiblərinə hörmətimiz sonsuzdu, ancaq Hafiz bəyin hərəkət marşrutunu izləyənlər bizim də təmiz adımızı batırır. Düzdü, onlar arasında həqiqətən klub prezidentindən maraqlı müsahibə götürmək istəyənlər var idi. Amma əksəriyyət onun barmaqlarında çevirdiyi əskinasların qoxusuna toplaşmışdı.

Çox təəssüf ki, Məmmədov da belə yalaqlara qarşılıq verir, onların “arzusunu həyata keçirirdi”. Hafiz bəyin bu hərəkəti media nümayəndələrini təhqir etməkdən, alçaltmaqdan başqa bir şey deyil, o, özü də belə reklamda maraqlıdı. Səxavətli prezident bu hərəkəti ilə ya əliaçıqlıq imici formalaşdırır, ya gələcəyinə yatırım edir, ya da İspaniyada, Fransada gördüyü işlərin hələ əsl effektinin görünməməsinin üstünə pərdə çəkilməsini istəyir. Kiməsə rüşvət vermək, lap elə yardım göstərmək istəyirsizsə, heç olmasa, bunu gizlicə reallaşdırın, pulu camaatın gözü qarşısında yox, çağırıb ofisinizdə də verə bilərsiz.

Ancaq martın 7-dəki tədbirin fasiləsində Məmmədovun atdığı addım tamamilə fərqli oldu. O, konfrans bitdikdən sonra İcraiyyə Komitəsinin üzvlərini də unutmadı. Belə ki, Hafiz bəy iki İK üzvünü də bir neçə avroyla mükafatlandırdı. Biri veteran futbolçu, digəri isə başqa bir tanınan sima olan bu cütlüyün adını etika xatirinə, yaşlarına hörmət etdiyimizdən qeyd etmirik. Ancaq lazım olsa, onların kimliyini də yaza bilərik. Düzü, Məmmədovun gözümüz qarşısında onlara niyə “qonaqlıq” verdiyinin səbəbini bilmədik, bununla belə, yəqin ki, millət içində onları alçaltmaqda gələcəyə yönəlik xüsusi məqsədi var. Onun bəzi yalaq jurnalistlərə, daimi “əməkdaşlıq etdiyi” üzdəniraq yazarlara hansı yolla pay göndərdiyini görmədik. Ancaq eşitdiyimizə görə, onlardan bəziləri “daha sizə heç nə verməyəcəm” ismarıcını alıb.

Digər bir biabırçılıq isə “Simurq”un prezidenti Anar Bəkirovun adıyla bağlıdı. O da konfrans iştirakçıları arasında idi. Konfransın yekununda əməkdaşımız qəbul olunan qərarlarla, “Simurq”un çıxışı ilə bağlı müsahibə götürmək üçün ona yaxınlaşdı. Düzdü, Anar bəy əməkdaşımızın bütün sualların cavablandırdı. Ancaq müsahibədən sonra etdiyi hərəkət utancverici oldu. Belə ki, o cibindən bir dəstə 50 manatlıq çıxarıb sayaraq, müxbirimizi şirnikləşdirmək istədi. Ancaq Bəkirovun israrına baxmayaraq, futbolinfo.az-ın əməkdaşı təklifi rədd etdi.

Klub rəhbərlərinin media nümayəndələrinə rüşvətlə yaxınlaşması onların sağlam tənqidlə barışmamasından irəli gəlir. Siz əgər öz işinizin öhdəsindən lazımi səviyyədə gəlsəz, tənqidlər də bir o qədər azalmış olar. Görünür, onlar sağlam və düzgün tənqid edən media nümayəndələrini rüşvət verərək susdurmaq istəyir. Ancaq onların bu addımı nə onlara, nə də o rüşvəti qəbul edəcək insanlara heç vaxt başucalığı gətirməyəcək.

Fikirlərini bizimlə bölüş!