Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Hamını çətinə salan “Azərsun”

Mövsüm bitəndən bəri ölkəmizin təmsilçisinin Çempionlar Liqasında qrupuna düşmək üçün indiki kimi imkanının bir daha olmayacağını yazmaqdan, deməkdən yorulduq. "Qarabağ"ın transferlər etməyəcəyi təqdirdə bu işin öhdəsindən gələ bilməyəcəyini sadə azarkeşlər də öncədən görürdü. Amma bütün narahatlıqlara, həyəcan təbilinə baxmayaraq, klub rəhbərliyi inadından dönmədi. Ötən illərdə olduğu kimi, iki cüt, bir tək transferlə gözdən pərdə asmağa çalışdılar.

Desək ki, klubun sponsoru – ölkədə ərzaq məhsullarının və bir çox başqa sahələrin inhisarçısı kimi tanınan "Azərsun" şirkətinin şefləri "Qarabağ"ın ÇL-in qrupunda oynamasını bizdən az istəyir, inandırıcı olmaz. Ən azı işin mənəvi tərəfini bir kənara qoyub, yalnız maddi tərəfini düşünək. "Qarabağ"ın ÇL-in qrupuna düşəcəyi təqdirdə indiyəcən heç bir klubumuzun görmədiyi, futbolumuz üçün fantastik görünən onmilyonlarla qazanc əldə edəcək. Ən azı bu paraya görə klubun biznesmen rəhbərləri "Qarabağ"ı ÇL-in qrupunda görmək istəyir. Amma biznesmenliklərindən əl çəkməyib bu məqsədə əlavə xərcsiz, transfersiz nail olmaq istəyirlər. Rəsmi açıqlamalarında da Qurban Qurbanovun qarşısına məhz bu məqsədin qoyulduğunu deyirlər. Bəs onda Qurban Qurbanov niyə susur?

Sizə elə gəlir ki, futbolu ömrünü bu oyuna həsr etmiş adamdan daha yaxşı bilirsiz? Səhv edirsiz! Qurbanov bu heyətlə ÇL-in qrupuna düşməyin sırf möcüzə nəticəsində mümkünlüyünü çoxdan bilir. Əminəm ki, çoxdan da klub rəhbərliyinə hər mövqeyə transferlərin lazım olduğunu deyir. Sadəcə, klub rəhbərliyi bu işə sırf biznes kimi yanaşır. Sözdə "Qarabağ" adını dünyaya tanıtmaq əsas məramımızdı" tipli açıqlamalar ola bilər. "Ümumiyyətlə, heç bir mənəvi ağırlıq hiss etmirlər" deyib azarkeşləri klub rəhbərliyinə qarşı qaldırmaq fikrim də yoxdu. Onsuz da bu gedişlə azarkeşlərin və ictimaiyyətin səbr kasasının daşacağı gün uzaqda deyil. Amma anlaşılan qədər məsələnin maddi yükü mənəvi yükündən çox ağır gəlir.

"Qarabağ" "Zirə", "İnter" və "Qəbələ" deyil. "Qarabağ" "xalq komandası"dı. Xalqın komandası xalqın günündə olmağa məhkumdumu? Bəlkə də buna görə yaxın gələcəkdə bütün futbolumuz kimi, "Qarabağ"ı da 90-ların "peraşki dövrü"nə dönüş gözləyir. Bir qarnı ac, bir qarnı tox xalqın komandası milyonlar xərcləyib ÇL-in qrupunda oynasa, bu əsl təzad olar. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi…
Şər deməsən, xeyir gəlməz. "Qarabağ" ÇL-in qrupuna düşməsə, Qurban bəyin "filan komanda güclü idi. Yaxşı oyunçuları var. Biz elə oyunçular ala bilmərik" tipli bəhanələrini heç kim qəbul etməyəcək. Qurban bəy "Qarabağ"dan istefa verməli olacaq. İstefa verməsə də, tarixdə uzağı Mehman Allahverdiyev kimi qalacaq – ölkədaxili yarışların fatehi kimi. Ola bilər ki, "Azərsun" da əl çəksin komandadan və o zaman "back to 90's" gerçəkləşsin.

Avrokubok mövsümü başlamamış klub rəhbərliyi lazımi transferləri etməyəcəyi təqdirdə Qurbanovun bəribaşdan istefa verməsinin daha alqışalayiq addım olduğunu söyləmişdim. Belədə Qurban bəy milli üçün də ən arzulanan məqşçi kimi qalacaqdı və bəlkə də Prosineçkinin yerinə gələcəkdi. Amma deyək ki, "Şerif"ə və ya sonrakı hansısa rəqibə uduzduqdan sonra artıq Qurban Qurbanovun da vəziyyəti o vəziyyət olmayacaq. Sonrakı rəqib lap "Qarabağ"dan güclü olsa da, bu heç nəyi dəyişməyəcək. Çünki Qurban bəyin ÇL-in qrupu xəyalını gerçəkləşdirmək üçün illəri vardı. Və bu şans da qaçsa, günahı başqa yerlərdə axtarmağa ehtiyac olmayacaq.
İllərdi pley-off üzünə həsrət qalan çempionumuz bu məğlubiyyətlərdən nəticə çıxarmaq əvəzinə ildən-ilə zəifləyir. Və bu komanda oyununa görə Qurban bəy gələn dövrdən bəlkə də ən zəifidi ki, milyonlarla azərbaycanlı onlardan ÇL qrupuna düşmək kimi çətin məsələnin həllini gözləyir. Bu komandanın zəifliyi isə nə o milyonların, nə azarkeşlərin, nə jurnalistlərin və məncə, heç Qurban Qurbanovun da günahı deyil.
Söhbət ölkənin bir nömrəli inhisarçı şirkətinin bu qədər mənəvi ağırlıqla bir mövzuya laqeydliyindən gedir ki, bununla da həm "Qarabağ"ı "xalq komandası" edən Qurban Qurbanovu, həm də xalqın özünü artıq indidən çox çətin vəziyyətə salıb.
Bəlkə də belə olması yaxşıdı ki, "Azərsun" rəhbərliyi səhvini anlaya.

Amma burda "heç olmamaqdan gec olması yaxşıdı" deyimi aktuallığını itirə bilər… Bizə isə yenə də ümidi itirməmək və "Qarabağ"ımıza sona kimi dəstək olmaqdan başqa bir şey qalmır. İnanaq, dəstək olaq və gözləyək.

Fikirlərini bizimlə bölüş!