Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Heç utanmadınmı, Cavid?

Bir neçə ilin söhbətidi. Həmkarlarımdan birini çox sevincli gördüm. Səbəbini soruşanda “Neftçi”də bir uşaq vardı, çox istedadlıdı. Oynamağa imkan vermirdilər, məcburiyyətdən futbolu buraxmışdı. Ehtiyac üzündən doğulduğu Şəmkirə ofisiant işləməyə getmişdi. Onu geri çağırıblar, “Neftçi”də oynamağa davam edəcək” dedi. Sonradan bildim ki, Cavid İmamverdiyevi nəzərdə tuturmuş. Aylar-illər ötdü, həmin bu Cavid enişli-yoxuşlu karyerasıyla gündəmə gəldi. Sorağını Kiyevdən, “Dinamo”nun düşərgəsindən eşitdik. Əli ətəyindən uzun Bakıya qayıtdı. Uğursuz Ukrayna məcaralarından sonra tam sürətlə üzü aşağı yuvarlanmağa başladı. Meydanda boş-boşuna vurnuxduğuna, ardıcıl neçə oyunda topu yaxın məsafədən boş qapıya göndərə bilmədiyinə görə azarkeşlər ona ləqəb də vermişdilər. Babalı deyənlərin boynuna, iddia edirdilər ki, həmin topları qəsdən qapıya ünvanlamayıb. Komandadakı məlum qrupun felinə uyub, Nazim Süleymanova “torba” tikməyə çalışırmış. Sözümün canı o deyil. “Xalq komandası”nın rəhbərliyi görəndə ki, Caviddən fayda götürə bilmirlər, ondan can qurtarmağın yollarını axtarmağa başladılar. Hələ ötən mövsümün sonlarında doğru İmamverdiyevin “Neftçi”dən ayrılacağıyla bağlı söhbətlər gəzirdi. Amma hara?

Kim idi ona yiyə duran?

Cavid də axına düşüb, Türkiyənin PTT liqasına “axdı”. Özünə həmin liqanın ortabablarından sayılan “Elazığspor”da yer tapdı. Sevindik, uğurlar arzuladıq. Ondan əvvəl qardaş ölkədə özünü isbatlaya bilməyənlər, müxtəlif bəhanələr uyduranlar gözümüzü elə qorxutmuşdu ki. Bu ilin yanvarında Antalyada hazırlıq keçən “Neftçi” gücünü sınamaq üçün “Elazığspor”la qarşılaşanda mən də ordaydım. Oyundan sonra Cavid Bakıdan gedən jurnalistlərin əhatəsinə düşdü, ondan Vaqif Cavadovun guya türklərin bizimkiləri gözümçıxdıya salması barədə dediklərinə münasibət soruşduq. Cavabı təxminən beləydi: “Yox, qətiyyən. Özümə qarşı belə şey hiss etməmişəm. Ümit Özat bütün futbolçulara eyni gözlə baxır. Futbolçunun əsas oyunudu. Əksinə, onun xoş münasibəti və dəstəyi sayəsinə komandaya uyğunlaşmaq problemi yaşamadım…” Adam öz diliylə deyirdi ki, çalışdırıcısı üçün əsas olan futbolçunun kimliyi yox, oyunudu.

İndi həmin Ümit Özat Cavidin komandaya xeyir verə bilmədiyini, əksinə bir əcnəbi kimi yerlilərdən geri qaldığını, bunun da daxildəki atmosferə mənfi təsir etdiyini hiss edib. Belə yerdə əcnəbi futbolçunu hansı məşqçi saxlayar? Elazığ Bakı deyil ki, sənin nazınla oynasınlar, başına sığal çəksinlər. Qəribəsi odu ki, cəmisi iki ay sonra Cavid bizə dediyi sözləri unudub, komandadan qovulmasına bəhanə axtarmağa çalışır. Hətta daha uzağa gedərək, türklərin bizə ermənilər kimi nifrət etdiyini iddia edib. Ayıb deyilmi? Özünü təmizə çıxarmaq üçün iki qardaş xalqın arasına niyə nifaq toxumu səpirsən?

Onun bu cür açıqlamalar verməsi bir daha tipik azərbaycanlı futbolçunun yalançılığını, savadsızlığını ortaya qoydu. Cavid orta məktəbdə tarix kitablarını oxusaydı, Bakıda olanda kafelərdən-barlardan başını ayırıb, yolunu Şəhidlər Xiyabanına tərəf salsaydı türklərin bizə necə “nifrət” etdiyini yaxşı bilərdi. O bilmirsə, biz ona xatırladaq ki, türklər 1918-ci ildə Bakını erməni-rus işğalından azad etməsəydi, onu ofisiantlıqdan futbolçuya çevirən “Neftçi” də olmayacaqdı. Şəhidlər Xiyabanın qarşısında Bakının azadlığı uğrunda şəhid olan qəhraman türk əsgərlərinin isimləri yazılıb. Yolun düşəndə mütləq onların adlarını oxu. Eləcə də Şamaxıda, Salyanda Nuru Paşanın silahdaşlarının məzarları var. Oraları mütləq ziyarət et. Bəlkə ondan sonra utanıb xəcalət çəkərsən, Cavid!

Fikirlərini bizimlə bölüş!