Azərbaycan yığmasında oynamış milliləşdirilmiş legionerlərin sayı barədə dəqiq məlumata sahib olmaq üçün mütləq statistika əməkdaşına ehtiyac duyulmalıdı. Təkcə Azərbaycanın əsas yığmasında yox, aşağı yaş üzrə milli komandalarda da da saysız-hesabsız milliləşdirilmiş legionerlər çıxış edib. Bəzisi cəmi 1, digəri 3, başqa biri 5-10 oyunluq. İndiyə qədər aşağı yaş üzrə yığmalarda çıxış etmiş legionerlərdən neçəsi sonradan əsas millidə çıxış edib? Səbəb sadədi: Həmin futbolçular ya həddindən artıq zəif olduqları üçün əsas yığmaya dəvət olunmayıblar, ya da öz vətənlərinin millisinə üstünlük veriblər. Belə tendensiyanın fonunda dəyərdən düşən bir amil olub – Azərbaycan pasportu. AFFA Azərbaycan pasportunu bu illər ərzində kimə gəldi verərək, urvatdan salıb. Hətta milliləşdirilən futbolçuların Azərbaycan kökünə sahib olması barədə saxta məlumatlar da verilib FİFA-ya. Amma sonradan elə milliləşdirilən o futbolçular özləri mətbuata verdikləri açıqlamalarla onların köklərində Azərbaycanla heç bir bağlılığın olmadığını bildiriblər. Deməli, bu futbolçular Azərbaycan yığmasını müvəqqəti olaraq, müəyyən maraqlar naminə seçiblər. Həm öz, həm də AFFA-da milliləşdirməyə “biznes layihəsi” kimi baxanların marağı naminə. Gözdən salınan, urvatsız edilən isə Azərbaycan pasportu olub.
Deyəsən, Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunması da bu ənənəyə son qoymayacaq. Hər halda, Qurbanovun son açıqlamasında legionerlərin milliləşdirilməyəcəyi barədə qəti fikir bildirilməyib: “Hələ ki, bütün fikrimiz bu təlim-məşq toplanışındadı. Siz də təcrübəlisiz, görürsüz, çatışmayan cəhətlərimiz, problemlərimiz var. Elə mövqelərimiz var ki, ora oyunçu lazım ola bilər. Axtaracağıq, legioner olacaq, ya yox, bu barədə nəsə deyə bilmərəm. Amma hansı xətdə, hansı mövqedə boşluq, problem görəcəyiksə, onu uyğun futbolçu ilə doldurmağa çalışacağıq”.
AFFA rəhbərliyi yaxşı gəlir vəd edən “biznes layihəsi”ndən – milliləşdirmədən əl çəkən deyil. Biz isə sadəcə, Azərbaycan vətəndaşlığı almaq üçün Konstitusiyamızda göstərilən müddəaları nəzərə çatdırırıq. AFFA prezidenti Rövnəq Abdullayevin Konstitusiyanı vecinə almaması isə bizi yox, qanunların aliliyinə cavabdeh olan qurumları maraqlandırmalıdı:
Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə müraciət edir.
Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
4 ədəd 3×4 sm. ölçüdə fotoşəkil;
yaşayış yerindən ailə tərkibi haqqında arayış;
dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
şəxsiyyəti təsdiq edən sənədin surəti;
qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.)
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.
Maddə 14. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul
Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.[7]
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.[8]
Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.
Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:
1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;
2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır.
Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.[9]
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.




Fikirlərini bizimlə bölüş!