Azərbaycan futbolu

Xəbərlər və təhlillər

İanəyə möhtac Cahangir Əsgərov

20 ildi AZAL Cahangir Əsgərovun rəhbərliyi altında fəaliyyət göstərir. Analoqu olmayan ölkənin analoqu olmayan dövlət konserninin 20 il ərzində analoqu olmayan qiymətlərlə vətəndaşları barmağına sarıması hər kəsə bəllidi. Elə 100 minlərlə həmvətinimizin AZAL-ın astronomik qiymətlərindən qaçaraq, səfərləri qonşu Gürcüstandan etməsinin səbəbi də məhz bu konsernin ağasının zəngin neft yataqları olan ölkənin hava gəmilərinin asrtonomik qiymətlər oxumasıdı.

Onsuz da AZAL-ın sahibinin var-dövlətini sayıb qurtarmaq üçün kalkulyator yetməz. Amma bəzən bu cür var-dövlətə sahib insanların xəsisliyinə heyran qalırsan.

Heç vaxt futbola normal sərmayə yatırmayan, sadəcə, “biz də iştirak edirik” prinsipi ilə Premyer Liqada “bahalı oyuncağ”ını saxlayan Cahangir Əsgərovun komandasının futbolçusu Rüfət Musayev xərçəng xəstəliyindən əziyyət çəkir. 29 yaşlı müdafiəçi dünən müalicəsinin 2-ci hissəsi üçün Moskvaya yollanıb.

İndi də ən acı məqam. Klub Musayevin təşkilati və yol (buna diqqət!) xərclərini ödəyib. “Yol xərci” ştampı AZAL-ın AZAL-a məxsus təyyarəsi ilə yollanmağa vurulub. Başqa sözlə, AZAL heç bir yol xərci ödəməyib. Bunu da qoyaq bir kənara. Futbolçuya “Qəbələ”, “Sumqayıt, AFFA və millimizin kapitanı Rəşad Sadıqov maddi yardım göstəriblər.

Əla! Buna görə hər bir quruma, kluba, futbolçuya alqış düşür. Ancaq görəsən Cahangir Əsgərov o qədər yoxsuldu ki, səhhətində yaşanan ciddi problemə görə futbolçusunun maliyyə xərclərini qarşılaya bilmir? Bəs, həmin Cahangir Əsgərovun yaxın qohumu bu xəstəliyə tutulsaydı, o, yenə də “təşkilati xərclər”lə kifayətlənəcəkdi?

Bir daha bildirmək istəyirik ki, Rüfət Musayevə maddi və mənəvi dəstək göstərən hər bir şəxsin hərəkəti alqışalayiqdi! Adı çəkilənlərdən başqa, komandanın baş məşqçisi Tərlan Əhmədovun da futbolçu və məşqçi heyətinin onsuz da az olan maaşından müəyyən məbləğ yığaraq futbolçuya verdiyini eşitmişik. Amma 20 ildi uçuş qiymətlərinə görə dünyada ən bahalı biletləri satan konsernin rəhbərinin xəsisliyinə heç bir şərh tapa bilmirik.

Dedik, bəlkə klubun vitse-prezidenti Fikrət Hüseynov bu məsələyə aydınlıq gətirər. Ancaq gün ərzində etdiyimiz zənglər cavabsız qaldı.

“Məsələ diqqət mərkəzindədi”, “Biz ona mənəvi dayaq oluruq” və s. kimi boş-boş açıqlamalar vermək asandı. Məhz belə vəziyyətdə əsl insani keyfiyyətlər üzə çıxır. Həmin Fikrət Hüseynov da, fəaliyyəti görünməyən vitse-prezidentlər də, prezident Zaur Axundov da, bu şəxslərin müxtəlif vəzifələr tutan qohumları da Cahangir Əsgərovun qarşısında şərt qoymalı idilər. Bəli, ondan xahiş yox, məhz tələb etməli idilər ki, müdafiəçinin bütün maliyyə xərclərini dərhal qarşılasın. Eyni zamanda, ya Hüseynovun, ya da hansısa rəhbər şəxsin 29 yaşlı oyunçu ilə Moskvaya yollanmasına şərait yaratsın.

Kömək edənlər sağ olsun, ancaq bunu kimsə yox, məhz Əsgərov etməli idi. İşçisinin meydanda üz-üzə gəldiyi Rəşad Sadıqovun, “Sumqayıt” və “Qəbələ” futbolçuları qarşısında borclu qalmaması üçün etməli idi. Bu, Əsgərovun məmur kimi vətəndaş, rəhbər kimi işçisi qarşısında borcu idi. Mənəvi borcu.

Etmədi, göydən yerə enmədi, başını dik saxladı, gözü ayaqlarının altını görmədi. Sabah olumlaölüm arasında olan bu futbolçudan, onun komanda yoldaşlarından nə gözləyəcək. Onun qoltuqlarının qalxması üçün top uğrunda mübarizədə lazım gələndə baş qoymalarını? Axı, kim edər bunu? Nə üçün etsinlər? Həyatlarını riskə atıb zədələnsimlər, sonra da kimdənsə maddi kömək umsunlar?

Eeeh, Əsgərov, o futbolçunun müalicə xərcləri, sizin bir oturuma içdiyiniz viskinin 1/10-i dəyərindədi. Yeyin, için, həyatdan zövq alın, zövq almaq sizin, belə bədbəxtliklərlə mübarizə qaparmaq qara fəhlələrinizin işidi.

Fikirlərini bizimlə bölüş!