Azərbaycan futbolu

Xəbərlər və təhlillər

İlqar Nuriyev illər sonra açıqladı: “Gənclər” niyə “öldü”?

AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “Bölgə futbolu: resurslar, imkanlar və reallıqlar” layihəsinin icrasına başlayırıq.

Sumqayıt ölkənin ikinci ən böyük şəhəridi. “Gənclər şəhəri” həm də, Azərbaycan futbolunun mərkəzlərindən biri hesab olunur. Bu şəhərin futbol məktəbi ölkə futboluna bir çox istedadlı oyunçular bəxş edib. Bir sözlə, Sumqayıtı rahatlıqla futbol şəhəri adalndıra bilərik. İstər istedadlı oyunçuların çıxması, istərsə də futbola sevgiyə görə.

Sumqayıt hələ sovet dönəmindən SSRİ çempionatlarında komanda ilə təmsil olunub. Peşəkar futbol bu şəhərə ötən əsrin 50-ci illərinin sonunda ayaq açıb. 1960-cı ildə “Metallurq” komandası Sumqayıtı SSRİ çempionatının B dəstəsində təmsil edib. Sonradan bu şəhər sovet çempionatlarında “Temp”, “Kimyaçı”, “Polad”, “Xəzər” komandaları ilə təmsil olunub. Bu komandaların hamısı ayrı-ayrı adlar altında çıxış etsə də, əslində, elə bir klub idi. Sadəcə, sovet dönəmində yerli zavodların himayə etdiyi komanda sponsor dəyişdikcə, adını da dəyişirdi. Məsələn, 60-cı illərin əvvəlində komandanın “Metallurq” adlanmasına səbəb, məhz yerli metallurq zavodunun komandanı himayə etməsi idi. Bu adlardan yerli azarkeşlər tərəfindən doğma kimi qəbul edilən isə “Xəzər” oldu. Hələ indi də Sumqayıt futbolu deyildikdə, ağıla ilk olaraq “Xəzər” komandası gəlir.

3 ilə 2 “gümüş”

Sumqayıt futbolunun “flaqman”ı 1992-ci ildə ilk müstəqil ölkə çempionatının iştirakçılarından olub. O vaxt Sabir Əliyevin çalışdırdığı komanda yalnız iştirakla kifayətlənməyib. 1992 və 1993-cü illərdə güclülər dəstəsini gümüş medalla başa vuran “Xəzər”də baş qaldırmış maliyyə problemləri komandanın 1995-ci ildə fəaliyyətini dayandırması ilə nəticələnir. Sumqayıt “Xəzər” fəaliyyət göstərmədiyi dövrlərdə ölkə çempionatnda “Sumqayıt”, “Kimyaçı” kimi komandalarla təmsil olunsa da, yerli əhali şəhərin köklü komandasına göstərdiyi sevgini bu komandalara göstərmir. “Xəzər” ölkə çempionatında bir də 2001-ci ildə peyda olsa da, yenə çox yaşamır. 2003/04 mövsümündə yenidən maliyyə problemləri yaşayan komanda fəaliyyətini dayandırır. Sumqayıtın ən köklü komandasının ölkə futbolunda yenidən görünməsi isə o qədər də inandırıcı görünmür. Bunun səbəbi isə ölkənin ikinci ən böyük şəhərinin “flaqman”ının boynunda olan 350 min dollarlıq borcdu. Belə ki, komandanın o vaxtkı rəhbərliyi klubu məhz bu miqdarda borcla buraxıb. Çətin ki, futbola sərməyə qoymaq istəyən kimsə bu borcu ödəməyə razı olsun.

Sumqayıtın ümidi – “Gənclərbirliyi”

Ancaq “Xəzər”in can çəkişdiyi günlərdə nəinki Sumqayıt futbolsevərlərinin, həm də, ölkə futbol həvəskarlarının diqqəti bir komandaya yönəlmişdi – “Gənclərbirliyi”. “Xəzər”in güclülər dəstəsində can çəkişdiyi günlərdə birinci dəstədə liderlik edən “Gənclər” yüksək liqaya doğru inamla irəliləyirdi. Ölkə futbol tarixində ilk dəfə Bakıdan başqa digər şəhərin iki təmsilçisinin güclülər dəstəsində çıxış etmək şansı yaranmışdı. Amma pulsuzluq yüksək liqada Sumqayıt derbisi izləməyimizə mane oldu. “Gənclərbirliyi” ilk mövsümündə yüksək liqaya vəsiqə qazansa da, böyük tarixə malik həmşəhərliləri yuxarıda vurğuladığımız səbəblərdən ölkə futbol qəbiristanlığının sakininə çevrildi. Birinci divizionda çıxış etdiyi vaxtlarda uzaq Cənubi Koreya, Almaniyadan legionerlər gətirən “Gənclərbirliyi”, bütün ölkə futbolsevərlərinin diqqətini cəlb etmişdi. Hələ güclülər dəstəsində çıxış edən klublarda legionerlərin barmaqla sayıldığı vaxtlarda aşağı liqa klubuna bu cür legioner axını ölkə futbolunda şok yaratmışdı.

Klubun təsisçisi olan iş adamı, vaxtilə futbolçu olmuş İlqar Nuriyev “Gənclərbirliyi”nin doğulmasını belə xatırlayır:

“Ölkə prezidenti futbolun inkişafıyla bağlı qanun imzalamışdı. Sumqayıtın da komandası yox idi. “Xəzər” komandası olsa da, yoxa hesab idi. Mən də daxil olmaqla 10-a yaxın iş adamı yığılıb, Sumqayıtda komanda yaratmağı qərara aldıq. Lakin komanda yaradıldıqdan 4 ay sonra bu yolda tək qaldım. Dedilər “imkanımız çatmır”. Belədə, komandanı tək maliyyələşdirməli oldum. Komanda dağılana kimi də mən tək baxdım. “Gənclərbirliyi”ni yaradanda yaxşı komanda formalaşdıracağımı düşünmüşdüm. Mən özüm vaxtilə futbol oynamışam. Özümün də futbola həvəsim var idi.

Azərbaycan futbolunda yeniliklərin bir çoxunu biz elədik. Məsələn, komandanın xaricdə səviyyəli təlim-məşq toplanışı keçməsi, xaricdən məşqçilərin gətirilməsi və s. Yaxşı menecerlərlə əlaqələrim, dostluğum var idi. Onlar komandaya yaxşı futbolçular gətirməyə kömək edirdilər”.

“3 milyon büdcəm olsaydı…”

“Gənclərbirliyi” ilk mövsümündə güclülər dəstəsinə vəsqə qazanır. Türkiyəli məşqçi Mehmet Tayfun Türkmənin çalışdırdığı komanda güclülər dəstəsindəki ilk oyunlarda yaxşı nəticələr əldə etsə də, o, sonradan alınan məğlubiyyətlərə görə komandadan ayrılır. Sumqayıt təmsilçisi yüksək liqadakı ilk mövsümündə üç məşqçinin (Mehmet Tayfun Türkmən, Mahir Əliyev, Adel Amruş) rəhbərliyi altında çıxış edir. “Gənclər” güclülər dəstəsindəki ilk mövsümündə 18 komanda arasında 11-ci olur. Komanda hələ birinci divizionda çıxış etdiyi zaman ölkə kubokunda 1/4 finala qədər irəliləməyi bacarmışdı. Klub dağılana kimi daha iki dəfə bu uğuru təkrarlasa da, bu mərhələdən irəli gedə bilmədi.

Komanda sonrakı illərdə yüksək liqada qalmaq uğrunda mübarizə apardı. 2007/08 mövsümü isə “Gənclər” üçün sonuncu olur. Klub mövsümü 14 komanda arasında 13-cü pillədə başa vurur. Maliyyə problemi olan komanda fəaliyyətini dayandırmalı olur. Klub prezidenti İlqar Nuriyev komandanı buraxmasını belə izah edir:

“Bəlkə də, komandanın xərcləri artmasaydı, klubu buraxmazdım. Çünki mən həmin xərclərlə istənilən nəticəni qazana bilirdim. Lakin sonradan digər klublar xərclərini artırdılar, çox şişirtdilər. Komanda var idi ki, 20-25 milyon manat büdcəsi var idi. Bizim büdcəmiz isə 1,5 milyon civarında olub. Bundan artıq olmayıb.

O vaxt da demişdim, mənim üç milyon büdcəm olsaydı, avrokuboklara vəsiqə qazanar, mərhələ də adlayardıq. Çünki biz 1,5 milyonluq büdcəylə istənilən komandanı məğlub edə bilirdik. Sonra gördüm ki, əziyyətim yerdə qalır, çox pul xərcləməyin xeyri yoxdu. Bundan sonra yüksək liqada qalmaq uğrunda mübarizə apardıq. İstəyirdim ki, şəhərin komandası olsun. Daha sonra isə komandanı buraxmaq qərarına gəldim”.

“Bizdə futbol mədəniyyəti yox idi”

“Gənclərbirliyi” “Xəzər”dən sonra şəhərin ən çox sevilən komandası idi desək, yanılmarıq. Şəhər əhalisi arasnda komandanın oyunlarına həddən artıq olmasa da, maraq var idi. Yuxarıda vurğuladığımız kimi, komandaya legionerlərin cəlb edilməsi də bu kluba marağı artırırdı. “Gənclər”də çıxış edən legionerlər öz səviyyəsi ilə seçilirdi. Elə məhz buna görə, Sumqayıt təmsilçisinin şərəfini qorumuş bir neçə legioner sonradan digər klublara transfer olundu. Bu cür legionerlərə misal olaraq, İssa Nikiema, Pate Banqura kimi futbolçuları göstərmək olar.

Əvvəllər Azərbaycan futbolunda bu kimi hallara nadir rast gəlinirdi. “Gənclər”də təkcə legionerlər yox, həm də, yerli gənc futbolçular da yetişirdi. Lakin ölkə futboluna güclü maliyyə axını o qədər də böyük büdcəyə malik olmayan “Gənclərbirliyi”ni sıxırdı. Başqa klublar Sumqayıt təmsilçisinin oyunçularını şirin vədlərlə ələ keçirirdilər. Sumqayıt klubu isə çox nadir hallarda yaxşı səviyyəyə çatdırdığı bu futbolçuların əvəzində haqq ala bilirdi. Nuriyevin sözlərinə görə, digər klubların futbolçulara layiq olduğundan qat-qat çox məbləğ təklif etməsi, hər mövsümdə komandanın heyətinin yenilənməsiylə nəticələnirdi:

“Bizdə gənc istedadlar çox idi. Tural Cəlilov, Mahir Şükürov, Ruslan Poladov, Rəşad Kərimov, Samir Abdulov, Fərhad Vəliyev kimi oyunçular bizdə özünü göstərmişdilər. Onlar digər futbolçularla müqayisədə daha az məbləğ qarşılığında oynayırdılar. 10 min, 20 min alan oyunçuya digər klublar 200-300 min təklif edirdilər. Digər klublar böyük pullar qarşılığında oyunçularımızı şirnikləndirirdilər. Biz yetişdirsək də, digər klublar bu pullar müqabilində onları ələ keçirirdilər. Bizim isə həmin oyunçulara bu məbləği verməyə imkanımız yox idi. Bunun üçün gərək bizim büdcəmiz 10 milyon olardı. Bu cür şirin vədlərlə oyunçuları inandırdılar ki, onlar bu məbləğə layiqdilər. İndi-indi başa düşürlər ki, futbolçuların qiyməti o deyildi. Oyunçuları da qınamalı deyildi. Çoxu kasıb ailədə böyümüşdü. 10-20 min hara, 200-300 min hara? Belə məbləğ qarşılığında hamı getmək istəyərdi. Bir sözlə, bizdə futbol mədəniyyəti yox idi.

Oyunçunu istəyirdilərsə, klubla əlaqə saxlaya bilərdilər. Gedirdilər, uşağa deyirdilər “get klubunla danış”. Onlar da nənələrini, babalarını götürüb gəlirdilər. Bir sözlə, peşəkarlıq çox aşağı səviyyədə idi. Düzdü, bir neçə dəfə oyunçularımızın qarşılığında haqq ödəmişdilər. Məsələn, Rəşad Kərimova görə 50 min, Banquraya görə 140 min, İssa Nikiemaya görə 80 min ödəmişdilər. Əsasən, legionerlərə görə pul ödənirdi. Bu da, onların menecerlərinin işiylə bağlıydı. Ancaq bu məbləğ komandaya elə də kömək olmurdu. Əvəzində, komandanın sistemi pozulurdu. Normal oyunçu tapılmalıydı ki, gedən futbolçunun yerini doldurasan.

Belə şeylər insanda ruh düşkünlüyü yaradırdı. İstəyirsən ki, əziyyət çəkirsənsə, yaxşı nəticə qazanasan. Bunun üçün də 10 minlik oyunçulara 300-500 min verməliydik. Buna da imkan yox idi. Getdikcə maliyyə vəziyyətimiz də pisləşirdi. Bundan sonra qərar verdim ki, komandanı buraxım”.

“Bezrodnı kimi oyunçunu komandaya gətirmirdik”

İlqar Nuriyev komandanın dağılmasının əsas səbəbi kimi ölkə futbolunda sistemin, futbol mədəniyyətinin olmamasını göstərir:

“Bizim əsas prinsipimiz gənc oyunçuları yetişdirmək idi. Bizdə türkiyəli məşqçi Mehmet Tayfun Türkmən, Vaqif Sadıqov komandaya gənc oyunçular cəlb edirdilər. Gənc futbolçuların da yanına yaxşı legionerlər cəlb edirdik. Belə deyək, 5 legionerin yanında 6 gənc çıxış edirdi, 6 aya olurdular futbolçu. Ölkə futbolunda sistem yox idi. Sistem olsaydı, bəlkə o komanda hələ yaşayırdı. Komandanın gəliri yox idi. Məsələn, Belçikada ikinci liqada çıxış edən klubun prezidentinin komandaya xərclədiyi pul sıfırdı. Çünki çoxlu sponsorlar var, reklam var, oyunçu satışından da pul əldə edirlər. Orda futbol kommersiyadı. Orda “donor klublar” var. Böyük klublara oyunçu verən klublar.

O vaxt yeni oyunçuların yetişdirilməsi üçün Türkiyədən, Moldovadan, Fransadan məşqçilər gətirmişdim. Oyunçuların yetişməsində onların da köməyi olmuşdu. O vaxt heyətimizdə top qovan yerli oyunçuların çoxunun yaşı 20-dən artıq deyildi. Onları yetişdirirdik, əsas heyətdə legionerlərin yanında püxtələşirdilər. Mövsüm bitdikdən sonra isə “Xəzər Lənkəran”, “Neftçi”, “İnter”, “Bakı” kimi klublar həmin oyunçuları ələ keçirirdilər. Məcbur olurduq, yeni mövsümdə yeni komanda quraq. Mən futbola həm futbolçu kimi, həm də iş adamı kimi baxıram. Bizim oyunçular millidə, daha güclü klublarda oynayanda biz də sevinirdik. O vaxt Mahir Şükürovu “Antalyaspor”a göndərmişdik. Düzdü, orda möhkəmlənə bilmədi. Lakin sonra ölkəyə qayıtdıqdan sonra ulduza çevrildi”.

“Gənclərbirliyi”ndə təkcə gənclər yox, həm də, digər klublarda özünə yer tapa bilməyən milli üzvləri də çıxış edirdi. Hətta bəzən formadan düşən futbolçular məhz Sumqayıt təmsilçisində öz formasını bərpa edirdi. Klub legioner transferinə ciddi önəm verirdi. Belə ki, Nuriyevin sözlərinə görə, “Gənclərbirliyi” ölkə xaricindən transfer zamanı futbolçunun ad-sanına yox, onun perspektivinə və yaşına daha çox önəm verirdi:

“Bizdə özünü göstərən təkcə gənclər deyildi. Elə oyunçular var idi ki, digər komandalarda heyətə düşə bilmirdilər, gəlib bizdə formalarını bərpa edirdilər. Bundan sonra yenidən milliyə düşürdülər. Məsələn, Fərhad Vəliyev. Fərhad bizə gələndə “Neftçi”də əsas heyətə düşə bilmirdi. Bizdə də bir müddət ikinci qapıçı kimi çıxış etdi. Məşqçimiz Türkmənin Türkiyədən gətirdiyi bir qapıçı məşqçisi var idi. O, Rüştünün də məşqçisi olmuşdu. Bir ilə Fərhadı elə səviyyəyə gətirdi ki, o, ölkənin ən yaxşı qapıçısına çevrildi. Biz komandaya ad gətirmirdik. Biz işə peşəkar yanaşırdıq, istər məşqçi, istərsə də oyunçu baxımından. Biz gedib 35 yaşlı Bezrodnı kimi oyunçunu komandaya gətirmirdik. Bəzi “otxod” oyunçular var idi, klublar onları adına görə gətirirdilər. Biz daha düzgün yoldaydıq. Legioner gətirəndə gənclərə üstünük verirdik. Hamısı da səviyyəsi ilə seçilirdilər. Yaxşı işlər görməyə çalışırdıq. Ancaq alınmadı. Alınmaması da büdcəylə bağlı idi. Bizim futbolda hər şey düzgün qurulmamışdı. İndi bilmirəm, necədi. Düzdü, infrastruktur qurulur, amma düzgün sistem olmadıqdan sonra heç nə əldə etmək mümkün deyil. İndi komanda sayının az olması da bununla bağlıdı. “Qarabağ” və “Qəbələ” indi də yaxşı vəziyyətdədi, çünki bu komandalarda sistem olub. Bu klublar illərlə çəkdikləri əziyyətin bəhrəsini görürlər”.

“Gənclərbirliyi” son vaxtlarını yaşadığı zaman ölkə mətbuatında türkiyəli imkanlı iş adamının kluba yiyə durmaq istədiyi barədə xəbərlər yayılmışdı. Bu amil komandanın yaşayacağına dair ümid yaratsa da, sonda “Gənclər” də özündən öncəki Sumqayıt təmsilçilərinin taleyini yaşadı. Nuriyev türkiyəli iş adamıyla bağlı məsələnin şişirdildiyini, həmin şəxsin ciddi olmadığını deyir:

“O vaxt bir adam çıxmışdı ortaya. Komandaya kömək edəcəyini deyirdi. Nə isə marağı var idi. Guya komandanı Türkiyəyə təlim-məşq toplanışına aparmışdı, bütün xərcləri mən ödədim. Düzü, çox şişirdildi, lakin onunla bağlı məsələ ciddi deyildi. Bütün xərcləri mən ödəyirdim. Komandanı buraxanda da hamının pulunu verdim. Heç kim deyə bilməz ki, “Gənclərbirliyi” mənə borclu qalıb”. Komanda dağılandan 3-4 ay sonra da mən maaş vermişəm”.

“Futboldakı missiyamı bitmiş hesab edirəm”

Bəs öz dəst-xətti olan, Sumqayıt futbolsevərləri arasında sevgi qazanan “Gənclərbirliyi”ni yenidən ölkə futbolunda görə bilərik? Nuriyevin bu suala cavabı mənfidi. O, futboldakı missiyasını bitmiş hesab etdiyini deyir:

“Bir müddət əvvəl belə bir söz-söhbət var idi. Komandanın qayıtması üçün mənim yaxşı imkanım olmalıdı. Əvvəlkindən də çox. Maliyyə olsa, çox şey etmək olar. Ya da ki, klubun fəaliyyəti üçün ölkədə futbol mədəniyyəti olmalıdı. Bu da, indiki halda mümkün deyil. Buna görə, mən futboldakı missiyamı bitmiş hesab edirəm”.

“Gənclər” və “Standard” “öldü”, “Sumqayıt” “doğuldu”…

“Gənclərbirliyi”nin tarixin yaddaşına köçməsindən sonra Sumqayıtı yüksək liqada “Standard” təmsil edir. Bakıda yaradılmış klub sonradan ölkənin ikinci ən böyük şəhərinə köçsə də, çox fəaliyyət göstərə bilmir. “Bank təmsilçisi” Sumqayıta köçdükdən cəmi bir il sonra, 2010-cu ildə fəaliyyətini dayandırır.

Elə həmin ildə şəhərdə yeni komanda – “Sumqayıt” yaradılır. Birinci divizonun ilk mövsümündə 7-ci olan klub, AFFA tərəfindən Premyer Liqaya buraxılır. Artıq 6 mövsümdü yüksək liqada çıxış edən klub, daha çox gənclərə üstünlük verir. Şəhərin eyniadlı təmsilçisinə maraq “Xəzər”, “Gənclərbirliyi” qədər çox olmasa da, günü-gündən artır. Komandanın cari mövsümdə avrokuboklara vəsiqə şansını son turadək saxlaması bu marağı bir az da artırdı. Ancaq “kimyaçılar”ın ev oyunlarını Sumqayıtın 15 min tamaşaçı tutumuna malik Mehdi Hüseynzadə adına şəhər stadionunda yox, çox kiçik tutumlu (təxminən 1500-2000) tribunaya malik “Kapital Bank Arena”da keçirməsi komandanı daha çox tərəfdarın dəstəkləməsinə mane olur. Belə ki, komandanın bəzi oyunlarında hətta ayaq üstə qalan azarkeşlərin olması, “Sumqayıt”ın daha böyük stadionda çıxış edəcəyi halda, daha çox azarkeş tərəfindən dəstəklənəcəyi ümidini verir.

Sumqayıtda Mehdi Hüseynzadə adına stadiondan başqa da arena var. Söhbət uzun müddətdi istifadə edilməyən “İnşaatçı” stadionundan gedir. Lakin 5000 tamaşaçı tutumuna malik bu arena da baxımsız vəziyyətdədi.

Həm Mehdi Hüseynzadə adına stadion, həm də “İnşaatçı” stadionu Gənclər və İdman Nazirliyinin balansındadı. Nazirlikdən isə bir müddət öncə verilən açıqlamada stadionların 2017-2020-ci illlərin Dövlət İnvestisiya Proqramının layihəsinə daxil edildiyi, nazirliyə həmin illərdə bu məqsədlə maliyyə vəsaitinin ayrılacağı təqdirdə, işlərə başlanacağı qeyd edilmişdi. Amma hələ ki, stadionda yenidənqurmayla bağlı heç bir iş görülməyib…

Reşad ERGÜN

Fikirlərini bizimlə bölüş!