Azərbaycan futbolu

Xəbərlər və təhlillər

İNGILISLƏRƏ HƏR GÜN AŞURADI

Şiələrin xüsusi önəm verdiyi Aşura günündə məhəllənin düz girəcəyindəki meyvə-tərəvəz dükanının qapısına yapışdırılmış alovlu çağırışa baxıb gülümsəmiş, ayaq saxlayıb oxumuşdum: "Hər gün Aşura, hər yer Kərbəla!"

Əlbəttə, adını yazmağa ehtiyac duymadığım məşədinin qafasının məhsulu idi. Ondan başqa kim yazacaqdı ki…

Sələfilərlə yola getməyən, hər söhbətdə din mövzusunu ortaya atan bu gənc küçəmizin ən radikal təriqətçisidi. Nə təəssüfləndim, nə də təəccübləndim. Etiraf edim ki, Tanrıdan başqa heç nəyə inanmıram və mənə İslam təriqətləri, təriqətçilərin düşüncələri, ümumiyyətlə, maraqlı deyil.

Saat 11 radələriydi. Nəmli payız səhərində ictimai nəqliyyatdan faydalanmaq istəmişdim. Odu ki, yolun o biri tərəfinə keçib avtobus gözləməyə qərar verdim. Yarım saat gözləsəm də, gəlib çıxmadı. Damağına qoyduğu siqareti acgözlüklə sümürən sürücünün ağ "Jiquli"nin pəncərəsindən səsləndirdiyi "qardaş , şəhərə gedirsənsə, otur" təklifini geri çevirmədim.

– Gördüm durub gözləyirsən, dedim savafdı dana, səni də aparım.

– Sağ ol, qardaş, çox sağ ol.

– İmamzada haqqı büyün ancax adam daşımışam. Səhər sübhdən məscidə getmişdik evdəkilərə… Adama qalan savafdı. Gedəndə nə aparıjıyıx kı… İki metrə ağdı dana. O da qismət olsa…

Sürücünün söhbəti arzulamadığım səmtə çəkəcəyini anladığımdan araya başqa mövzu atmağa çalışdım:

– Gəncəlisən, qardaş?

– Hə, qadan alım, gəncəliyəm. Nədi ki?

– Bu gün "Kəpəz"in oyunu var.

– Ə büyünə oyun salallar, ə. Camaat məsciddə başını yarır. Bunlar fışka çalıf, top qovalıyajaxlar? Müsəlman millətinin (ifadəyə diqqət edin) axırı çatır e. Yox, futbola baxan döyüləm. İndi qaynanamgili məscidə aparajam.

Yolumu yarıladığı üçün adını soruşmadığım soydaşıma minnətdaram. Futbolla maraqlanan adam olsaydı, dialoqumuz beş dəqiqədən uzun sürərdi. Qətlə yetirilən İmam Hüseynin ruhunun xatirinə, Allah rizası üçün məni "20 Yanvar"a qədər gətirən sürücünün təfəkkürü, həyata baxış bucağının sivri tini bir azərbaycanlı kimi ürəyimin başındakı sağalmaz yaranı qanatsa belə… Yaxşı ki, avtobus gəlmədi. Yaxşı ki, məhz ağ "Jiquli"yə mindim.

İngiltərədə azarkeşlərin nəqliyyat xərclərinə qənaət etməsi məqsədiylə maraqlı layihə hazırlayıblar. Tutaq ki, Con "Çelsi"nin tərəfdarıdı və öz avtomobiliylə "Stemford Bric"də baş tutacaq matça getməyə hazırlaşır. Belədə digər tərəfdarlara Londonun hansı küçəsində olduğunu mobil telefondakı proqram vasitəsiylə çatdırır. Piyada azarkeşlər Conun yerini öyrənərək oyuna havayı yollanmaq şansı yaxalayır. Layihəni hazırlayanlar bir qarşılaşmaya düz 12 min fanatın bu yolla gəldiyini müəyyənləşdirib.

Sizcə, bu layihəni ölkəmizdə tətbiq etmək mümkündü? Heç olmasa, orta hesabla 30 min seyrçinin izlədiyi millinin ev oyunları zamanı yerli azarkeşlər bir-birinə yardım əlini bu şəkildə uzadarmı? Məncə, Azərbaycan vətəndaşlarının uzağı 10 faizi tanımadığı adamları maşınına mindirib stadiona aparmağa razılaşar. Üzücü reallıqdı.

Amma bu sistemi hər il Aşura günlərində tətbiq etsələr, ingilisləri mat qoyarıq. Hərənin öz mənəvi dəyərləri var. Bizimki Aşuradı, ingilisinki futbol. Və ya əksinə, avropalılara hər gün Aşuradı. Yetər ki, ortada inkişaf qoxusu gələn ideya olsun. Fəlsəfi dərinliklərə varsaq, mənəvi inkişafın özü də ən böyük savabdı.

Fikirlərini bizimlə bölüş!