Azərbaycan futbolu

Xəbərlər və təhlillər

İnşallah!!!

Altı aydı haqsız yerə həbs olunan azarkeşlərə hökm oxunacaq. Prokuror azarkeşlərə üst-üstə 30 il həbs istəyib. Hakim də neçə müddətdi şahidləri dinləyir. Amma burda hakimlik bir şey yoxdu. Qulağına nə pıçıldasalar, onu da edəcək. Necə başa salım e…
Məsələn, Premyer-Liqada Xaqani Məmmədov hakimin qulağına qulaqcıq vasitəsiylə hansı qərarı verməli olduğunu deyir haa, bu da onun kimi bir şeydi. Yaxşı, tutaq ki, verirəm sadəlöhvlüyümə, inanıram ki, AFFA-dan tutmuş klub prezidentlərinə qədər hər kəs azarkeşlərin həbsdən çıxmasını istəyir. Bəs nəyə görə məhkəmələrdə bir dəfə də olsun AFFA, PFL, klub nümayəndəsi iştirak etməyib? Narahat olmayın, mən bilirəm, başa düşürəm, anlayıram, hiss edirəm, görürəm ki, Rövnəq Abdullayev 234 vəzifə sahibidi. Neft pullarını saysın, Milli Məclisdə qanun qəbul eləsin, AFFA-da Elxan Məmmədovla Ramin Musayevin «razborka»sını araşdırsın, yoxsa futbolun inkişafı ilə məşğul olsun? Adamın lap ürəyi ağrıyır. Bəs Elxan Məmmədov niyə getmir? Siz mənim canım, o lazım deyil. Gedib bu dəfə də məhkəmədə deyəcək ki, azarkeşlər «Kalaşnikov» avtomatından istifadə edirdi. Ramin Musayevi deyirsizzz? Onun başı klubların təlim-məşq toplanışına qarışıb. Arada hakim (məhkəmə hakimi yox e, futbol hakimi) təyinatına da qarışır. Hansısa hakimin hansısa klubun oyununu idarə etməsinə «veto» qoyur. Yəni sözümün «mustafası» budu ki, AFFA və PFL-dən azarkeşlərə kömək gözləmək, Berti Foqtsun millinizi (mənim yox ha, sizin millinizi) AÇ-yə çıxarması kimi bir şeydi.
«Bəs klub prezidentləri, vitse-prezidentləri niyə iştirak etmir» sualını verməyə hazırlaşırdım ki, həbsdə olan azarkeşlərdən Elikonun yazdığı məktub yadıma düşdü. Elikonun məktubundan aydın olmuşdu ki, «Xəzər Lənkəran» rəhbərliyi məhkəmələrə gəlmək, azarkeşlərin azad olması üçün çalışmaq bir yana, heç içəridə də onlarla maraqlanmırmış. Necə maraqlansınlar eee… Onlar heç rəhbərlik etdiyi klubla maraqlanmırlar. Maraqlansaydılar, «10 illiyimizdə çempion olacağıq» deyib, çempionatda 8-ci yerdə olmazdılar.
«Neftçi» rəhbərliyindən isə danışmaq belə istəmirəm. Sadıq Sadıqov iki kasıb qadını qanına qəltan edən Araz Abdullayevin qudurğanlığını elə malaladı ki… Heç bir saat da qoymadı Arazı «içəri»də yatmağa. Ancaq kasıb, kimsənin toyuğuna «kiş» deməyən azarkeşin altı aydı günahsız yerə həbsdə qalması Hacı Sadığı qətiyyən narahat etmir. Niyə? Çünki Arazı Hacı özü qudurdub. Məcbur idi qudurtduğunun günahını yusun. Nə olacaq ki, bir dəfə də Məkkəyə gedib bütün günahları «optovoy» yuyar. İnşallah!!!
Hər şeyi qoyaq bir yana. O azarkeşlərin haqsız yerə bir gün belə həbsdə qalması biabırçılıqdı. Futbol azarkeşlərlə gözəldi. AFFA, PFL, klub prezidentləri, fan-klublar, hətta jurnalistlər belə azarkeşlərin azadlığa çıxması üçün əlini daşın altına salmalıdı. O azarkeşlərin həbs olması onsuz da futbolumuzun olmayan imicini tamamilə yerlə-yeksan edəcək. Əhli-dünya bilmir Azərbaycan futbolunda hansı oyunlar fırlanır. Bilsələr, ürəkləri partlayar.

Rəşad Müseyibzadə, “Komanda” qəzeti

Fikirlərini bizimlə bölüş!