“Sabah”ın stadion dəyişikliyinin pərdəarxası
“Sabah” klubunun ev oyunlarını keçirdiyi stadionu dəyişdirməsinin səbəbi bəlli olub. Qərar əsasən logistika məsələləri ilə əlaqədardır.
Klub bir müddətdir Şüvəlan Ağırlıqqaldırma Mərkəzində məskunlaşıb. Komanda üzvləri bu idman qurğusunun imkanlarından yararlanır, məşqlərini isə “AZAL Arena”da keçirirlər. Vaxtilə AZAL (“Olimpik-Şüvəlan”) komandasının rəqiblərini qəbul etdiyi bu stadion əvvəllər süni örtüklü olsa da, hazırda təbii ot örtüyünə malikdir. Burada “Sabah”ın əsas komandasının məşq keçməsi üçün də əlverişli şərait yaradılıb.
Ancaq bir problem var idi: komanda məşq etdiyi ərazidən xeyli uzaqda yerləşən Masazıra – “Bank Respublika Arena”ya hər dəfə ev oyunları üçün getməli olurdu. İlk baxışdan hər şey ideal görünsə də, zaman keçdikcə bu stadionda da müəyyən problemlər üzə çıxırdı.
Onlardan ictimaiyyətə daha çox məlum olanı oyunlardan sonra isti suyun olmaması idi. Futbolçuların qarşılaşmalardan sonra normal şəraitdə duş qəbul edə bilməməsi klub üçün narahatlıq yaradan məsələlərdən birinə çevrilmişdi.
Digər ciddi problem isə Masazır istiqamətindəki yollarda yaranan sıxlıq idi. Bu amil oyun günlərində həm azarkeşlərin, həm də nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, stadiona gəlib-getməyi əlavə problemə çevirirdi.
Üstəlik, yaşayış evləri və binalarına kifayət qədər yaxın məsafədə yerləşməsinə baxmayaraq, “Bank Respublika Arena”da keçirilən oyunlara yetərincə azarkeş gəlmirdi. “Sabah”ın ev matçları, bir qayda olaraq, seyrək dolmuş, bəzən isə, demək olar ki, boş tribunalar önündə keçirilirdi. Beləliklə, stadionun yerləşdiyi ərazinin potensialından da lazımınca istifadə olunmurdu.
Bütün bu amillər və digər səbəblər “Sabah” rəhbərliyini “Bank Respublika Arena”dan imtina etmək qərarına gətirib. Klub alternativ olaraq Şüvəlandakı məskunlaşma yerinə xeyli yaxın olan Mərdəkandakı “Dalğa Arena”ya üz tutub. Daha dəqiq desək, söhbət əvvəllər “Liv Bona Dea Arena” adlandırılan stadiondan gedir.
Bu mərhələdə stadionun klubun ixtiyarına verilməsi prosesi də diqqət çəkir. Ölkə futbolunda kifayət qədər təsir imkanlarına və söz sahibinə malik “Sabah” rəhbərliyi “Dalğa Arena”nı əldə etməyə nail olub. Halbuki həmin vaxt stadionun “Liv Bona Dea” hospitalı ilə titul sponsorluğu müqaviləsi mövcud idi.
Tibb müəssisəsinin AFFA-nın bu addımından narazı qaldığı bildirilirdi. Ancaq, necə deyərlər, bu məsələdə onların gözünün yaşına baxan olmadı: stadion “Sabah”ın ixtiyarına verildi və “Sabah Arena” adlandırıldı. Beləliklə, klub həm ev oyunlarını keçirmək, həm də məşq prosesini daha rahat təşkil etmək baxımından özünə əlverişli məkan qazandı.
Təbii ki, stadionun yeni sahibinin tələblərinə uyğunlaşdırılması da diqqətdən kənarda qalmayıb. “Sabah” rəhbərliyi burada təmir və kosmetik işlər aparıb, dizaynı klubun rənglərinə uyğunlaşdırıb, ot örtüyünə əl gəzdirib. Nəticədə “Dalğa Arena”nın həm zahiri görkəmi, həm də ümumi təqdimatı dəyişib.
“Sabah”ın yeni stadionundakı debütünün “Qarabağ”la qarşılaşmaya təsadüf etməsi də diqqətəlayiq məqam olub. Üstəlik, hazırda Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı ilə əlaqədar ölkəmizdə olan FIFA prezidenti Canni İnfantino da matçı stadiondan izləyib.
Qarşılaşmadan sonra “Sabah”ın prezidenti Maqsud Adıgözəlov FIFA rəhbərinə komandanın formasını və xatirə hədiyyəsini təqdim edib.
Beləliklə, yeni stadionda ilk ciddi sınaq başa çatıb. “Sabah”la “Qarabağ” arasındakı görüşdə hesab açılmayıb – 0:0.
İndi əsas məsələ “Sabah”ın yeni evində hansı nəticələri göstərəcəyi və stadion dəyişikliyinin klubun gündəlik fəaliyyətinə, eləcə də azarkeş marağına nə dərəcədə müsbət təsir edəcəyidir.




Fikirlərini bizimlə bölüş!