"Qarabağ”ın srağagün axşam Azərbaycana yaşatdıqları – ekran önündə süzülən göz yaşları, küçələrə tökülən onminlər, uzun fasilədən sonra Bakının və bütün böyük şəhərlərin şölən yerinə dönməsi – sadə, iddialı, inadkar bir kənd uşağının – Qurban Qurbanovun bir az gecikən qəhrəmanlıq dastanıdı.
Mən onu çoxdan, lap çoxdan – “Press-Fakt”da işlədiyim vaxtdan tanıyıram. Prinsipləri, məqsədləri və hədəfləri uğrunda amansızcasına, kiməsə güzəşt etmədən döyüşən adamdı. Hələ “Fakel”də oynayanda – Rusiya çempionatının birinci divizionunda qolları sıralayanda “Sport-Ekspress”in müxbirini özü ilə hesablaşmağa məcbur etmiş, “ad-soyadım Qurban Qurbanovdu, niyə Kurban Kurbanov yazırsız” demişdi.
Onunla mübahisə etməyə dəyər; hansısa məqamda yanlış düşünürsə, adamı səbirlə dinləyir, ağlabatan fikri qəbul edir, nə qədər inanclı olsa da, bir o qədər də dünyəvidi, başqalarına haram görünən şeylərə dair də söhbət etməyi bacarır. Sizə elə gəlir ki, sosial şəbəkələrdə və internetdə yoxdu. Amma şəxsi söhbətdə saytın, qəzetin işinə dair elə məqamlardan yapışır ki, adamın əli üzündə qalır.
Bir sözlə, Qurban tarix yazmağı bacaran şəxsiyyətdi. Mən o fikrin tərəfdarıyam ki, tarixi hadisələr yox, şəxsiyyətlər – onların doğru və səhv qərarları yazır.
Bəlkə də bu cavan oğlanın irəlidə tarix yazmaq üçün vaxtı olacaq. Təəssüf ki, bizdə – ölkəmizdə adamlara vaxtında şans verməmək xəstəliyi də var. Qurban artıq 45-i adlayıb. Adama şans verin, qoy özünü göstərsin, futbol dünyası ilə bağlı bir-iki arzumuz qalıb, onu da gerçəkləşdirsin… Bilirsiz də, söhbət hansı arzulardan gedir…




Fikirlərini bizimlə bölüş!