Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Kəndinə gəl, Kamran!

Sözün düzü, Kamranın sonuncu müsahibəsinin sərlövhəsi xeyli sevindirici və cəlbedici idi. Onun qışda “Boavişta”nı tərk edəcəyi, daha səviyəlli kluba keçəcəyi ağlıma gəlmişdi. İllərin onu müdrikləşdirdiyi, artıq qarşısına daha ciddi hədəflər qoya bildiyi haqda düşüncələr əsassız imiş. Bu elə həmin Kamran imiş. Dəyişən zaman onun xarakterinə, hərdəmxəyallığına heç bir təsir etməyib. Yenə bizi təəccübləndirməyi və təəssüfləndirməyi bacardı. Kamran hələ bu ayın əvvəlində məni barmağımı dişləməyə məcbur etmişdi. Qəfildən ölkənin idman mətbuatı qolkiperin zədələnməsi ilə bağlı məlumatlarla doldu. Özü də bu xəbərlərin çoxunda qeyd olunurdu ki, Ağayevin zədəsi ciddidi, uzun müddət meydandan kənarda da qala bilər. Üzülmüşdük, “heç yerinə düşmədi” demişdik.

Elə həmin ərəfələrdə Kamranın özünün geniş müsahibəsini oxuduq. Nala vurmuş, sonra da mıxa tərəf dönmüşdü: “Mən ya 10 günə meydana qayıdacam, ya da karyeramı bitirəcəm. Xəstəxanada yatmaqdan bezmişəm. Nə qədər olar zədələr? Beş gün sonra MRT olacam. Ondan sonra 5 gün müalicə və test… Dəqiq cavablar bilinəcək. Amma mən 10 gün sonra çıxıb oynayacam. Düzdü, qayıdıb zədələnsəm, daha ciddi problem olacaq. Lakin özümü qoruyacam. Məni sevənlərə də deyirəm ki, tezliklə meydanda gözləsinlər”.
Gözlədik, sözünə əməl etdi. Özü də gözlədiyimizdən daha tez qayıtdı. Qara günlərin artıq arxada qaldığını düşündük, “Kamran özü də inadkarlaşıb, Portuqaliyada möhkəmlənmək, daha da irəli getmək əzmindədi”, – deyə özümüz üçün xəyallar qurduq. Yanılmışıq, Kamran bizi yaxşıca aldatmağı bacarıb.

Gəlin bir az da əvvələ gedək, qapıçının oktyabrın əvvəlində dediyi sözləri xatırlayaq: “Mən burda Azərbaycanı təmsil edirəm. Portuqaliyada oynamaq mənim üçün böyük məsuliyyətdi. Ölkəmizi burda daha yaxşı təmsil etməyi düşünürəm. Çünki böyük futbol ölkəsinə gəlmişəm. Portuqaliya son Avropa çempionudu”.
Nə oldu, ay Kamran? Bizi uzaq Portuqaliyada, sonuncu Avropa çempionu olan ölkədə belə yarımçıq təmsil etmək hardan ağlına gəldi? Atalarımız “eşşəyə minmək bir ayıb, eşşəkdən düşmək iki ayıb” deyiblər. Belə çıxır ki, Ağayev Portuqaliyaya kimlərəsə yaxşı qapıçı olduğunu, hələ də böyük pullar qarşılığında müqavilə imzalamağa layiq olduğunu isbatlamaq üçün gedibmiş.

“Boavişta” Portuqaliyanın heç də zənginlərindən sayılmır. Əli pulla oynayan Kamranın orda yaxşı qazandığını düşünmək sadəlövhlük olar. Təxmin etmək çətin deyil ki, “Boavişta”dakı əməkhaqqı “Xəzər Lənkəran”da, “Bakı”da aldığından xeyli azdı. Özü üçün “semiçka pulu” sayılacaq qiymətə uzaq Portuqaliyada atasından uzaq qalmaq, axşamlar dostları ilə qəlyan çəkib, meyxana deyə bilməmək ona ağır gəlir. “30 yaşım var, evlənmək istəyirəm, ailə sahibi olmalıyam” deyib, üzü Bakıya qaçmaq həvəsinə don geydirmək cəhdi isə uğursuzdu. Başqa cür çıxmasın, məgər bütün tanınmış legionerlər subaydı? Evlənmək istəyən evlənir, normal həyatını yaşayır.

Bakıya ailəsi ilə gəlib, burda şad-xürrəm yaşayan əcnəbilərin sayını-hesabını itirmişik. Hələ onlar avropalı, braziliyalıdı. Daha dəbdəbəli həyata, əyləncələrə öyrənmiş adamlardı. Belələri üçün şərqdə, müsəlman adət-ənənərinin təsiri altında olan Azərbaycanda yaşamaq daha çətindi, nəinki bir azərbaycanlının Avropanın azad ölkəsində məskunlaşması. Bunun üçün peşəkar olmaq, daha yaxşıya çatmağı arzulamaq, beynindəki başqa fikirləri qovmaq tələb olunur. Kamran isə özünü əziyyətə salmaq, “Bakı həsrəti”ni, heç olmasa, yaya qədər uzatmaq fikrində deyil.

Onun geriyə atdığı bu addım yetərincə ciddi fəsadlara səbəb olacaq. Özünün nüfuzunun xərclənəcəyi, bundan sonra bir də heç vaxt ölkə sərhədlərini tərk etməyəcəyi məlum məsələdi. Bu cür istedad sahibi xaraktersizliyinin qurbanına çevriləcək, böyük perspektiv vəd edən karyerasını uzağı “Sumqayıt”da, Fərhad Vəliyev kimi hər oyun 5-6 top buraxmaqla sonlandıracaq. Eyni zamanda azərbaycanlı futbolçuların Avropada onsuz da kövrək olan nüfuzu zədələnəcək, elə “Boavişta”nın özündə Emin Mahmudova olan etibarı sarsıdacaq. Avropalılar bizimkilərin istənilən anda komandasını yarıyolda buraxa biləcəyindən şübhələnməyə başlayacaq.

“Kəndinə” gəl, ay Kamran, Bakıya qayıtmaq üçün bəhanə axtarma. Nə bizim belə ucuz yalanlara aldanan yaşımızdı, nə də sənin atandan ötrü darıxan. “Boavişta”da oynamaq istedadına layiq şəkildə karyeranı davam etdirmək üçün son şansındı. Son bir neçə ayda topladığın xətir-hörməti belə asanlıqla yerə vurma!

Fikirlərini bizimlə bölüş!