Mikayıl Nərimanoğludan nə xəbər var? Saytlar hər gün biri-birindən dəhşətli xəbərlər yayır. Şahin Diniyevdən 3.500 manat aylıq "otkat" alan əməkdar jurnalistimiz, sən demə başqa "pripiskalarla" da məşğul olurmuş. Minimum 5 şəxsin adına müxtəlif vəzifələr üzrə maaş kartı açılıb və AFFA-dan hər ay həmin kartlara maaş vurulub. Halbuki bütün adlar şərti olub və həmin şəxslər klubda işləməyib. Yəni klubda işləməyən 5 şəxsin adına ayrılan vəsait də cibə gedib. Kimin cibinə getdiyi də məlumdur.
Bir çoxları bilməsə da SOCAR-ın nəzdində audit qrupu fəaliyyət göstərir. Peşəkar maliyyəçilərdən ibarət olan həmin qrup 2009-cü ildə "Neftçi"nin əvvəlki rəhbərliyinin fəaliyyətini "ot i do" yoxlayaraq, dağıdılan pulların bir qisminin büdcəyə qaytarılmasına nail olmuşdur. Görəsən, indi Nərimanoğlunun "özfəaliyyət dərnəyi" yoxlanılırmı?
Mikayıl Nərimanoğlu "Kəpəz"in ətəyinə təyin olunarkən etiraz etdim ki, o hara, futbol klubu hara? AFFA-da vəzifə tutan şəxs necə olur ki, müstəqil (de-yure) klubda söz sahibinə çevrilir? AFFA-dakılar qayıtdılar ki, demaqoqluq eləmə! Nərimanoğlu, o kluba büdcədən gələn pula nəzarət etmək üçün qoyulub. Son 2 ildə Elxan Məmmədovun etibarlı kadrlarını gördük. Elnur Məmmədov, indi də Mikayıl Nərimanoğlu. Nəzarət edənlərimə bir bax!
İki il öncə AFFA prezidenti Rövnəq Abdullayev da demişdi ki, "Müşahidə Şurası şəffaflıq deməkdir". Rövnəq bəy, budur dediyiniz şəffaflıq? Nəyə görə işində açıq-aşkar maliyyə fırıldağına görə klubdan qovulan adam hələ də AFFA-da fəaliyyət göstərir? İstənilən ölkədə federasiya idarəçilik, şəffaflıq etalonu sayılır. AFFA həm də bir çox məyarlara görə klublara lisenziya verən qurumdur. Gərək federasiyadakıların öz fəaliyyəti şəffaf olsun ki, başqalarını da yoxlasınlar.
AFFA idarəçilərinin son davranışı təkcə ondan xəbər verir ki, Nərimanoğlu təkbaşına olmayıb. İndi də onu qorumaq üçün bütün vasitələrə əl atıblar. Görünür Mikayıl bəydən qorxurlar. Çıxıb danışmasın deyə, onu ikinci dərəcəli iş ilə təmin ediblər.
Bəs, Gəncə futbolsevərlərinin haqqını kim verəcək? Neçə ildir "Kəpəz" azarkeşləri aldanılır ki, büdcədə pul yoxdur. Sən demə SOCAR-dan vaxtı vaxtında lazımı vəsait ayrılırdı, amma Nərimanoğlu gələn bu maliyyə axınını "remiks" edirmiş. Bunun nəticəsi olaraq da "Kəpəz" adına layıq olmayan sonuncu yerdə qərarlaşıb!
Ümümiyyətlə, bundan sonra gərək AFFA-dakılar heç bir klubda təmsil olunmasın. Ancaq bunun tam əksi yaşandı. Qalmaqal səngiməmiş AFFA kluba yeni CEO göndərir – inzibatçı kimi tanıdığımız İslam Abbasov. İslam bəy işinin peşəkaradı, amma klub idarəçisi kimi zəifdir. "Neftçi"də davam gətirməyən biri necə gedib başqa klubda çalışa bilər? Özü də Gəncəni təmsil edən şəhərdə. Həmin Gəncədə ki, hər oyuna stadiona 15 min futbolu əla bilən azarkeş yığılır.
Qurban Qurbanov milli komandaya təyin olunanda dedim ki, o, Azərbaycan futbolua A millimizin baş məşqçisi olaraq deyil, məhz idarəçi kimi lazımdır. Ümid edirəm Qurban müəllim bütün bu qanun pozuntularına "stop" deyəcək. SOCAR-dan klublara pul ayrılırsa, bu demək deyil ki, Elxan Məmmədovun bütün dostları klublarda çalışıb, ciblərini doldurmalıdır. Futbol sahəsində, özəlliklə futbol klublarında futbolu bilən, futbolu sevən kadrlar çalışmaldır, hansısa "fürsətçilər" yox!




Fikirlərini bizimlə bölüş!