Şahin Diniyev 10500 manatdan 7000-ni alırmış
Son günlər mətbuatın gündəmini iki məsələ zəbt edib. Ölkənin ictimai-siyası həyatını işıqlandıran qəzet və portallar “Qoca” ləqəbli avtoritetin həbsdən qaçmasını, yaxınlarının həbs olunmasını və nəhayət, srağagün gecə saatlarından polislə atışmada dünyasını dəyişməsini tirajlayırlarsa, idman mediasında “Kəpəz”in Müşahidə Şurasının üzvü, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun işindən uzaqlaşdırlması əsas müzakirə mövzusudu. Ötən saylarımızın birində xəbər verdiyimiz kimi, Mikayıl bəy maliyyə yeyintisində ittiham olunur. Bütün bunların üstü isə Nərimanoğlu – İbrahimov qarşıdurmasından sonra açıldı. Xatırladaq ki, təxminən 10 gün öncə Mikayıl bəy klubda icraçı direktor postunu tutan Cabir İbrahimovu vəzifəsindən uzaqlaşdıraraq, ona stadiona rəhbərlik etməyi tapşırmışdı. Daha aşağı vəzifəyə təyin olunması ilə barışmayan İbrahimov isə belədə Nərimanoğlunun əməllərini ifşa edəcək sənədlər dolu qovluqla üz tutub AFFA-ya və Elxan Məmmədovla görüşməyə nail olub. Onu Bakıya yola salanlar isə…
“Köhnə qvardiya” yenə iş başında
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, İbrahimovu Elxan bəylə görüşə yola salanlar Mehman Allahverdiyev və onun ətrafı olub. Bunun da özəl səbəbi var. Belə ki, təxminən iki il öncə Allahverdiyev klubdan uzaqlaşdırılarkən Nərimanoğlu sabiq icraçı direktora tezliklə Gəncənin icra başçısı Elmar Vəliyevlə danışıb, onu yenidən kluba qaytaracağı ilə bağlı söz verib. Ancaq bu söhbətin üstündən aylar-illər ötsə də, Müşahidə Şurasının üzvü vədini tutmayıb. Üstəlik, Allahverdiyevin qulağına çatıb ki, onun “Kəpəz”dən uzaqlaşdırlmasını təşkil edən məhz Mikayıl bəy olub. İcra başçısına yaxınlığından istifadə edən AFFA rəsmisi Gəncənin futbol ictimaiyyəti arasında xüsusi hörmətə malik Mehman bəyi bilərəkdən “oyundankənar vəziyyət”ə salıb ki, gələcəkdə hansısa problemlə üzləşməsin. Ardınca isə klubda Allahverdiyevin çevrəsinə daxil olanlar “tərkisilah” olunub. Nofəl Əzizovun, Tahir Mirzəyevin və Füzuli Allahverdiyevin də “sarı-göylər”dən qovulması məkrli planın tərkib hissəsi olub. İbrahimovun vəzifədən uzaqlaşdırlması və bununla razılaşmaması Allahverdiyev və onun komandasına Mikayıl bəydən intiqam almaq üçün əla fürsət yaradıb. “Kəpəz”in “mətbəx”inə yaxından bələd olanlar Gəncədə Cabir bəylə görüşərək “ağ bayraq qalrdırmamağı”, Nərimanoğlunun əleyhinə olan faktları toplayaraq baş katiblə görüşə yollanmağı məsləhət veriblər. Sabiqləri diqqətlə dinləyən, kreslosunu itirən İbrahimov məhz onlarla görüşdən bir gün sonra Gəncədən Bakıya gələrək, qovluğunda olan kompromatları Məmmədova təqdim edib.
Audit yoxlaması nələri üzə çıxarıb?
Mənbəmizin sözlərinə görə, baş katib AFFA-da 12 il çiyin-çiyinə çalışdığı Mikayıl bəyin ona göstərilən etimaddan sui-istifadə etdiyinə inanmayıb və Nərimanoğlunun “təmiz” olduğunu İbrahimova sübut etmək üçün “Kəpəz”də audit yoxlaması təşkil edib. Bakıdan gələn təftiş isə ortaya elə faktlar çıxarıb ki, artıq Məmmədov rəqəmlər qarşısında təslim olub və çox inandığı Mikayıl bəyi həm “Kəpəz”də, həm də AFFA-da tutduğu vəzifədən uzaqlaşdırmaq məcburiyyətində qalıb. Bəs audit nəyi ortaya çıxarıb? Mənbəmizin sözlərinə inansaq, Mikayıl bəy “Kəpəz”də çalışdığı dönəmdə təxminən 400 min manat vəsait mənimsəyib. Gəncənin Sadıllı qəsəbəsində icra başçısının ona ayırdığı torpaq sahəsində özünə ev tikdirən Nərimanoğlu həm məşqçilərin maaşından “pul tuturmuş”, həm də infrastruktura ayrılan vəsaitin müəyyən hissəni cibinə yönəldirmiş. Audit yoxlaması onu da müəyyən edib ki, “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin maaşı sənəddə 10 min 500 manat göstərilsə də, çalışdırıcı əslində 7 min manat məvacib alır. Arada qalan 3 min 500 manat Nərimanoğluya çatıb. Bundan başqa, klubda çalışan əksər mütəxəssislərin sənəd üzərində 5 min manat maaş aldığı əksini tapsa da, reallıqda bu rəqəm 1500-2000 manat aralığında dəyişib. Qalan məbləğ Müşahidə Şurasının üzvü olan Mikayıl bəyin şəxsi büdcəsinə axıb. Yoxlama sragagün başa çatıb və komissiya artıq Bakıya dönüb. Ancaq bugünlərdə yenidən Gəncəyə dönəcək. Bu dəfə…
Cabir İbrahimovun və baş mühasibin də başı dərddədi
Nərimanoğlunun fəaliyyətini yoxlayan komissiyanın yaxın günlərdə yenidən Gəncəyə dönəcəyi xəbərini də mənbəmiz bizə ötürdü. Bu dəfə audit Cabir bəyin fəaliyyətini araşdıracaq. Klubda yaşanan maliyyə yeyintisinə görə onun da ittihamçılar kürsüsündə yer alacağı gözlənilir. Gəncənin Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərovla bir yerdə təhsil alan və məhz idarə rəisinin başçıya təqdimatı əsasında “Kəpəz”in icraçı direktor postuna gətirilən İbrahimovun da müəyyən saxta sənədlərdə imzası var. Bundan başqa, İbrahimov tutduğu vəzifədən sui-istifadə edərək ailə üzvlərinin adını klubda işləyənlər siyahısnda göstərərək, onların adına maaş yazdırırmış. “Kəpəz”in əvəzedici heyətinin avtobusunun sürücüsü olmuş İlqar adlı dayısını isə son vaxtlar iş başında görən olmasa da, məvacibi vaxtı-vaxtında ödənilib. “Kəpəz”in baş mühasibi, bu il AFFA-nın “Ən yaxşı maliyyə meneceri” seçdiyi Mənsurə Məmmədovanın da adı “qara siyahı”dadı. Onun da maliyyə fırıldaqlarında əlinin olduğu bildirilir.
Yayılan söz-söhbətə inansaq, Mikayıl Nərimanoğlu “Kəpəz”dən uzaqlaşdırılandan sonra növbəti hədəf Şahin Diniyevdi. Şahin bəyin futbolçu transferində Nərimanoğlu ilə əlbir olaraq, “qara işlər” gördüyü söylənilir. Artıq bu yöndə ilk addım da atılıb. Belə ki, “Kəpəz”i legionerlərlə təmin edən Vaqif Heydərli klubdan uzaqlaşdırlıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, klub rəhbərliyi komandaya gətirdiyi əcnəbilərə görə FİFA agentinə ödəməli olduğu komisyon xərcini nəğd şəkildə verə bilmədiyindən onun adını klubun işçisi kimi ştat cədvəlinə salıb. Və borcu əməkhaqqı formasında ödəmək istəyiblər. Lakin audit bu məsələnin üstünü açıb və Vaqif bəy ştatdan çıxarılıb.
Rəşad QASIMOV
“Kəpəz”dəki maliyyə fırıldaqlarının şok dosyesi




Fikirlərini bizimlə bölüş!