“Kappa”ya əlavə pul verib “custom” sifariş etməyin mənası nədir?

“Kappa”ya əlavə pul verib “custom” sifariş etməyin mənası nədir? — illüstrasiya

“Neftçi”nin yeni formaları müzakirə yaradır

Forma fanatı kimi “Neftçi”nin yeni təqdim edilən formalarına subyektiv şərhimi verməsəm olmaz. Yeni formalar heç xoşuma gəlmədi. Adi çubuqlu sadə formadır. Ümumiyyətlə, bu yeni emblemə onsuz da isinməmişəm. Ona görə də hələ ki, özümü yeni emblemli məhsul almamaq üçün saxlayıram. Bəlkə nə vaxtsa yenidən əvvəlki emblemə qayıdarıq.

Nəysə, keçək yeni formalarla bağlı ilişdiyim nöqtələrə.

Liqamızda, ümumiyyətlə isə ölkəmizdə hazırda yeganə “custom” forma geyinən klub “Neftçi”dir və bu da peşəkarlığa doğru atılan vacib addımlardan biridir. Ötən il Banişevskinin silueti ilə təqdim olunan yeni “Kappa” formalar bunlarla müqayisədə şükürlü idi. Heç olmasa, formada “Neftçi”yə aid özəl bir detal var idi. (“Errea” isə əfsanə iş ortaya qoymuşdu”).

Mənə görə “custom” formanı özəl edən əsas xüsusiyyət odur ki, onun üzərindəki emblemi çıxarsan belə, həmin formanın hansı kluba aid olduğunu yenə də anlamaq mümkün olsun. İndi təqdim edilən çubuqlu formada isə heç bir özəl toxunuş yoxdur. Belə baxanda, keçən ilki dizayn bunlarla müqayisədə daha uğurlu idi.

“Classic” adı altında təqdim edilən “90 illik” yubiley formalarda, bu emblemə oxşamayan loqotip yerinə “Neftçi”nin Sovet dönəmindəki emblemini görməyi istəyərdik.

Dizayn baxımından demək olar ki, heç nə edilməyib. Formanın adi kataloq formasından heç bir fərqi yoxdur. Belə olacaqdısa, klubun büdcəsindən “Kappa”ya əlavə pul verib “custom” sifariş etməyin mənası nə idi?

“Kappa”nın 2026–27 kataloquna baxdım. Orada da buna çox bənzər ağ-qara çubuqlu formalar var idi. Sadəcə ön hissədəki çubuqların qalınlığı bizim “özəl” formalardan fərqli idi. Bizim “özəl” dedikləri formada da sadəcə həmin çubuqların qalınlığı dəyişdirilib, vəssalam. Başqa heç bir fərq yoxdur.

Fikrimcə, bu günə qədər ən gözəl dizayn edilən formalar “Erreà”nın xüsusi dizaynları idi. Formaların hər rəngi nağıl kimi hazırlanmışdı. Bu “Kappa” isə adi kataloq formasına oxşayır. “Decathlon” və ya “GoSport” kimi mağazalardan adi bir çubuqlu “Kappa” forması alıb, üstünə emblemi çap etsək, nəticədə elə bu “Neftçi” formasından alınacaq.

Qiymətə gəldikdə isə, 119 manat münasib, hətta ucuz qiymətdir. Ancaq bu formanın elə bir özəlliyi yoxdur ki, alıcı ona 119 manat ödəsin. Adlarını çəkdiyim mağazalardan həmin boş “Kappa” formasını daha ucuz qiymətə alıb, üstünə emblemi çap etdirəndə 90% bənzər forma olacaq. Nəticədə azarkeş yenə də orijinal “Kappa” forması əldə etmiş olur. İndiki formalarda bu qiyməti əsaslandıracaq xüsusi dizayn işi yoxdur. Bu formada ciddi bir əziyyət və iş görülməyib.

Formanın ön hissəsindəki sponsora gəldikdə isə üzərinə vurulduğu gündən bəri “PALMS SPORTS” yazısı heç xoşa gəlmədi. Göz daim ənənəvi “SOCAR” yazısını axtarır. Bu sponsorun ismi formaya heç cür oturmur. Adından çox, loqotipi olduqca çirkin görünür. Sponsorluq anlaşmasının şərtlərini tam bilmirəm, amma məncə sponsorla razılaşıb loqotipi formadan çıxarıb yalnız yazını saxlamaq heç olmasa daha səliqəli görüntü yaradardı. Ümumiyyətlə arxaya atılıb “SOCAR” ilə yeri dəyişdirilsəydi lap əfsanə olardı.

Ümumiyyətlə, “Kappa”nın heç bir klub formasından xoşum gəlmir. Nə qəliblərini, nə də dizayn tərzini bəyənirəm. Formaları dar və emblemləri də az qala çiyinə çap olunur. Məndən olsa, “Neftçi kimi komandaya “adidas”dan başqa heç bir brendin formasını geyindirmərəm. Zövqlər fərqlidir, amma bizə həmişə “adidas” daha çox yaraşıb. “Neftçi”nin formasını başqa bir brenddə görəndə tam ürəyimcə olmur.

Ümid edirəm, gələn mövsüm ortaya xüsusi bir iş qoyulacaq.

“Kappa”ya əlavə pul verib “custom” sifariş etməyin mənası nədir? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!