Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Kaxaber Tsxadadzedən necə qorunmalı?

Mən sadə bir azərbaycanlıyam, "bico". Sizin Gürcüstanda "sadə gürcüstanlı" ifadəsinin özündə nəyi ehtiva etdiyini bilmirəm. Amma biz tərəfdə sadə azərbaycanlı banklara mütləq krediti olan, günün azı 12 saatını işləyən, bu qədər işləməsinə baxmayaraq problemləri xirtdək adlı "barometr"dən aşağı düşməyənə deyilir.

Hə, "bico", mən sadə azərbaycanlıyam, amma sadəlövh deyiləm. Berti Foqtsun Azərbaycana gəlməsinin ili tamam olmamış, barmağımı dişləmişdim: "Bu adam bu ölkənin futboluna heç nə verməyəcək" demişdim. Altı ildən bir az çox zaman keçdi, Foqtsu gətirənlər barmaqlarını sora-sora onu yola saldılar. Mən sadəlövh və axmaq deyiləm. Ancaq sən Azərbaycanın futbol təsərrüfatında, idarəçiliyində istədiyin qədər sadəlövh və axmaq tapa bilərsən, "bico".

Sən və sənin klubunun prezidenti Georgi Nikolovun neçə illərdi Azərbaycanın var-dövlətini "İnter" adlı yararsız, xeyirsiz layihəyə israf etdiyinizi, bu ölkənin varı-yoxu neftindən gələn pullarını necə sümürdüyünüzü görürəm. Sən və sənin bolqar prezidentin Azərbaycan futboluna nə verib? Başlayaqmı saymağa? Bir barmağm da bəs edər, "bico". Hər dəfə avrokuboklarda bir mərhələ keçmisiz. Vəssalam, şüttəmam. Bəs "İnter" adlı yararsız, xeyirsiz layihədən sən və sənin bolqar prezidentin nə qazanmısız? Bir dəqiqə gözlə, "bico", "kalkulyator"u gətirim…

Mən sadə azərbaycanlıyam, "bico". Mən və mənim kimi minlərlə, milyonlarla azərbaycanlı gecə-gündüz çalışır, işləyir, kreditlərini ödəməyə, suya düşüb islanan xəyallarını "qurutmaq" üçün işıq, ümid axtarır. Sən isə… Sən isə minlərlə, milyonlarla sadə azərbaycanlının hətta xəyal edə bilməyəcəyi pulları qazanırsan. Burda, mənim vətənimdə, mənim Azərbaycanımda!

Mən sadə azərbaycanlıyam, "bico". Ağlın havadarın Ramin Musayevə, səni pul gölündə üzdürüb, azərbaycanlıların üstünə salan Cahangir Hacıyevə getməsin. Bu ölkədə "sadə azərbaycanlı" ifadəsi elə Musayev, Hacıyev kimilərə görə yaranıb. Aradakı fərqi göstərmək üçün.

Bir müddət əvvəl mətbuat konfransında Komanda.az-ın əməkdaşına içində sənin də olduğun kütləvi hücumdan, dünən "Xəzər Lənkəran"ın məşqçilərinin üstünə təkbaşına şığımağından sonra açığı narahat oldum, "bico". Sən özünü bir həkimə göstər. Allah eləməsin, sadə azərbaycanlıların çox qorxduğu xəstəliyə yoluxmuş olarsan. Səbuhi Məmmədovdan soruş, o sənə deyər beyinin çönməyi, gözün qızmağı, qarşına keçənin üstünə hücum çəkmək hansı xəstəliyin əlamətidi.

Mən isə hələ bir müddət də "İnter"in oyunlarına və mətbuat konfranslarıma gəlməyəcəm, "bico". Zəhrimara qalsın, çox təhlükəli xəstəlikdi, gərək özümüzü qoruyaq səndən.

Fikirlərini bizimlə bölüş!