Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Kimi söyürük?

Şəhidlər şəhərindənəm – Ağdamdan. Mənim üçün çox üzücüdü məqamdı – qohum-əqrabamda şəhidin, o uca zirvəyə çatanların, yeri sorğu-sualsız cənnət olanların sayının çox olmaması. Əvəzində şəhid olmuş xatirələrim var. Düşmən güllələri ilə paramparça olmuş xatirələrim. Bunlar sapdan da nazik olan xatirələrdi. Artıq kimsə toxuna, qıra bilməz. İncə telli xatirələri saymaqla bitməz ki.

Saymaqla bitməz ki Qarabağ savaşında sinəsini ana vətənə görə düşmən gülləsi qarşısında sipər edənləri. Lənətə gəlmiş müharibə neçə-neçə anaları oğulsuz, gəlinləri ərsiz, körpələri yetim qoydu. İtirilən vətəndaşlardan və vətən daşından sonra bizə qalan bir dağ, bir də daş oldu. Sinəmizə çəkilən dağ və qucaqlayacağımız məzar daşı…

İllər sonra “Torpaq – əgər uğrunda ölən varsa, vətəndir” kəlamını anladıq da, bəs, onu söyən kimdir, bunu anlamadıq. Kimdir o? Vətən oğlu? Hansı vətən oğlu? Vaxtı ilə hərbi xidmətdə “vətən, sənə canım fəda!” deyən vətən oğlu? Bəs, söydürən kimdi? Şəhid oğlu? Hansı şəhid oğlu? Azarkeşin valideyinini söyən şəhid oğlu?

Bütün bu suallar beynimi qurd kimi yeyir. Fikrimcə, ötən gün bir qəpiksiz qalan “Bakı”nın bazasında paytaxt klubunun azarkeşi ilə bir neçə ay “zolaqlılar”ın heyətində bir qəpiskiz çıxış edən, hazırda “Qəbələ”nin şərəfini qoruyan Cavid Hüseynov arasında söyüşün biri bir qəpikdən olması hamını düşünməyə vadar etməlidi. Nəzərə almalıyıq ki, bu xoşagəlməz olayın nəticəsində bir şəhid təhqir olundu. Bilərəkdən və ya bilməyərəkdən…

Bəs günahkar kimdi? “Bakı”nı özünə bəlli olan səbəblərə görə maliyyə problemləri ilə üz-üzə qoyan və bununla da ötən gün Cavid Hüseynovun sabiq komandasına qarşı oynamasına imkan yaradan klub prezidenti Hafiz Məmmədov, yoxsa 5 yaşında atası şəhid olmuş futbolçunun ailəsini dolandırmaq kimi məcburiyyətə sövq edən həyat? Bəlkə künc zərbəsini təyin etməklə həmin anda bakılı fanatların Cavidə qarşı xoşagəlməz ifadələr işlətməsinə imkan yaradan matçın baş hakimi İnqilab Məmmədovdu günahkar? Və ya rəqibə künc zərbəsi qazandıran “zolaqlılar”ın futbolçusundadı günah? “Bakı”nın daşını daş üstə qoymayanlardan fərqli olaraq klubun çulsuz vaxtında ona sadiq qalan, məğlubiyyəti həzm edə bilməyərək acığını rəqibi söyməklə çıxardan fanatdadı günah?

Fikrimcə, günahkar axtarmaqdan vaz keçməliyik. Əvəzində çıxış yolu axtarmalı, tapmalıyıq. Kimsənin kiminsə əzizini söyməməsi, daha böyük qalmaqalın yaşanmaması üçün. “Bakı”nın azarkeşləri də başa düşməlidi ki, bir qəpikdən satılan söyüşlər doğma komandalarının maliyyə durumunu düzəltməyəcək. Bu, ilk belə hal deyil. Buna görə təkcə “Bakı” yox, digər klublarımızın fanatları da ehtiyatlı olmalıdı. Bundan başqa, futbolçular da konfliktə getməməlidi. Nəzərə alaq ki, oyunları idarə edən hakimlərimizin də valideynləri, əzizləri, yeddi arxa dönənləri təhqir olunur. Bəylər, cənablar, lütfən diqqətli olun. Sabahı gün söyüş göndərdiyiniz ünvana siz, yaxud da qohumlarınızdan kimsə elçi göndərə bilər…

Emin SƏFƏROV

Fikirlərini bizimlə bölüş!