Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Milli oyanış!

Cəbhədə baş verən döyüşlərdə rəşadətlik nümayiş etdirən ordumuz bizə təkcə işğal olunmuş torpağımızın 2-3 faizini geri qaytarmadı. Həm də uzun müddətdi məğlub durumda olan milli ruhumuz oyandı. Millət olaraq vətənimiz uğrunda çiyin-çiyinə dayana biləcəyimizi öyrəndik. Öyrəndik və 7-dən 77-yə hər birimiz isbatladıq ki, el bir olsa, dağ yerindən oynayar!

Gənci, qocası, müəllimi, həkimi, polisi, oğrusu, narkomanı, lap ana bətnindəki körpə də milli oyanışı hiss etdi. Küçələrə bayraqla axışan kim, cəbhəyə könüllü yollanan və "ehtiyac yoxdu" deyildikdən sonra suyu süzülmüş şəkildə geri qayıdan kim, yaralanan hərbiçilərimizə qan vermək üçün növbəyə duranlar kim… Məncə, kim olduğumuz artıq hər kəsə bəllidi. Okeanın o tayından bu tayına kimi, lap Şimali Koreyanın Kiminə kimi…

Bu, bir rəssamın çəkməkdə belə çətinlik çəkə biləcəyi və sonunda çəkə bilmədiyi üçün xəcalət çəkə biləcəyi dünyanın ən gözəl gözəl, ən duyğulu, ən qürurlu əsəridi. Yazıq rəssam bu qədər möhtəşəmliyi dar çərçivəyə necə sığışdırsın ki… Şəhidinin cənazəsinə bükülmüş, körpə uşağın əlindəki bayraqla, "Lələ Təpə"yə sancılan bayrağın bir olduğunu necə izah etsin ki?

Bunu xalq şairimiz Bəxtiyar Vahabzadə "Bayraq" şerində daha gözəl izah edir:

Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma, öz hakimliyim.

Elə ötən gün uğrunda döyüşlər gedən torpaqların adını daşıyan "Qarabağ" futbol klubu da "Kəpəz"lə birgə meydana üzərində bu fantastik şerin misralarının yazıldığı formalarla çıxmışdı. Hər yer üç rəngli, şanlı bayrağımızla bəzədilmişdi. Hərbi orkestrin də dövlət himnimizi canlı ifa etməsi insana əlavə ruh yüksəkliyi verirdi. Vaxtı ilə "Qarabağ"ın baş məşqçisi olmuş, daha sonra canını vətən uğrunda qurban verən Milli Qəhrəmanımız Allaverdi Bağırovun oğlu Elşən Bağırovun da meydana bayraqla çıxmasını təşkil etməkdə alqışlanılası addımdı.

Bəlkə matçı izləyənlər "Azərsun Arena"dakı atmosferi hələ də unutmayıb. Klub rəhbərliyi bunun üçün hər şeyi etmişdi. Bircə bir elan, bir səs çatmırdı: "Səfərbərlikdi, hər kəs ön cəbhəyə!". Vallah stadionda futbolçu, hakim, azarkeş qarışıq heç kim qalmazdı.

Qarabağ kimi "Qarabağ" da insanları ətrafında birləşdirən dəyərdi. Ağdam klubunun avrokubok matçından sonra bu qədər insanın bir yerə toplaşdığını harda görmüşdük ki?

Fikirlərini bizimlə bölüş!