Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Koronavirus, getmək fikrin yoxdu?

Hər yanda lal, indiyə qədər yalnız qəbiristanlıqlarda gördüyümüz sükut hökm sürür. Şəhər boş-adamsız, bütün obyektlər qapalı, yalnız nəqliyyatın hərəkəti ilə üzə çıxan varlıq əlamətləri… Çox uzaq tarixdə yox, cəmi üç ay əvvəl kimsə bu günləri yaşayacağımızı desəydi, dərhal adamlar beləsini hoydu-hoyduya götürər, “dəli” damğası vurardılar. Nə yazıq ki hansısa qorxu filminə baxmırıq, dünya olaraq, fəlakətin içindəyik. Virusa yoluxanların sayı çoxdan milyonu ötüb, ölü sayı da 71 minə yaxınlaşır.
Hər kəsin əlinin işdən-gücdən soyuduğu indiki məqamda bəlkə də futboldan, ölkədaxili yarışları bərpa etmək pespektivindən danışmaq mənasız addımdı, hətta deyərdim ki, düşüklükdü. Bəşəriyyətin gələcəyi təhlükə altına düşübsə, Azərbaycan futbolu kimin nə vecinə?!
Amma və lakin… Ən bədbin durumlarda, hətta insan taleyinin tükdən asılı olduğu məqamlarda zərrəcə ümid işığı varsa, həmin işığın şəfəqlərinə boyanmaq, vəziyyətdən çıxmaq yolunda inadkarcasına cəhdlər etmək lazımdı. İşimiz gərəyi Avropa futbolundakı ümumi durumu da diqqətlə izləməyə məcburuq. Açığı, başqalarının təcrübəsinə baxanda, daha doğrusu, ölkədaxili yarışları hansı məqamda dayandırdıqlarına nəzər salanda ölkəmizdə durumun daha yaxşı olduğunu görürük. Bildiyiniz kimi, Azərbaycanda futbol mövsümünü bitirmək üçün çempionatda 32, kubokda isə vur-tut 5, yəni ümumilikdə 37 oyun keçirilməlidi. Halbuki “böyük beşlik” ölkələrinin çempionatlarında sona ən azı 9-12 tur qalır. Hələ mən müxtəlif səbəblərdən təxirə salınan görüşləri demirəm. Çempionlar Liqasında qalibi müəyyənləşdirmək üçün daha 17, Avropa Liqasında isə 23 oyuna ehtiyac var.
Təbii ki, qitə futbol qurumu, ayrı-ayrı ölkələrin federasiyaları vəziyyətdən çıxmaq yolunda ən müxtəlif variantları araşdırır, hər kəs doğru bildiyi yolla getməyə çalışır. Bu elə məsələdi ki, dəqiq uğur resepti yoxdu. Bu mənada UEFA prezidenti Aleksander Çeferinin oyun sayında müəyyən ixtisarlara getmək bahasına da olsa, avrokubok mövsümünü bitirmək istəyi anlaşılandı. Sirr deyil ki, Çeferin hətta cüt oyunların sayını 1-ə salmaq, komandaların neytral meydanda qarşılaşması kimi avantürist ideyaları dövriyyəyə buraxmaqdan da çəkinmir. Şəxsən mən də ən azı Azərbaycan kuboku ilə bağlı belə ideyanın tərəfdarıyam. “Qəbələ” ilə “Zirə”, “Sumqayıt”la “Qarabağ” finalın iştirakçılarını iki yox, bir oyun keçirməklə də müəyyənləşdirə bilər. Belədə həm kubok yarışlarını daha erkən bitirmək, həm də də çempionatın qalan oyunlarının təqvimi ilə bağlı daha geniş manevr imkanları qazanmaq olar. Ölkəmizdə futbol mövsümünü onsuz da yetərincə tez – mayın 10-da bitirmək nəzərdə tutulmuşdu. 21-ci turun oyunlarının martın 14-15-nə planlaşdırıldığını, bu gün isə hələ aprelin 6-nı yaşadığımızı nəzərə alsaq, faktiki qrafikdə gerilik hələ heç bir aya da çatmayıb. Hətta aprel, may ayları ərzində heç bir ölkədaxili oyun keçirilməsə belə, iyunun əvvəlində başlamaqla uzağı iyulun sonuna qədər futbol mövsünü tam şəkildə qapamaq olar. Bu il avrokubokların startının ləngiyəcəyini də nəzərə almaq lazımdı.
Əlbəttə, indiyəqədərki nəticələrin sıfırlanması və turnir cədvəlindəki mövcud duruma əsasən avrokubok iştirakçılarını müəyyənləşdirmək ilə müqayisədə bir müddət də gözləmək, tibb dünyasının, nəhayət, bu pandemiyanın öhdəsindən gələcəyi günün həyəcanını yaşamaq daha uyğun variantdı. İndiyəqədərki nəticələr sıfırlanacağı halda avrokuboklardan kənarda qalacağıqsa, turnir cədvəlindəki durumu yekun kimi qəbul etmək də bütün hallarda idman prinsiplərinin pozulmasıdı. Açığı, klubların əksərinin bu varianta razılıq verəcəyinə də inanmıram. Axı “Qarabağ” “Neftçi”dən 8 xal öndə olsa da, çempionluğun taleyini həll etməyib. İrəlidə bizi 4-cü yer uğrunda amansız mübarizə gözləyir. Və ya “Qəbələ”nin mövsümün sonuncu yerdə bitirməmək üçün bütün gücünü ortaya qoyacağı gün kimi aydındı.
Bir sözlə, UEFA-nın və başqalarının vəziyyətdən necə çıxacağı bilinməsə də, Azərbaycan futbolunu idarə edənlərin, daha doğrusu, birbaşa təşkilatçılıq işləri ilə məşğul olanların manevr imkanları yetərincə genişdi. Hələlik isə bizə yalnız gözləmək qalır. Bütün dünya kimi. Koronavirus, getmək fikrin yoxdu?

Fikirlərini bizimlə bölüş!