Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Qaç!

Uşaq olanda yayın gəlişini çox səbirsizliklə gözləyirdik. Təkcə ona görə yox ki, dərs ili bitir və biz bir sinif də böyüyürük. Həm də ona görə ki, futbol oynamaq üçün xeyli imkanımız olurdu. Günəş daxmamızın arxasına doğru hərəkət edən kimi küçəyə çıxıb topu olan uşaqların evinə doğru qaçırdıq. Sonra isə yalnız bozarmış mavi ekranlarda gördüyümüz yaşıl meydançaları xəyalımızda canlandırıb, daş-çınqıllı "stadion"a gedirdik. Hər dəfə oyun zamanı beş-altı çəlimsiz uşağın qapı dirəyini əvəz edən daşları yerinə qoymasıyla başlayan “derbi” bir neçə saatdan sonra böyüklərin daşları kənara tullamasıyla yekunlaşırdı.

O zaman nə Lionel Messi vardı, nə Kriştiano Ronaldo. Bildiyimiz yalnız Braziliya Ronaldosuyla, Fransa Zidanıyla ürəyimizdə yuva qurmuşdu. Bir də Roberto Karlosu sevirdik. Çünki güclü zərbələri və sürəti hamımız üçün bir məktəb idi. Çox məsum idik. Hətta yalanlarımızla da heç kimi aldada bilmirdik. Futbol adına top-top oynayırdıq. Әn yaxşı futbolçu ən çox qol vuran olurdu. O həm də "qızıl butsu"nu alırdı. Dəyişməyən bircə şey vardı: bütün dövrlərin ən yaxşısı ən sürətli qaçan uşaq seçilirdi. Ona görə də hamımız üzü yaya doğru ayaqlarımızın üzərində ciddi-cəhdlə çalışardıq. Axı çox məsum idik. Bəli, bizim üçün əsas meyar sürətli qaçış sayılırdı. Bunu bacaran uşağa zaval yoxuydu, heç vaxt kənarda qalmırdı, hətta gecikəndə belə, canla-başla "yuxarı" başa aparılırdı.

İllər ötdü, hamımız böyüdük. Kimi universitetə daxil oldu, kimi hərbi xidmətə yollandı. Və bir gün sırf təsadüfən şəhərdə üz-üzə gəldik. O vaxt 17 nəfər idik, bu dəfə isə 8 adam qol-boyun olmuşdu. Üzə çıxmayan 9 nəfəri də tapıb kiçik bir məclis qurduq. Bu o zaman idi ki, artıq Azərbaycan klublarında pul da var idi, top da, üstəlik futbolçuların geyinməyə bir neçə dəst forması da.

Nəsə, yenicə yerimizi rahatlamışdıq ki, üç-dörd rəngdə göstərən televizorun ekranından boğuq səs eşitdik. Hamımız bir-birimizin üzünə baxdıq, gülümsədik, az sonra Azərbaycan himni oxundu. Yığmanın hansısa ölkəylə yoldaşlıq oyunu idi. Stadionda olan azarkeşlərin sayı məclisimizdəki adamlardan az idi. Təbii ki, oyunu uduzduq. Nə təəccübləndik, nə təəssüf hissi keçirdik.

Öyrəncəliydik. Biz Ronaldonun, Zidanın meydanı başıaşağı tərk etməsinə kədərlənirdik… Bir az şərabdan, bir az da hisə verilmiş çiy kabablardan yeyəndən sonra bayıra çıxdıq. Hamı susmuşdu. Ancaq hər kəsin üz cizgiləri danışırdı. Anlayırdıq ki, futbol bizə görə deyil, hətta müsəlman üçün də münasib sayılmır. Futbol kollektiv oyundu, futbol sürəti deyil, texnikanı sevən bir idmandı. Biz isə fərdiyyətçiyik, təkbaşına, solo oxumağı sevirik. Və… Biz yaxşı meyxana deyə, qəzəl yaza bilərik. "Din kişiyə dörd arvad almağa icazə verir" deyimini əldə bayraq tutub bunu yerinə yetirməyə çalışarıq. Ürəyimizi dörd pəncərəyə bölüb hərəyə bir hücrə yaradarıq. Bütün pislik və yaxşılıqları bacararıq. Әsla və əsla futbol oynamaq bizlik deyil. Bunu icad edənlər nədənsə şərqliləri düşünməyib.

Futbolu korrupsiya burulğanına ürcah edən, tanış-bilişlə iş görən, vahid konsepsiyası olmayan bir ölkədə Messi, Ronaldo, Xavi, Beyl yetişə bilməz! Bizimki yalnız qaçmaqdı, meydanda ora-bura vurnuxmaqdı, vəssalam!

O gün yenə məhəllə uşaqlarıyla toplaşmışdıq. Təsadüfən oturduğumuz kafedə iki televizor vardı. Biri "Barselona"nın, o biri "Real"ın oyununu göstərirdi. Hər iki komandanın qoleadorunun sürəti bizi 20 il öncəyə apardı. Bir-birimizə baxdıq. Hamımız bir ağızdan "Messi, Ronaldo yaxşı oyunçudular, çünki sürətlidirlər" dedik. Sonra isə acı-acı güldük. Axı indi daha məsum deyilik…

Fikirlərini bizimlə bölüş!