Molla Nəsrəddinin ən məşhur olmasa da, yetərincə məşhur lətifəsini bilirsiz. Məzmunu belədi ki, küləkli bir gündə Molla dəvəyə minib səfərə çıxır. Yolda acdığından xurcununa qoyduğu qovut torbasını açıb yeməyə başlayır. Elə qovutu ağzına qoymaq istəyəndə külək vu-rub dağıdır. Vəziyyəti belə görən dəvəçi özünü saxlaya bilmir:
– Molla, nə yeyirsən?
– Qardaş, külək belə əssə, demək olar ki, heç nə…
Sanki bu lətifəni indiki “Qəbələ” üçün düzüb-qoşublar. Komanda mayın 22-də ölkə kubokunun finalında uduzub, ertəsi yetərincə müəmmalı şəraitdə Yuri Syominlə vidalaşıb və o gündən bəri başsız atlını xatırladır. Burda diqqətimi çəkən bir neçə məqam var…
Belə görünür ki, Syomin kuboku qazansaydı belə, Qəbələdə qalmayacaqdı. Yəni onunla ayrı-ayrı klub rəsmiləri arasında ziddiyyətlər o qədər dərin olub ki, adam çoxdan ayrılmaq qəra-rı veribmiş, hətta Qəbələdə canına çökən yorğunluğu Braziliyada atmaq üçün dünya çempio-natının oyunlarına bilet də sifariş edib. Ziddiyyətlərin kökündə nələrin dayandığına – deyilənə görə, Syomin kimlərinsə pul qazanmasına mane olub – dair uzaqbaşı Çingiz Abdul-layev üslubunda mülahizələr yürütmək olar ki, indi mən vaxtımı və köşə yerimi buna sərf etmək istəmirəm. Amma kubokun finalından əvvəl artıq Avroliqada mübarizə aparacığını bilən “Qəbələ” rəhbərliyinin Syominsonrası varianta hazır olmaması, baş məşqçi axtarı-şına çıxmaması, heç şübhəsiz, cinayətkarcasına məsuliyyətsizlikdi. Bu komanda düz bir aydan sonra Avroliqada ilk oyuna çıxacaq. Ölkənin imicini uca tutmaq, debütdəcə qitəyə səs salmaq və ya ən azı mayın 22-də “Tofiq Bəhramov”un tribunalarında səmimi göz yaşlarını axıdan qəbələli cocuqları ovutmaq istəyən rəhbərlik artıq bu durumdan çıxış yolu tapmalı, yeni çalışdırıcısını publikaya tanıtmalıydı. Əvəzində nə edirlər? Heç nə, sadəcə, günü-günə satırlar. Daha doğrusu, bir şeylər edirlər, amma bunun adı… idman jurnalistlə-rinin coğrafi biliklərini möhkəmləndirməkdi. Tragikomik duruma baxın: bir gün hansısa “Qəbələ” rəsmisi ortaya çıxıb “yeni məşqçimiz Şərqi Avropadan olacaq” deyir, ertəsi onu bəyənməyən başqası “yox e, yox, postsovet məkanının ən ünlü məşqçisi Qəbələyə gəlir” sözü ilə biz yazıqları xəritəni qabağımıza qoyub, korlar kimi barmağımızı üstündə gəzdirməyə məcbur edir. Və bunun adı klub idarəçiliyidi? Qəhr olsun belə idarəçilik…
Yeni məşqçi nə vaxt gələcək, heyətlə nə vaxt tanış olacaq, hazırlıq planını necə quracaq, qısa zaman kəsiyində Avroliqada nə ilə təəccübləndirəcək? Bir sözlə, cavabsız və ağır sual-lar çoxdu. Güman edirəm ki, bu suallar “Qəbələ” rəhbərliyini də düşündürür. Amma düşün-dürsə də, fakt budu ki, qitə səhnəsinə iddialı qədəm qoymaq istəyən komanda açıq-aşkar gecikir.
Hələ mən onu demirəm ki, qitədə ciddi imicə və nüfuza malik Yuri Syomin ad-soyadlı biri-sinin “Qəbələ” kimi iddialı komandanı Rusiya elitasının debütantına dəyişməsi özü də yetərincə düşündürücü məqamdı. “Mordoviya”nın imkanlarına və ya hansısa başqa özəlli-yinə görə “Qəbələ”ni qabaqladığına əsla inanmıram. Ona da əminəm ki, Syomin Tale Heydərovdan Saranskda qazanacağı pulu istəsəydi, nazir oğlu heç düşünmədən cibinin ağzını açacaqdı. Bəs onda Yuri Pavloviç maliyyə imkanlarına görə Rusiya elitasının ən zəif dörd klubundan biri sayılan “Mordoviya”nı niyə “Qəbələ”dən üstün tutdu? Əlbəttə, Qəbələ və qəbələlilər ilə bağlı xoş təəssüratları bölüşüb qurtarandan sonra Syominin dolu ürəyi açılacaq və biz onda klubda mövsümün sonlarında yaşanan gerçəkləri öyrənəcəyik. Bu öz ye-rində, gözləməyə dəyər, məni narahat edən məqam indiki “Qəbələ”nin düz girişdə danışdı-ğım lətifənin qəhrəmanına bənzəməsidi. Təqvim sıxır, vaxt azalır, “Simurq”un, “Viləş”in, nə bilim, AZAL-ın acı taleyini yaşamaq istəmirsizsə, tərpənmək lazımdı, cənab Heydərov-lar! Axı Avropada təkcə Qəbələni yox, həm də Azərbaycanı təmsil edəcəksiz. Bu isə yetərincə ciddi çağırışdı…




Fikirlərini bizimlə bölüş!