Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Kütlə ilə “Neftçi”dəki “istedadlı dələduzlar”ın unikal əməliyyatı

Samir Abasov “Neftçi”dən növbəti dəfə istefaya göndərildi. Kimdir Samir Abasov? Son 12 ildə “Qarabağ”ın əlindən çempionluğu almağı bacaran yeganə məşqçi.

Son 12 ildə Azərbaycan klublarında yüzlərlə əcnəbi və yerli mütəxəssis çalışıb. Ən azı 10 əcnəbi elə “Neftçi”dən milyonlar aparıb. Amma heç biri Samir Abasovun bacardığını bacarmayıb. Bu faktı qəbul etməlisiniz. Ölsəniz də etməlisiniz.

Bir qədər əvvələ qayıdaq. Samir Abasov “Neftçi”də işlədiyi ilk dönəmdə – əvvəlki iki mövsümdə bir dəfə komandanı çempion etdi, bir dəfə də gümüş medal qazandırdı. “Qarabağ”la rəqabətdə unikal nəticədir. Qəbul etməmək üçün heç bir bəhanəniz yoxdur. İstənilən bəhanə sizi biabır edər.

Samir Abasov o vaxtı “Neftçi”i rəhbərliyindən heyəti gücləndirməyi tələb etdi. “Neftçi”dəki “istedalı dələduzlar” gördülər ki, adam həqiqəti danışır, kütlə ilə birləşib qovdular Samiri.

Sonra “Neftçi” hansı günə düşdü? Pis günü yaşadı. Ötən mövsüm komanda elitanı tərk etmək təhlükəsi ilə üz-üzə idi. Əlacsız qaldılar, Samir Abasova ağız açdılar. Ağız açdılar ki, gəl xilas et komandanı. İnandı, gəldi və xilas etdi “Neftçi”ni. Və dərhal da “istedadlı dələduzlar” fəaliyyətə başladılar. Bu dəfə azərbaycanlı “istedadlı dələduzlar”a Türkiyədən gəlmiş “istedadlı şoumenlər” də qoşuldular. Abubakarı gətirdilər “Neftçi”yə. Gətirdilər ki, bu adam komandanı çempion edəcək. Yəni Samir Abasova da ehtiyac yoxdur artıq, bir halda ki, Abubakar varsa. Abubakarın ayağına top dəymədi “Qarabağ”la oyunda. “İmişli” ilə qarşılaşmada da yoxa çıxdı. Və bəlli oldu ki, bal alıblar, doşab çıxıb. Biabırçılıq idi. Bu biabırçılığı ört-basdır etmək üçün kimsə qurban verilməliydi. Verdilər. “Neftçi”də ən təmiz adamı, öz yerində olan yeganə şəxsi, peşəkarı qovdular. Bu dəfə də “istedadlı dələduzlar” kütlə ilə birgə hərəkət etdi.

Samir Abasov, get dincəl, baş verənləri yaxşı-yaxşı analiz et. Əmin ol, “Neftçi” yenə də pis gündə olacaq. Və gün gələcək yenə də sənin qapını döyəcəklər. Amma o vaxt qərar verməyə tələsmə. “İstedadlı dələduzlar”dan və kütlədən özünü qoru, Samir müəllim. İstedadlı, vicdanlı, peşəkar adamlar “istedadlı dələduzlar”ın və kütlənin düşmənidir. Vaxtın olacaq, Samir Abasov, yaxşı saf-çürük et.

Natiq MUXTARLI

Fikirlərini bizimlə bölüş!