Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Samir Abasov lap pis söyüş söydü

“Neftçi”yə Ramin Musayevin kadrı baş məşqçi gəldikdən sonra bu komanda kərəni kürə etməyi bacardı. PFL prezidenti imkan edib çempionata bir-iki oyun da əlavə edə bilsəydi, “Neftçi” hətta “Qəbələ”ni də geridə qoyub, gümüş medal qazana bilərdi. Yox, “Qarabağ”ı keçə bilməzdi. Bunu heç Ramin Musayev özü də istəməzdi axı… Ortada subardinasiya qaydaları var ey.

İndi Ramin Musayevin “bacıoğlu” jurnalistləri Tərlan Əhmədovun “qəhrəmanlığından” yazacaqlar. Yazacaqlar ki, birdən Elxan Məmmədovun adamları onu “Neftçi”dən göndərmək fikrinə düşsələr, qabaqlarına fakt qoya bilsinlər ki, kərəni kürə edəni göndərmək ədalətsizlikdi.

“Qəbələ” demişkən, yadıma Cavid Hüseynov düşdü yenə. Bəs deyirdilər ki, Cavid həbsxanada ağıllanıb? Son 1-2 ayda iki nəfəri meydanda döyüb, qırmızı vərəqə alıb. Meydandan kənarda bu xuliqanlığa görə 2-3 il həbs cəzası kəsərdilər adama. İnsanlar islah olunmamış, onları həbsxanadan buraxmaq təhlükəlidi.

“Zirə” ilə oyundan sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov AFFA-nın baş katibi Elxan Məmmədovu söydü. Siz tutmadız ey söhbəti, Abasov lap pis söyüş söydü. Dedi ki, azərbaycanlı futbolçularla ancaq Ayıb istilinə dəryaz çalmağa getmək olar. Vəssalam! Samir Abasov dedi ki, azərbaycanlı futbolçunu Azərbaycan çempionatında daim oynatmaqla onun inkişafına nail olmaq mümkün deyil. Abasov baş katibə dedi ki, təpənə dəysin sənin limitin, bu limit rəqabəti pozur, yerli futbolçuları arxayınlaşdırır. Abasov baş katibə dedi ki, ay yoldaş, Messi olmaq üçün Amil Yunanovu Messinin yanına göndərmək lazımdı, Messini Azərbaycana gətirsən, elə Amil Yunanov olacaq. O Amildən danışıram ki, vaxt vardı bizim jurnalistlər ona görə Roman Qriqorçuku divara dırmaşdırırdılar ki, niyə Yunanovu “Qəbələ”də saxlamayıbsan. Nədi, nədi, Amil “Sumqayıt”ın heyətində bir-iki qol vurmuşdu.

Öz aramızdı, Samir Abasov təkcə baş katibi söyməyib ha. Elə jurnalistlərimizi də “yağlayıb”. Siz Allah, hələ söhbəti tutmayıbsız? Gedin, Abasovun dediklərini təkrar-təkrar oxuyun.

Fikirlərini bizimlə bölüş!