Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Kəpəz” üçün yeganə şans

Yunis Hüseynovun gəlişi “Kəpəz”də böyük dəyişikliklərə səbəb olmayıb. Hətta Gəncə təmsilçisinin həm nəticələri, həm də sərgilədiyi oyun daha da pisləşib. Bunda Yunis bəyin günahkar olduğunu demək istəmirəm. Görünür, futbolçular da şəraitsizlikdən, yollarda qalmaqdan beziblər. Bir an öncə canlarını qurtarmaq, daha sakit həyat arzusundadılar. “Kəpəz”in hər məğlubiyyəti azarkeşlərin təzyiqinin güclənməsi, bu təzyiqin açıq formada ifadə olunması ilə nəticələnir. Məsələn, “Keşlə”də, yaxud da “Səbail”də oynasan və beş oyun ardıcıl uduzsan, səni buna görə asıb-kəsən olmayacaq. Uzağı klub rəhbərliyi narazılıq edəcək, məşqçi danlayacaq. Amma azarkeş söyüşü eşitməyəcəksən. “Kəpəz”də isə belə deyil. Rəhbərlikdən və baş məşqçidən daha sərti, daha tələbkarı azarkeşlərdi. Onlar doğma şəhərin komandasını qarşılıqsız sevirlər. Üstəlik, futbolu yaxşı bilirlər, kimin meydanda can qoyduğunu, kimin ayaqlarını sürüdüyünü dərhal anlayırlar. Bu səbəbdən də səsləri möhkəm gəlir, aqressivlikdən, yüksək səslə etiraz bildirməkdən çəkinmirlər. Gəncədə belədi. “Kəpəz”də oynadınsa, buna qatlaşmalısan.
“Kəpəz”in başı üzərindən qara buludların tezliklə çəkiləcəyini gözləməyə dəyməzdi də. Məlum məsələdi ki, bu klub AFFA ilə şəhər rəhbərliyinin maraqlarının toqquşduğu qapalı döyüş meydanıdı. Pulun əsas hissəsi Bakıdan ayrılır. Sözsüz ki, AFFA-nın “Kəpəz”ə verdiyi pul nə qurum prezidentinin, nə də baş katibin cibindən çıxır. Gəncə futboluna ayrılan pullar AFFA-nın büdcəsindən, yəni elə SOCAR-dan çıxır. Bu isə neftdən gələn gəlirlərdən ayrılan puldu. Özü də Foqtsa, Prosineçkiyə, Lippertə və başqa əcnəbi idman direktorlarına, Berlində açılan futbol məktəbinə, “Top çiləmə festivalları”na görə havaya sovrulan milyonlarla müqayisədə qəpik-quruşdu. Gəncəyə məcburiyyətdən, bu böyük şəhərə futbolun AFFA-nın səxavəti sayəsində qayıtmasını imitasiya etmək üçün ayırırlar. Ayırdıqları pulun da nəzarətçisini özləri təyin edirlər, həmin nəzarətçi də ciblərini doldurur, özünə imarət tikdirir, oğlunun adına maaş yazır. Bütün bunları da Gəncə rəhbərliyi yaxşı bilirdi. Nəticədə isə çanaq “Kəpəz”in başında sınırdı, ildən-ilə vəziyyət pisləşirdi.
Sizin də yadınızda olar. Unudanlar internetdə axtarış versinlər, görəcəklər ki, son 3-4 ildə neçə dəfə Gəncədə müasir stadionun tikiləcəyi və yaxud da şəhərdəki qəzalı stadionun təmir ediləcəyi ilə bağlı vədlər verilib. Müəllifləri isə ən yüksək səviyyəli rəhbər şəxslər olub. Yeni stadionun müjdəsini bir neçə dəfə icra hakimi Elmar Vəliyev, daha sonra onun oğlu, “Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev verib. Arabir Şahin Diniyev də onların sözlərindən həvəsə düşür, oxşar bəyanatlar səsləndirirdi. Səmimiyyətinə şübhə etmək istəmirəm. Görünür, onu da inandırırmışlar. “Kəpəz” “Sumqayıt”a 0:3 hesabıyla uduzandan sonra şəhərdəki otellərin birində ziyafət təşkil olunub. Ora qatılanlar “Dinamo”nun SSRİ çempionatının güclülər dəstəsinə yüksəlməsinin 50 illiyini qeyd edirmişlər. Yeyib-içib, şənləniblər. “Bu boyda Gəncənin futbolu indi niyə bu günə düşüb” sualına cavab axtarmağa heç kim həvəs göstərməyib. Həmin ziyafətdə şəhər rəhbərliyi yenidən stadionun və bazanın yüksək səviyyədə təmir ediləcəyindən, “Kəpəz”in doğma şəhərdə məskunlaşacağından danışıblar. Birvaxtlar Hacıkənddə “Kəpəz” üçün baza tikildiyi deyilirdi. Orda olsaydım, həmin bazananın tikintisinin niyə davam etdirilmədiyini də soruşardım.
Bu minvalla Gəncədə daha 50 il futbol olan deyil. Onda da yığışıb “Dinamo”nun uğurunun 100 illiyini qeyd edəcəklər. Azərbaycan futbolunun inkişafını, ortaya yeni adların çıxmasını istəyənlər Gəncə futbolunun problemlərini araşdırmalı, onların həlli yollarını mütləq tapmalıdılar. Bunsuz mümkün deyil. Əmin ola bilərsiz. Yunis Hüseynovun “Kəpəz”ə baş məşqçi təyinatı belə həmin problemlərin həlli üçün kifayət deyil. Son vaxtlar “sehirli çubuq” deyimi xeyli çeynənib, şəxsən mənim o sözə allergiyam yaranıb. Bəli, Hüseynov da sehirbaz deyil, nə də əlində çubuğu yoxdu. Heç kim ondan həmin çubuğu fırlatmasını və dərhal da “Kəpəz”in mükafatlara iddia edən komandaya çevrilməsini gözləməsin.
“Kəpəz” barədə proqnozumu mövsüm başlamamış vermişdim. Demişdim ki, AFFA bir il bundan sonra reqlamentə əl gəzdirib, hansısa fırıldağa əl atmasa, Gəncə təmsilçisi premyer-liqada sonuncu olacaq və birinci diviziona yollanacaq. Sözümün üstündə dayanmışam. Hələ onda Şahin bəy gələcəyə böyük ümidlərlə baxır, onların da küçəsində bayram olacağına ürəkdən inanırdı. Biz isə inanmırdıq. “Kəpəz” yerlilərdən daha zəif görünən legionerlərlə, əksəriyyəti elitanın səviyyəsinə uyğun gəlməyən azərbaycanlı futbolçularla bundan uzağa gedə bilməzdi. Onun yeri elə turnir cədvəlinin sonuncu pilləsi idi. Kubok uğrundan mübarizənin də başa çatmasına elə də çox qalmayıb. Ayağı top tutmayan, “çərçivə”yə düz-əməlli zərbə vurmağı bacarmayan futbolçularla heç “Keşlə”ni də məğlub etmək mümkün görünmür. Özü də azı iki top fərqi ilə. “Kəpəz”i söküb, yenidən yığmaq lazımdı. Klubun idarəçilik strukturundan tutmuş, uşaq futboluna qədər böyük islahatlara ehtiyacı var. Gözlərini pul örtənlər bu klubu elə hala salmayıb ki, ağır nəticələri qısa müddətdə aradan qaldırmaq mümkün olsun. Yunis Hüseynovun yerində olmağı heç arzulamazdım. Onun futbol biliyi və məşqçilik bacarığı belə “Kəpəz”i uçurumdan xilas etmək gücündə deyil. Mövsüm başlayanda necə idisə, indi də elədi. “Kəpəz”in növbəti mövsüm elitada oynamasının yeganə yolu AFFA-nın mərhəmətidi.
Amal ABUŞOV

Fikirlərini bizimlə bölüş!