Bütün futbol dünyası "Lester"dən danışır. 24-cü turda "Liverpul"u iki cavabsız topla məğlub edən Kladuio Ranyerinin yetirmələri pula pul deməyən "Mançester Siti"ni də "Etihad"da diz çökdürdü. "Tülkülər"in cari mövsümdəki qurbanları sırasında "Tottenhem"lə "Çelsi" də var. Hazırda 53 xalla premyer-liqada 1-ci olan "Lester" ən yaxın izləyicisini 5 xal qabaqlayır. Qalan 13 turda xüsusi nəsə baş verməsə, Ranyeri və komandası möcüzəni gerçəkləşdirə biləcək.
Məlumat üçün qeyd edim ki, "tülkülər"in hazırkı heyətinin dəyəri 89 milyon avrodu. Van Qalın uçuruma sürüklədiyi "Mançestr Yunayted"də bu rəqəm 406, "Mançestr Siti"də 526, "Çelsi"də 518, "Arsenal"da 386, "Tottenhem"də 280 milyona bərabərdi. Fərqin böyüklüyünü özünüz görürsüz. Ən "kasıb" "Tottenhem" "Lester"i 3 dəfədən çox qabaqlayır. Deməli, futbolda pul hər nə qədər vacib olsa da, heç bir halda həlledici amil deyil.
Bu məqam hazırkı şəraitdə Azərbaycan futbolu üçün çox vacibdi. Neftin dəyərdən düşməsindən sonra az qalır ki, dizlərimizi yerə qoyub, hönkür-hönkür ağlayaq. Millinin heyətinə çağırılan, heç meydana çıxmadan 20 min manata yaxın mükafat alan futbolçu belə 3-4 ay maaş almayan kimi "məşqə getməyə yolpulum yoxdu" deyir. Baxın, "Lester"in futbolçularından ibrət götürün, əzizlərim. Dünyada bizim üçün ibrət götürüləsi o qədər hadisələr, nümunələr var ki. Gözlərimizi bir az geniş açmaq, ətrafımıza yaxşı-yaxşı boylanmaq yetərlidi. Onda mübarizə həvəsimiz, inkişaf etmək, daha yaxşıya çatmaq üçün enerjimiz çoxalacaq.
Futbolumuz ölkədəki neft bumundan sonra şişmiş, özünə artıq çəki yığmış adamlara bənzəyirdi. İndi yavaş-yavaş düzgün inkişaf yolu müəyyənləşdirmək, ayağımızı yorğanımıza görə uzatmaq zamanıdı. Başımıza gələnlərdən başmaqçı ola bilməməyin cəzasını çox çəkmişik. Ən yaxşı günlərimizdə klublarımız öz pullarını həvəslə legionerlərin ayaqları altına səpir, Bakıya dəvət etdikləri əcnəbi mütəxəssislərin ciblərini doldururdular. Düşünürdük ki, pulumuz varsa, tezliklə bütün dünyanı özümüzlə hesablaşmağa məcbur edəcəyik, klublarımız qitə kuboklarında nəhənglərə əlcək atacaq, Foqtslu millimiz tezliklə böyük turnirlərin final mərhələsinə adlayacaq. "Cırtdan" gözüylə baxdığımız Lixtenşteyn və Lüksemburq milliləri bizi evimizin içində pərt elədi. "Kənd komandası" adlandırdığımız "Olimpiya", Azərbaycana az qala piyada və formasız gələn "Mura" "Xəzər Lənkəran"la "Bakı"nı göydən yerə çırpdı. Amma bütün bu faciələr də bizi ayıltmadı. Pulumuzun qədrini bilməyin, infrastrukturu düzgün qurmağın vacibliyini dərk etmədik. Bir də ayılmışıq ki, neft qiymətdən düşüb, artıq əvvəlki kimi sağa-sola səpələməyə milyonlarımız yoxdu.
Son günlər futbolumuzda başverənlərə, aylardı maaş üzünə həsrət qalan futbolçuların meydanda can qoymasına baxıram, "Allahın məsləhətinə şükür" deyirəm. "Rəvan" "Neftçi"ni "Bak-cell Arena"da öldürüb-diriltdi. Elbrus Məmmədov elita üzü görməyən, Almeyda ilə Armenterosa ancaq televiziyada baxan yeniyetmələrlə sensasiyaya imza atmağa yaxın idi. Bu gənclər ilk oyunda həyəcanlarını dəf edib, adlı-sanlı "Qarabağ"a qarşı bu cür oyun sərgiləyə bilirdisə, gələcəyimiz elə də faciəvi görünmür. Yetər ki, bundan sonra yolumuzu azmayaq, məşhur filmdə deyildiyi kimi, sükanı belə saxlamağı bacaraq.
"Rəvan"la "Xəzər Lənkəran"ın bu mübarizəsinə baxanda "Zirə" ilə "Kəpəz"in uğurunun təsadüf olmadığını düşünməyə başlayırsan. Göz dəyməsin, hər iki klubun heyətində təcrübəli adlar və faydalı legionerlər yer alır. Maaşları fantastik olmasa da, maliyyə vəziyyətinin sabitliyi məşqçiləri və klub rəhbərliyini futbolçuların yanında üzüqara etmir.
Hər ikisi yayda ölkə xaricində hazırlıq keçib. Gəncəlilər qışda Azərbaycanı tərk edə bilməsələr də, Adil Şükürov yetirmələrini Antalyaya apara bilmişdi. Deməli, hazırkı şərtlərə görə "Zirə" ilə "Kəpəz"in vəziyyətini elə da pis qiymətləndirmək olmaz. Belədə elitaya bu il yüksələn klublar "Lester" nümunəsinə baxıb, çempionluq yarışına niyə qoşulmasınlar?!
General olmaq istəməyən əsgərə yaxşı gözlə baxmırlar. Odu ki, həm Adil bəy, həm də hörmətli Şahin Diniyev futbolçularını ən yüksək səviyyədə motivasiya etməyə çalışmalıdı. Çempion olmaq üçün yarışın ki, mövsümün sonunda ən azı avrokuboklara vəsiqə qazana biləsiz. Rəqiblərin adından çəkinməyə heç gərək yoxdu. Onlar "Mançester Siti" və "Çelsi" qədər qorxulu deyil. Sizin "Lester"dən nəyiniz əskikdi?




Fikirlərini bizimlə bölüş!