Azərbaycan futbolunda inkişaf olmasa da, AFFA rəhbərliyi başqa bir nəticə ilə fəxr edə bilər. Maşallah, qurumun daxilində saysız-hesabsız komitələr var. Guya hər biri də müstəqil. Nə iş gördükləri də kimsəyə bəlli deyil. Klublar Komitəsi də yaradılacaq. Bunun üçün artıq fərman da verilib. Klublar onsuz da Peşəkar Futbol Liqasında birləşiblərsə, daha bir qurumun yaradılmasına nə hacət?
İntriqa, vəzifə, səlahiyyət davası olan yerdə hacət də olmalıdı, mütləq. Klublar Komitəsinin yaradılması AFFA-nın baş katibi Elxan Məmmədovla Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında gedən uzunmüddətli mübarizənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu mübarizədə bir müddət idi ki, atəşkəs hökm sürürdü. Baş katibin başı 7 illik Foqts dönəminin zir-zibilini ört-basdır etməyə qarışmışdı. Artıq məsələ həllini tapıb, millinin yeni əcnəbi baş məşqçisi də dekabrın 3-də təsdiqlənəcək. Baş katib fürsəti boşa vermədən gələcək planlarını da İcraiyyə Komitəsinin iclasında təsdiq etdirmək niyyətindədi. Klublar Komitəsinin PFL-ə alternativ qurum olduğunu Elxan Məmmədovun mətbuata açıqlamasından da sezmək olar. Baş katib deyib ki, ölkə klubları 18 ay əvvəl bir yerə yığışaraq nəyisə müzakirə ediblər.
Təbii, Məmmədovun belə deməsi Ramin Musayevin bacarıqsızlığına edilən işarədi. Yəni, PFL klubların dərd-səri ilə maraqlanmır, onların fikirləri öyrənilmir. Sən demə, onların fikirləri öyrənilsəymiş, Azərbaycan Premyer-Liqasında legioner limiti aradan qaldırılarmış. Sən demə, klublara söz demək imkanı verilsəymiş, birinci diviziona tətbiq edilən, birincilərlə elita arasında sərhəddə çevrilən limit də ləğv edilərmiş. Sən demə, baş katibin diqtəsi ilə qəbul edilən bu limit oyunu ona görə gerçəkləşib ki, PFL klubların fikirlərini öyrənərək AFFA-ya çatdırmayıb.
Elxan Məmmədov deyir ki, Klublar Komitəsində müzakirə olunan məsələlər İcraiyyə Komitəsinin gündəliyinə salına bilər. Əcəba, İcraiyyə Komitəsində klubların dördünün nümayəndəsi varsa, niyə onlar indiyə qədər klubların bircə probleminin də komitənin iclasında müzakirə olunmasına səy göstərməyib?
Baş katib belə deməklə sadəcə, baş qatır. Klublar Komitəsinin ilk işi PFL-ə təzyiq etmək olacaq. İclaslarda PFL-dən narazılıqlar müzakirə ediləcək. Buna şübhəniz olmasın. Elxan Məmmədov Azərbaycan futbolunda yaranan böyük narazılıqdan yararlanaraq bu təsərrüfata nəzarəti tam ələ keçirmək istəyir. Təbii, bu komitənin yaradılması Ramin Musayevin məğlubiyyəti sayılmalıdı. Ancaq bu məğlubiyyətdə də Musayev özü günahkardı. Azərbaycan çempionatının idarəetmə sistemində ədalətsizlik, ikili standartlar o həddə çatıb ki, baş katibin bundan yararlanmaması avamgünalıq olardı.
İntriqa, vəzifə və mövqe savaşındakı mübarizədə “pambıqla baş kəsmək” tələb olunur. Bunun üçün isə ağıllı siyasət. O da Musayevdə yoxdu. Baş katibdə isə var. Elə ona görə də bir müddətdən sonra Klublar Komitəsi PFL-in funksiyasını həyata keçirə bilər. Onda da görəcəyik ki, Azərbaycan futbolunda Ramin Musayev yoxdu. Elxan Məmmədov isə var. Özü də hər yerdə…




Fikirlərini bizimlə bölüş!