Redaksiyamızda Rəsul adlı dizayner var, Azərbaycan dilindəki ən sadə sözlərin plastilindən düzələn fiqurlar kimi necə əcaib şəkillər aldığını görmək üçün onunla 5-10 dəqiqə danışmaq kifayətdi. Amma bu qəhrəmanımız, adətən, onu narahat edən məsələlərə izah tapa və ya fikrini çatdıra bilməyəndə bir məşhur ifadəyə əl atır: bəs, Huşəng hara baxır?
Həmin Huşəng srağagün gecə saatlarında Azərbaycan – İspaniya oyununa baxırdı. Məyusluq və dərin təəssüf içində. Təəssüratımı bölüşməsəm, ölərəm…
İstənilən yığma konkret oyun üçün strategiyanı turnir hədəfinə uyğun müəyyənləşdirir. Zahirən mürəkkəb görünən bu cümlənin sadə bir açması var: srağagün qrup birincisi olmaq üçün bizə heç-heçə də kifayət edirdisə, ispanlar portəgizlərə rəqib olmamaq üçün qalib gəlməliydi. Azərbaycan yığması əslində bir sapand ilə iki sərçə vurmaq imkanına malik idi. Heç-heçə edib, ukraynalılara rəqib olmaq minimum, iki top fərqi ilə qələbə qazanıb, ispanları evə göndərmək isə maksimum hədəf idi. Amma biz nə etdik, daha doğrusu, Joze Alesio da Silva başımıza hansı oyunu açdı? Yüngül zədəsi olan və əminəm ki, Portuqaliya ilə bugünkü oyunda meydanda at kimi qaçacaq Qallonu ehtiyatda saxlayıb, parlaq dönəminin miskin obrazını xatırladan Rizvan Fərzəliyevi meydana buraxdı. Bununla da kifayətlənmədi. Oyunun gedişində zaman-zaman yalnız yerli futzalçıları meydanda saxlamaqla sanki Zaur Axundova və ya kimlərəsə özünəməxsus mesajlar göndərdi. Yəni yerli-yerli deyirdiz, buyurun, baxın…
Oyunun gedişini izləyən, taktika və strategiyadan baş çıxaran istənilən adama aydın idi ki, braziliyalı uşaqları meydana istisnasız heç-heçə üçün buraxıb, qələbəni ağlının ucundan da keçirmir və 0:1-i sona qədər qorumaqla məşhur gedişin (5 sahə oyunçusu rəqibin 4 oyunçusuna qarşı) hesabına sonda pireneylilərə zərbə vurmağa çalışacaq. Bəli, o mübarək an yetişdi, yəni hesab 0:1-di və səndən ev tapşırığı hesabına həmin artıq oyunçudan yararlanmaq tələb olunur. Amma nə gördük? Heç nə, zibil! Sən demə, braziliyalı futzalçıları məşqlərdə bu komponent üzərində lazımınca çalışdırmayıb. Yığmamızla oyunda eyni taktikanı tətbiq edən fransızlar nə qədər gücsüz görünürdüsə (amma yenə bir qol vura bildilər), biz ispanlar önündə daha miskin təsir bağışlayırdıq. Topu mənasızca sağa-sola dığırladır, təcrübəli və güclü rəqibin sərt, qapalı müdafiəsini yarmaq yolunda heç bir avantüraya əl atmırdılar, qapıya zərbələr yox dərəcəsində idi. Azərbaycan futbolçularına və futzalçılarına həmişə çatdırmaq istədiyim, ürəyimi deşən bir həqiqət var: oyunun axarı Quran ayəsi deyil ki, onu pozmaqdan çəkinəsən. Rəqib qapısı önündə vəziyyəti dramatikləşdirmək üçün ənənəvi metodlar keçərli deyilsə, buyur, fantaziyaları işə sal, driblinq et, qapıya zərbə vur, avantüra ilə məşğul ol, kəsəsi, qeyri-adi nəsə et, qardaş!
Beləliklə, ilk baxışdan məntiqli görünən məntiqsizliklər hesabına Portuqaliyaya rəqib olduq. Deməli, yarımfinala adlamaq, medalçılar sırasına düşmək şansımız xeyli azaldı. Halbuki ənənəvi favoritlərin heç də parlaq təsir bağışlamaması, Avropa futzalında güclər nisbəti arasında uçurumların götürülməsi fonunda məhz bu qitə birinciliyində əvvəlki rekordumuzu yaxşılaşdıra bilərdik. Yenə də bədbin olmayaq, 1/4 finalda portuqaliyalılar üzərində qələbəyə ümid edək. Nə bilmək olar, bəlkə elə Joze Alesio da Silva və yetirmələri bütün avantüra payını, fantaziyalarını məhz bu oyuna saxlayıblar?!
Hüşəng
Məntiqli görünən …məntiqsizlik




Fikirlərini bizimlə bölüş!