Mənim Coğrafiyaya olan sevgim oğluma da sirayət edib. Hələ məktəbə getməsə də, dünyanın sayılıb-seçilən ölkələrini tanıyır. Ara-sıra müharibələrdən, böyük güclərin mübarizəsindən, Amerikayla Rusiyanın "qoç-qoç" oyunundan, Türkiyədəki daxili çəkişmələrin Cümhuriyyəti zəiflətməsindən də danışırıq.
Sözün düzü, futbola o qədər də marağı yoxdu, 90 dəqiqəni sona qədər izləməyə səbri çatmır. Üstəlik, həyatında ilk dəfə stadiona getdiyi oyunda Portuqaliyadan gələn yeniyetmələr bizim qapımıza 5 cavabsız top vurmuşdu. Uşaq o qədər məyus oldu ki, ondan sonra bir daha futbola baxmayacağına söz də verdi. Amma mən futbola baxanda mütləq kimin kimlə oynadığını, sonda da hansı komandanın qalib gəldiyini soruşur. O gün axşam da elə oldu. 21 yaşadək futbolçulardan ibarət millimizin Farer adaları ilə oyunu zamanı da belə oldu. Həyacanla ekran qarşısında əyləşdiyimi, ara-sıra qəribə əl-qol hərəkətləri etdiyimi görüncə marağını gizlədə bilmədi. Özü də həmin vaxt qonaqlarımız hesabı açmış, bizi qəm dəryasına qərq etmişdilər.
Və dərhal da aramızda aşağıdakı dialoq yaşandı:
– Ata, kimlə kim oynayır?
– Azərbaycan millisidi, oğlum. Farer adalarının komandasıyla oynayır.
– Farer adaları haradı? Mən belə ölkə eşitməmişəm axı…
– "Cırtdan" dövlətdi, xəritədə güclə görünür. Ona görə sənin diqqətini cəlb etməyib.
– "Cırtdan"dılarsa, necə futbol komandası yaradıblar? Özü də bizimkiləri udurlar.
– Düz deyirsən, oğlum. Düz-əməlli futbolçuları yoxdu. Məhlədə top dalıyca qaçan uşaqlardı, yığıb Bakıya gətiriblər. İndi də bizi udurlar…
Başqa nə deyəydim? Onsuz da gec-tez hər şeyi biləcək. Uşağı aldatsaydım sonra məndən inciyər, sözlərimə inanmazdı. Bu səbəbdən də həqiqəti gizlətmədim. Etiraf edim ki, bizi udan komanda məhlədə top-top oynayan uşaqlardı. Bığlı-saqqalı futbolçularımız həmin uşaqların qarşısında aciz qalıb.
Farerin əsas komandasının Macarıstanla qolsuz bərabərliyə nail olmasıyla özümüzə təskinlik verməyək. Unutmayaq ki, macarlar Avropa çempionatının final mərhələsindən sonra veteranları yola salır, yeni komanda quruculuğuna başlayır.
Belə şeylərlə özümüzü aldatsaq da, uşaqlarımızı aldada bilmərik. Ağlınızı başınıza yığın!




Fikirlərini bizimlə bölüş!