Artıq ikinci gündü ölkənin idman mətbuatının gündəmini “Qarabağ”ın hücumçusu Mahir Mədətovun “Beşiktaş”a keçəcəyi barədə xəbərlər zəbt edib. Əvvəlcə bu xəbər yalnız yerli mətbuatda dövr edirdi. Azərbaycanlı jurnalistlər Mahiri İstanbula “göndərdiyi” bir zamanda, qardaş ölkə mətbuatı erməni Henrix Mxitaryanın “qartal” olacağı barədə xəbərləri tirajlayırdı. Ancaq tezliklə, bu “xəstəlik” Türkiyə mətbuatına da keçdi. Bu gün Türkiyənin bir çox mətbuat orqanında Mahirin “Beşiktaş”a transferi barədə xəbərlər yayılıb.
Bunun reklam, yoxsa həqiqət olduğu ilə işim yoxdu. Ancaq hər iki halda uğursuz gedişdi.
Doğrudan reklamdısa, bu xəbərlər daha zəif klubları “tələ”yə salmaq üçün yem rolunu oynayırsa, tezliklə “Beşiktaş”ın gənc futbolçumuzla maraqlanmadığı üzə çıxacaq. Belə olduğu halda, Mahirin dəyəri digər klubların gözündə nəinki artacaq, əksinə, azalacaq.
“Beşiktaş” son illərdə Türkiyədə ən uğurlu transfer siyasəti həyata keçirən klublardandı. Elə komandanın son illərdə əldə etdiyi uğurlar da bunun göstəricisidi. Bu cür komandanın Mədətovla maraqlanıb, sonra bu keçiddən imtina etməsi digər klubların seçiminə də təsir edə bilər. Yəni “Beşiktaş” istəməyibsə, deməli, bir bildiyi var” fikri hakim kəsilə bilər.
Bəs doğrudusa? Bu lap pisdi. Son illər azərbaycanlı futbolçuların bu cür böyük klublar üçün yetişmədiyi sübut olundu. Məsələni çox uzatmadan elə Emil Balayevin “Ayntraxt”, Vaqif Cavadovun “Tvente”, Araz Abdullayevin “Everton”, Ramil Şeydayevin “Trabzonspor” macərəlarını yada salmaq kifayətdi. Şeydayevdən söz düşmüşkən, Qaradəniz təmsilçisi millimizin gənc hücumçusunu heyətinə qatdıqdan sonra rəsmi saytında “sən bizə qardaşımızın əmanətisən” yazaraq, bir az ifrata qaçmışdı. Ancaq çox çəkmədi ki, “bordo-mavilər” “əmanət”ə xəyanət edərək, futbolçumuzu Slovakiyaya “sürgün”ə göndərdi.
Mahir son vaxtlar sərgilədiyi oyunla ən çox ümid bəslənən gənc futbolçularımızdan birinə çevrilib. Bəlkə də, gələcəkdə legioner kimi ölkə futbolunu layiqincə təmsil də edəcək. Ancaq yuxarıdakı kimi “uğursuz reklam” və ya “boyundan yuxarı tullanmaq cəhdi” bütün bu xəyalların üzərindən xətt çəkə bilər. Elə məhz buna görə, Mahir hər iki halda seçim edərkən iki dəfə düşünməlidi.




Fikirlərini bizimlə bölüş!