Debütdə het-trik, ÇL-də dublla debüt, 5 oyunda 8 qol – kəsəsi, can, gülüm, can-can! Azərbaycanlı futbolçuların legioner həyatı yaşaması ilə bağlı bütün gözəl nağılların başa çatdığını düşündüyümüz anda üfüqdə elə bir Mahir Emreli günəşi göründü ki, parıltısı göz qamaşdırır, istisi uzaq Varşavadan Bakıya çatır.
Dostlar, Mahirin Polşanın ən populyar klubunda parlaq debütü ilə bağlı media məkanını və sosial şəbəkələri “zorlayan” xəbər-video dalğasının sizə necə təsir etdiyini bilmirəm, mən bayılmasam da, ona yaxın durumdayam və ilıq ekstaz yaşayıram. Hətta ekstaz o dərəcəyə çatıb ki, “Legiya”nın baş məşqçisi Çesnav Mixneviçin həmyerlimizlə bağlı dediyi “bəzən olmalı olduğu yerdə deyildi” ifadəsi də qulağıma xoş gəlmir. Adam ÇL-də yeni komandası ilə debüt oyununda dubl edib, oyunboyu “Bude Qlimt”in müdafiəsini gərginlikdə saxlayıb, 1-ci qolda topla birgə az qala rəqibin müdafiəçisini də tora salacaqdı, ikincidə ideal şəkildə müdafiəçilərdən sıyrıldı və topu lazımi yerə göndərdi, daha bir neçə təhlükəli vəziyyət yaratdı, bir epizodda rəqib qapıçı ilə mübarizəni son ana qədər davam etdirdi və az qala onu səhvə məcbur etdi. Daha nələr etməliyddi ki, baş məşqçi ondan razı qalsın?! Mənə elə gəlir ki, Mixneviç, sadəcə, parlaq debütün ardından Mahirin arxayınlaşmasını istəmir.
Təbii, elə mən də istəmirəm, elə siz də istəmirsiz. Axı uzun fasilədən sonra azərbaycanlı futbolçunun əlinə Avropaya özünü göstərmək şansı düşüb. Bu şansdan yararlansa, nələr olacaq, nələr – təsəvvürə gətirmək belə gözəldi!
Kim nə deyir-desin, məncə, Mahir vətəni hələ bir il gec tərk etdi. Nəinki bir, hətta iki il əvvəl də onun potensialının Azərbaycan səviyyəsini aşdığı, asanlıqla istənilən ölkədə karyera qura biləcəyi görünürdü. Amma daha çox da “Qarabağ”ın hədəflərindən uzaq düşməməsinə hesablanan siyasət Mahiri vətəndə saxladı. Allah bilir, “Qarabağ” çempion olsaydı, bəlkə yenə qalacaq, bəlkə yenə Avropa azərbaycanlı ulduzun varlığından xəbər tutmayacaqdı.
Bu yaş məsələsinin üstündə əbəs yerə dayanmadım. İyulun 1-də Mahirin 24 yaşı tamam oldu. Ölkəni daha tez tərk etmək hədəflərinin arxasınca daha erkən düşmək, “Legiya”dan da böyük klubların diqqətini çəkmək deməkdi. Əminəm ki, Mahir öz üzərində işləməkdə davam edərsə, müsahibələrində adını çəkdiyi, amma mənim indi təkrarlamaqla gözə gətirmək istəmədiyim, arzuladığı hər bir klubun formasını geyə bilər. İnşallah, “Legiya” o böyük və uzun yolda Mahir üçün, Azərbaycan futbolu üçün tramplin olacaq. Bu gün Mahir Emreli Azərbaycan futbolunun uğur şansı, Nazim Süleymanovla Vəli Qasımovu unutdura biləcək ulduzudu.
…Belə müqayisə bəlkə də mənəvi-əxlaqi cəhətdən yerinə düşmür. Amma 1939-cu ildə Hitler Almaniyasına Polşanı tam işğal etmək üçün 36 gün lazım gəlmişdi. İyunun 8-də “Legiya” ilə müqaviləyə imza atdığını, iyulun 7-də artıq ÇL-də dubl etdiyini nəzərə alsaq, Mahirin fəth planı bir aydan da az çəkdi. Uğurlar sənə, futbolumuzun uğur çubuğu! Sükanı belə saxla!




Fikirlərini bizimlə bölüş!