Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Mil-Muğan”ın prezidenti futboldan ömürlük uzaqlaşdırılacaq!

Əsas çempionatının – Premyer Liqasının oyunlarına azarkeş getməyən Peşəkar Futbol Liqasının birinci divizionunda “bardak” bineyi-qədimdən olub. Burda siz hakimin qulağını dişləyən futbolçuya, qoşa ayaqla hündürə tullanıb baş məşqçiyə şıllaq atan klub prezidentinə, matçın ortasında çıxıb ayaqyoluna gedən oyunçuya, oyunun protokolunda 48 futbolçu adı yazan klub rəsmisinə rast gələ bilərsiz. Bir az Hollivud, bir az da Bollivud filmlərinə oxşayır birinci divizion.

Lap təzəlikcə isə İmişlinin “Mil-Muğan” komandasının cinayətinin üstü açılıb. Cinayətin üstünü açan qəhrəman pol… Üzr istəyirəm, qəhrəman futbol funksioneri isə “Turan-T” klubunun prezidenti Namiq Məstanov olub. Gözündən heç nə yayınmayan Namiq müəllim müəyyənləşdirib ki, İmişli komandası 1990-cı il doğumlu Orxan Məhərrəmlinin adını, soyadını və təvəllüdünü dəyişdirərək, 1993-cü il doğumlu Fərid İbrahimli adıyla oynadırmış.

Taleyin ironiyasına bax ki, İmişli klubunun fırıldağının üstünü açan məhz Namiq Məstanovdu. O Məstanov ki… Məncə, yazmasam da olar, siz anlarsız.
Orxan Məhərrəmli, ya da Fərid İbrahimli deyilən o gəncin taleyinin necə olacağını bilmirəm. Bundan sonra Orxan adıyla həyat və futbolçu yoluna davam edəcək, yoxsa Fərid adıyla, bilinmir. Amma onu bilirəm ki, bir qrup “moşennik” cəzasız qalacaq.

PFL-in prezidenti Ramin Musayev deyib ki, “Mil-Muğan”ı bu hərəkətə görə böyük cəza gözləyir. Necə və nə boyda cəza, Ramin müəllim? Ömürlük futboldan uzaqlaşdıracaqsız? Məsələn, həmin o “Mil-Muğan”ın “heş nədən xəbərim yoxdu” deyən prezidenti Mirheydər Səfiyevi ömürlük futbol üzünə həsrət qoya bilərsiz? Bunu edə bilməyəcəksizsə, onda Səfiyevin başını sığallayıb, alnından öpsəniz də, fərq etməz.

Hələ mən demirəm ki, Azərbaycan pasportu, Azərbaycan vətəndaşı adını daşıyan bir futbolçunun adını, soyadını, təvəllüdünü dəyişmək dələduzluqdu və buna görə cinayət işi açılmalıdı. Təbii, qanunlar möhkəmdisə və işləkdisə, bu cəza mütləq olmalıdı. Amma… Bundan sonrasını yazmasam da olar, məncə, siz anlarsız.
“Bardaq” təyininə tam oturan birinci divizionda ilk dəfə deyil belə şey olur. Əvvəllər də dəfələrlə sənədlərini saxtalaşdıran futbolçular olub. Elə araşdırsan, indinin özündə də hər 20 futbolçudan biri “lipa” çıxar.

“Mil-Muğan”ın fırıldağının üstünü açan Namiq Məstanova gəlincə, adam “Turan”ın adını dəyişdirməyə o qədər öyrəşib ki, belə məsələlərdə təcrübəsi artıb, dərhal hiss edir.
Hər işdə bir xeyir varmış, bax, belə yerdə deyiblər, qəhrəman Namiq müəllim. Üç xalınız xeyirli olsun!


P.S. Yazının başlığına aldanmayın. Zarafat etdim. Birinci diviziondan yazırsansa, ciddi olsan, sənə gülərlər.

Fikirlərini bizimlə bölüş!