Nə VAR?

Nə VAR? — illüstrasiya

Azərbaycan Premyer Liqasında mövsüm yeni başlayıb, ancaq artıq bir neçə dəfə yanlış hakim qərarları gündəmə gəlib.

Son olaraq V turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununda (2:2) meydan sahiblərinin lehinə təyin edilən penalti qərarının doğru olmadığı bildirildi. Naxçıvan təmsilçisi məhz bu epizoddan sonra “11 metrə”dən fərqlənməklə bir xal qazanmışdı.

“Turan Tovuz” isə bu mövsüm ikinci dəfə belə halla üzləşib. Bundan əvvəl II turda “Şamaxı” ilə matçda tovuzluların qolu qeydə alınmamışdı və görüş bərabərliklə başa çatmışdı (0:0). Kəsəsi, 5 turda artıq komandanın 4 xalı “yeyilib”.

VAR sisteminin Azərbaycana gəlişindən sonra hakim qərarlarındakı səhvlərin azalacağına ümid edilsə də, vəziyyət əksindəir. İndi həm VAR, həm də hakimlər oyunlar zamanı kifayət qədər səhvlərlə gündəmə gəlirlər.

VAR-ın tətbiq edildiyi vaxtda AFFA Hakimlər Komitəsinə sədr təyin edilən Barış Şimşekin buradakı fəaliyyəti də uzun çəkməmişdi. 2022-ci ildə posta gətirilən türkiyəli funksioner iki il sonra – 2024-də vəzifəsindən ayrılmışdı.

Sonra belçikalı Frank de Blekere Hakimlər Komitəsinə sədr təyin olunmuş, ancaq liqadakı hakimlərlə bağlı durum yenə dəyişməmişdi. Onun da fəaliyyət dövrü çox çəkmədi, 2025-ci ildə komitə sədri vəzifəsindən ayrılan Blekere bir il müşavir kimi çalışdıqdan sonra bu ilin iyulunda postundan ayrıldı.

Hazırda sədr olan Rəhim Həsənovla da bağlı narazılıq çoxdur.

Ümumiyyətlə, hakimlik dünya futbolunun qlobal problemlərindən biridir. İstənilən çempionatda hər tur mübahisəli epizodla rastlaşmaq mümkündür. Bizim liqada qıcıq yaradan əsas məqam isə demək olar ki, səhvlərin eyni komandaların oyunlarında yaşanmasıdır. Bəlkə də, bu, sadəcə təsadüfdür, amma “Turan Tovuz”un 5 turda “yeyilən” xalları mənzərəni bulandırmaqdadır.

Şahin CƏFƏROV

Nə VAR? — illüstrasiya

Yazılarımız maraqlı gəlir?
Abunə ol, e-mailinə həftənin

ən maraqlı yazılarını seçib göndərək.

← Back

Your message has been sent

Şərhlər

Fikirlərini bizimlə bölüş!