A kişinin oğlu, yaman bir bəlaya düçar olub da bu Azərbaycan futbolu. Neçə vaxtdı kulisləri məşğul eləyən bir Reynaldo söhbəti var ki, heç cür gedib axırına çıxa bilmirik. Bu braziliyalı futbolçunun problemi bir tuği-lənət olub keçib boğazımıza.
Bəribaşdan deyim ki, yanlış anlaşılmasın, Reynaldo beçərənin heç bir günahı-zadı yoxdu. Nəsə bir qələt də qarışdırmayıb. Adam qərarını verib, çəkilib durub bir kənarda, hadisələrin inkişaf(sızlığ)ını izləyir. İzləyir ki, görsün bu komediyanın axırı necə qurtaracaq.
Problemin kökündə isə iki tərəf var: Azərbaycan idman mətbuatı və AFFA-nın baş katibi Elxan Məmmədov. Hər iki tərəf ciddi-cəhdlə dirəşiblər. İki tərəf də hər iki ayağını bir başmağa dirəyib durublar ki, öldür, qəti bir addım geri atmarıq.
Deyəsən, çox uzatdım, hələ söhbətin mahiyyətindən agah eləməmişəm sizi. Əslində bilənlər bilir, bilməyənlərə də qısaca olaraq xatırladım. Təklif olunur ki, "Qarabağ"ın hücumçusu Reynaldo milliləşdirilərək Azərbaycan milli futbol komandasının heyətinə cəlb olunsun.
Həm Azərbaycan təcrübəsində, həm də dünya futbolunda belə hallarla tez-tez rastlaşdığımız üçün bu, o qədər də qeyri-adi bir istək deyil. Hətta futbolçu da yığmamızda oynamağa razıdı. Di gəl ki, AFFA-nın baş katibi Elxan Məmmədov daş atıb başını tutur, and-aman eləyir ki, bəs deməzsənmi, bu, qanuna uyğun hal deyil. Biz bu işdə maraqlı tərəf olsaq da, FİFA buna icazə verməz.
Siz Allah, o boyda baş katibin gətirdiyi bəhanəyə baxın. Reynaldonun Azərbaycanla heç bir qohumluq əlaqəsi, qan bağı yox imiş. Həm də Reynaldo da Silva adında da azərbaycanlı olmazmış. Mış-mış da, mış-mış yəni.
İngilis dilində sərbəst danışıb, bütün günü xarici səfərlərdə olmaqla deyil eee… Adam gərək uyduranda da elə bəhanə uydursun ki, heç olmasa qarşındakı adam "cəhənnəm əşşi" deyib, özünü başa düşmüş kimi göstərsin. Yoxsa ki, "üzə bilmirsən, ağaca niyə çıxmısan?" məntiqiylə gətirilən bəhanələr sizi ancaq gülüş obyektinə çevirə bilər.
Reynaldo adında azərbaycanlı olmazmış. Kişi düz deyir də, Andre Ladaqa hara, Reynaldo hara? Bax elə Branimir Subaşiç hara, Reynaldo hara? Reynaldo ha… Ada bax. Heç olmasa, Leandro Qomeş olardı da. Onda daha asan olardı bu prossesi həyata keçirmək. Ya da ki, məsələn, Volodimir Levin. Dmitri Nazarov da pis deyil belə baxanda. Bəh-bəh, mən hələ Kiyan Sultanpuru demirəm. Necə də təmiz, xalis, əsl türk, Azərbaycan adlarıdı. Lap belə Əhməd, Məmməd, Əli, Vəli kimi.
Zarafat bir yana, imkan düşən kimi Elxan müəllimə sual edəcəm ki, cənab baş katib, necə olur ki, yuxarıda adlarını sadaladığımız oyunçulara rahatlıqla pasport verib formanı əyinlərinə keçirə bilirsiz, ancaq iş Reynaldoya gələndə qabağınızdan "qara pişik keçir"? Vallah da, indi əyri oturaq, düz danışaq, olmazsa hamıya olmaz, olarsa hamıya olar.
Dəqiq xatırlamıram, təzəlikcə milliyə calaq olunan oyunçulardan hansınınsa Azərbaycanla nə əlaqəsinin olmasıyla maraqlananda həmkarlarımdan biri demişdi ki, deyilənə görə, onun nənəsinin Azərbaycanla nəsə əlaqəsi var. Gör haa, camaat nənəsinin hesabına gəlib millidə oynayır.
Bunu qoyub, ona gedəcəm. Ümumiyyətlə, bizim futbolda nənə teması bir az qəliz, vacib və həssas mövzudu. Bu söhbətə dəxli olmasa da, ağlıma gəldi, deyəcəm. Bir dəfə də futbolumuzda nənələrin köməyinə ehtiyac duyulmuşdu deyəsən. Dəqiq bilmirəm, babalı deyənlərin boynuna, guya ki, Kanalesi ikinci dəfə "Neftçi"yə qaytarmaq istəyəndə onu razı salmaq üçün nənəsinə müraciət ediblərmiş. Hətta adını çəkmək istəmədiyim bir tanış dedi ki, şəxsən özüm "facebook"da Nikolasın nənəsini tapıb bir xeyli minnət-zad eləmişdim. Hər halda, Kanales qayıtdı. İndi bilmirəm bu işdə nənənin barmağı oldumu, ya olmadımı? İstənilən halda, “neftçilər”in istədikləri oldu. Bəlkə də kəramət elə nənədəymiş.
Qayıdaq yenə Reynaldo məsələsinə. Əcnəbinin milliləşdirilməsi üçün mümkün variantlardan biri də onu yerli vətəndaşla evləndirməkdi. Bir dəfə bu barədə Elxan Məmmədova sual verəndə demişdi ki, camaatın ailəsini dağıtmayacağıq ki? Deməli, Reynaldo artıq evlidi. Tfu, bu variant da əldən çıxdı.
Yadıma yenə Kiyan Sultanpur, Dmitri Nazarov-zad düşdü. Kaş ki, Reynaldonun nənəsini də bizim məmləkətlə bağlayan nəsə olardı.
Dayanın e bir dəqiqə, ağlıma elə indicə bir sual gəldi: görəsən, Reynaldonun babası sağdı?




Fikirlərini bizimlə bölüş!